booked.net

Prezident İlham Əliyev 2021-ci il 4 oktyabr tarixində Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi


Prezident İlham Əliyev 2021-ci il 4 oktyabr tarixində Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi
"Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu, Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi"
-Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı həmin görüşdə o unudulmaz anları belə xatırlayıb: "Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin"
Prezident İlham Əliyev görüş zamanı çıxışında regionda real praktiki əməkdaşlıq söz açarkən Türkiyə-Rusiya əməkdaşlığını regionumuzun sabitliyinin təminatçısı adlandırıb: "Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Biz açıq demişik ki, biz bunu dəstəkləyirik. Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni, artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. Yəni, bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir."
Prezident İlham Əliyevin Cəbrayılda verdiyi əsas mesajlardan biri də qarşıdakı 5 il ərzində yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzurun qurulması ilə bağlı idi. Biz hədəflərimizə doğru gedirik. Bu gün Azərbaycan bölgədə yeni reallıq yaratmaqla yanaşı, həm də bölgənin gündəmini özü müəyyən edir. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Əsas üstünlüklərdən biri də bizim bu reallıqları dünyaya qəbul etdirməyimizdir. Prezident İlham Əliyevin Suqovuşan və Talış kəndlərinə səfərinin ardınca “Böyük qayıdış”ımızın başlanğıcı olan Cəbrayıla səfəri və bu ərazilərdə istifadəyə verilən infrastruktur obyektləri bir daha təsdiqlədi ki, müharibədən ötən bir il ərzində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa və quruculuq işləri Azərbaycanın potensial gücünün göstəricisidir.
Vaxtilə ermənilərin təxribatçı məqsədlər üçün yol çəkdiyi Cəbrayılda bu torpaqların öz sahibləri yol çəkir, yeni və müasir infrastruktur qurur. Beş il əvvəl aprel döyüşləri zamanı Cocuq Mərcanlı ilə başlayan “Böyük qayıdış” uğurla reallaşmaqdadır. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Bir il əvvəl 44 gün davam edən savaşda ilk uğurumuzun da başlanğıcı Cəbrayıldan başlamışdı. Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu gün “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması ilə bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün yeni mərhələ başlayır.
Dövlətimizin başçısı bunun bir nümunəsi kimi regiona xarici investorların prosesə cəlb olunmasını qeyd etdi. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Türkiyə şirkətləri isə Zəngilanda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıb. Bu, onu deməyə əsas verir ki, Azərbaycan regionu investorlar üçün maraqlı bölgəyə çevirməkdədir. Hər yeni investisiya sosial-iqtisadi inkişaf deməkdir. Bu isə keçmiş məcburi köçkünlərimizin geri qayıtması və onların rifahının yaxşılaşmasına hesablanıb.
Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətilə görüşündə səslənən fikirlərdən bir daha aydın oldu ki, soydaşlarımızın öz ata-baba yurdunda rahat və təhlükəsiz yaşamaları üçün bütün zəruri addımlar atılır və atılacaq. Ali baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bütün görülən işlər insanlarımız üçündür. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф