booked.net

“Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi yerli medianın inkişafı üçün yeni üfüqlər açır


Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

Respublikamızda “Media haqqında” Qanun layihəsində media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını həmçinin kütləvi informasiyanın əldə edilməsi, imzalanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları əksini tapıb. Mühüm ictimai-siyasi əhəmiyyətə malik 78 maddədən və 9 fəsildən ibarət bu sənəd medianın inkişafına xidmət edən önəmli təşəbbüsdür. Məqsəd isə daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, ölkənin prinsiplərinə, dövrün tələblərinə uyğunlaşdırılmasıdır.

Qanun layihəsində bir çox məsələlər əks olunur. Bunların sırasında müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqətçəkən məsələlər sırasındadır.

Media savadlılığının artırılması və media sahəsində çalışanlar üçün imtiyazların müəyyən edilməsi də qanun layihəsində yer alıb.
Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, sənədin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur.

Etiraf olunur ki, 1999-cu ildə qəbul olunmuş və bu günə kimi 79 dəfə dəyişdirilmiş və müasir çağırışlarla uzlaşmadığından “Kütləvi informasiya vasitələri haqqında” qanun artıq yeni reallığın tələblərinə cavab vermir. Bundan fərqli olaraq yeni qanun layihəsi isə media subyektlərinin dəqiq təsnifatını verməklə yanaşı, həm də jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.

“Media haqqında” qanun layihəsi onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaq.

Yeni qanun layihəsinin vahid reyestrin tətbiq edilməsini nəzərədə tutması da diqqətçəkən məqamdır. Bununla da ölkədə nə qədər KİV qurumunun, nə qədər jurnalistin fəaliyyət göstərdiyinə aydınlıq gətiriləcək. Deməli, ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanması da asanlaşacaq.

Mütəxəssislər hesab edirlər ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar.Yeni qanun layihəsi KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Belə hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib.

Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.

Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər.

Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsas olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.

Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaqdır.

“Media haqqında” qanun layihəsi yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф