booked.net

YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir


        Yeni Azərbaycan Partiyası ölkənin aparıcı avanqard siyasi təşkilatıdır və  ictimai-siyasi proseslərdə əsas rol oynayır. Bu partiya yarandığı gündən ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda vətəndaş cəmiyyətinin yaradılması, siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsi  işinə mühüm töhfələr vermişdir.  
        YAP bütün fəaliyyəti boyu müasir demokratik proseslərə uyğun yeniliklərə açıq olması ilə də cəmiyyətin diqqət mərkəzində olmuşdur. 2018-ci ildə YAP Sədri İlham Əliyevin növbəti dəfə xalqın yekdilliklə etimadını qazanaraq Prezident seçilməsindən sonra Azərbaycanda müasirləşmə və yeniləşmə siyasəti tamamilə yeni mərhələyə keçdi.  YAP ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının ahənginə uyğun aparılan yeni islahatların ayrılmaz tərkib hissəsinə çevrildi. Partiya son 3 ildə Azərbaycanın inkişaf şüarı olan “müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında bu gün də mühüm rol oynamaqdadır.  
            Ölkəmizdə baş verən köklü demokratik dəyişim, əhatəli, dönməz islahatların dərinləşməsi YAP-ın idarə edilməsində, partiya fəaliyyətinin yeni dövrə uyğun tənzimlənməsində daha çevik mexanizmlərin yaradılmasını,  struktur dəyişikliklərini labüd etdi. 
            Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini seçilməsi partiya həyatında böyük hadisə olmaqla, YAP-ın siyasi dinamikliyinin və nüfuzunun artmasında, ictimai proseslərə daha dərindən nüfuz etməsində, partiyanın ölkədə siyasi dialoqun möhkəmlənməsində rolunun yüksəlməsində, başqa ölkələrin siyasi təşkilatları ilə daha yüksək səviyyədə əlaqələrin qurulmasında mühüm rol oynayacaq.
           Partiyanın VII qurultayında qəbul olunan mühüm qərarlardan biri 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulmasıdır. Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur. Hakimiyyət siyasi partiyaların bir araya gəlməsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirməsi üçün zəruri olan bütün addımları atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. Vətən müharibəsində 50 siyasi partiya ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini, onun ətrafında sıx birləşdiklərini bildirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev partiyanın VII qurultayında bu məqama xüsusi diqqət yönəltdi: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub.”
             Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaratmaqla həm də onu göstərir ki, YAP-ın dəyərləri və məqsədləri universaldır, Azərbaycanın güclənməsini istəyən bütün siyasi qüvvələr onu eyni dərəcədə özlərininki saya bilirlər. Bu cür universallıq isə qarşıdakı dövrdə YAP-ın ölkədə gedən daxil siyasi proseslərdə əsas əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edəcək.
 Dövlətimizin başçısının da vurğuladığı kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Cənab İlham Əliyev qurultayda bu barədə demişdir: “Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur.”
           6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması, eyni zamanda, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki YAP-ın ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu kimi qərarlar Yeni Azərbaycan Partiyasına gündən-günə artan inamın, etimadın göstəricisidir və bütün bu illər ərzində tutduğu yola sadiqliyini sözdə deyil, əməldə sübut edib, xalqın partiyası imicini daha da möhkəmləndirib. 
            Son illərin uğurlarından bəhs edərkən Yeni Azərbaycan Partiasının 2019-cu ildə ölkədə həyata keçirilən islahatlardan qanunverici orqanın da kənarda qalmaması, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsini xüsusi qeyd etməliyik. Məhz bu təşəbbüs əsasında 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Diqqət çəkən əsas məqamlardan biri yeni parlamentin formalaşmasında siyasi sistemin təkmilləşməsinə xidmət edən addım kimi müxalifət partiyalarının nümayəndələrinin də Milli Məclisin rəhbərliyində, komitələrə sədrlikdə təmsil olunmasıdır. Bu, bir daha dövlətimizin siyasi partiyalar arasında birliyin, həmrəyliyin, siyasi dialoqun tərəfdarı olmasının bariz nümunəsidir. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da bu məqsədə xidmət edir. Bu baxımdan siyasi partiyaların rəhbərləri ilə mütəmadi keçirilən görüşlər, günümüzün əsas məsələləri ətrafında aparılan müzakirələr, ümumi mövqenin ortaya qoyulması və sair təqdir olunan məqamlardandır.
            Qurultayda YAP-ın sədri partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı. Çünki artıq reallıq dəyişib. Vətən müharibəsindəki qələbəbən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. İndi ciddi siyasi qüvvə onlara köklənməlidir. Hakimiyyət xarici siyasətdə Azərbaycanı mübarizə yox, regional əməkdaşlıq mərkəzinə çevirdiyi kimi, daxili siyasətdə də qarşıdurma yox, əməkdaşlıq mühiti yaratmaq isəyir.
            Partiyanın ötən qurultayından keçən 3 il ərzində Azərbaycan misilsiz uğurlara nail oldu, ölkəmizin əsas problemi olan Qarabağ məsələsini öz gücü və iradəsi ilə həll etdi. Erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu illər ərzində yetişən milli vətənpərvər gənclik Azərbaycanın milli maraqlarının qorunmasında, dövlətçiliyimizin möhkəmlənməsində və inkişafında xüsusi rol oynadı. Bu illər ərzində yeni nəsil hərbçilərimiz yetişdi və Cənab Prezidentin vurğuladığı kimi, - bu nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi.
           Hazırda ölkəmizdə yeni ictimai münasibətlər, siyasi vəziyyət formalaşır. Azərbaycanın milli maraqlarının möhkəmlənməsi fonunda siyasi həmrəylik də güclənir. Cənab İlham Əliyev bəyan etdi:  “Yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”. 
            Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayının keçirilməsini zəruri edən  səbəblərdən geniş bəhs edərkən onu da bildirdi ki, Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də ölkəmizin təşəbbüsləri ilə  reallaşan  layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar bölgədə uzunmüddətli sülhün, təhlükəsizliyin təmin edilməsi üçün önəmli şərtlər formalaşdırıb və  yeni əməkdaşlıq imkanlarını genişləndirir. Bütün sahələrdə yeni mərhələnin əsası qoyulub. Xüsusən də Azərbaycan-Türkiyə münasibətləri getdikcə daha da inkişaf etməkdədir. Ölkələrimiz arasındakı qaşılıqlı anlaşma, səmimiyyət  hər iki  dövlətin beynəlxalq miqysada gücünə güc qatır, inkişafına böyük təkan verir. 
           Xatırladaq ki, Azərbaycanda təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi ölkənin ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdu. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması həmin partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdu.
            İndi Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф