booked.net

Şəhidlərin xatirəsi şamaxılıların qəlbində əbədi yaşayacaq


Şəhidlərin xatirəsi şamaxılıların qəlbində əbədi yaşayacaq

Bu gün Şamaxıda torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qurban gedən şəhidlərimizin xatirəsi hörmətlə anılıb.
Hər yerdə - idarə və müəssisələrdə, küçə və parklarda, ticarət və iaşə obyektlərində, insanların, necə deyərlər, bir gözündə fərəh, bir gözündə kədər var idi. Sevinc 30 ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Qarabağımızın cəmi 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi ilə yaşanan Qələbənin nəticəsi idi. Kədər isə vətənimizin azadlığı uğrunda canından keçən və əbədiyyətə qovuşan 2783 nəfər şəhidimizin qəlblərdə yaşatdığı acı idi. Şəhidlərimizin 42 nəfəri də məhz Şamaxıdan idi və onların xeyli hissəsi Vətən müharibəsinə könüllü olaraq getmişdi.
Saat 12:00-da bütün rayon, o cümlədən Şamaxı şəhəri bir dəqiqəlik sükuta qərq olmuşdur. Hamı əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Qafqazın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidində də şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Müsahibə zamanı Məscidin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev  ermənilərin tarixən Azərbaycan xalqına qarşı etdikləri soyqırımları xatırladaraq deyib: “Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasəti, xüsusilə İrəvan, Qarabağ, Bakı, Quba, Şamaxı və digər bölgələrimizdə dəhşətli faciələr yaşadıb. 1918-ci il hadisələri zamanı Şamaxıda 20 min nəfərdən çox insan qətlə yetirilib. Mövcud olan 12 məscidin hamısı yandırılıb. Təkcə məscidlərdə 2 min nəfərə yaxın insan, o cümlədən din xadimləri öldürülüb”. İmam Mərəhmət Mustafayev o vaxt məscidlərə sığınan insanların diri-diri yandırıldığını diqqətə çatdırıb və təəssüflə bildirib ki, məhz ermənilər tərəfindən yandırılan Şamaxı arxivində 1918-ci il hadisələrinə dair xeyli qiymətli məlumatlar olub.
“Erməni vandalizmi bu gün də davam etməkdədir. Təkcə son 30 ildə Qarabağımızda olan 67 məscid vəhşicəsinə dağıdılıb”, - deyə Mərəhmət Mustafayev qeyd edib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф