booked.net

Sizinlə qürur duyuruq! -Onlar yanvar ayında dünyaya göz açmışdılar.


Sizinlə qürur duyuruq!
-Onlar yanvar ayında dünyaya göz açmışdılar.
Elə bir ömür yaşadılar ki, əməllərilə bir elin iftixar, and yeri oldular. Qədim Şamaxı torpağında dünyaya göz açan bu insanlar Vətən dediyimiz müqəddəs torpağa sonsuz sevgilərini ürəklərində məşələ döndərməklə qalmadılar, onun azadlığı, bütövlüyü, müstəqilliyi uğrunda çarpışdılar, vuruşdular. Canlarından keçdilər, Vətəndən keçmədilər!
-Onların məkanı ucada- Şəhidlik zirvəsindədir!
                                               
                                                                        Ağayev Qabil Qaybalı oğlu
                
Ağayev Qabil Qaybalı oğlu 1969-cu il yanvarın 9-da Şamaxı rayonunun Həmyəli kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndində aldıqdan sonra həqiqi hərbi xidmətini 1986-1988-ci illərdə Sovet ordusu sıralarında keçmişdi.
Peşəkar hərbçi idi. Tovuz rayonunun düşmənlə təmas xəttinin ən yaxın məsafəsində yerləşən Əlibəyli kəndinin müdafiəsini təmin edən
"N" saylı hərbi hissədə xidmət edirdi. O, düşmən təxribatının qarşısının alınmasında dəfələrlə xüsusi sayıqlıq və fədakarlıq göstərmişdi.
Ağayev Qabil Qaybalı oğlu 1999-cu il fevralın 1-də erməni hərbçilərinin növbəti təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olub.
Şəhidimiz doğulduğu Həmyəli kəndində yaylım atəşinin sədaları altında torpağa tapşırılıb. Vətən sağ olsun!


                                                                     Əliyev Elman Əfqan oğlu


Əliyev Elman Əfqan oğlu 1974-cü il yanvarın 20-də Şamaxı şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra təhsilini Şamaxı Peşə Məktəbində davam etdirmiş, sevdiyi dülgərlik peşəsinə yiyələnmişdi.
1990-cı il qanlı 20 Yanvar faciəsi, torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğalı, yurd yerlərimizin talan edilib, viran qoyulması gənc yaşıdlarının çoxu kimi onun da qəlbində hərbçi olmaq arzusunu oyatdı. Qarabağa gedib, torpaqlarımızın müdafiəsinə qalxacağına, şəhidlərimizin qisasını alacağına and içdi.
Əliyev Elman Əfqan oğlu Qarabağda ağır döyüşlərdə iştirak edib. 1992-ci il oktyabr ayının 3-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Məzarı Şamaxı Şəhidlər Xiyabanındadır.


                                                               Qəhrəmanov Ağadur Sabir oğlu



Qəhrəmanov Ağadur Sabir oğlu 1965-ci il yanvarın 1-də Şamaxı rayonunun Talışnuru kəndində dünyaya göz açmışdı. 1972-1980-ci illərdə Talışnuru kənd orta məktəbində oxumuş, orta təhsilini 1981-1982-ci illərdə rayonun Hacılı kəndində tamamlamışdı. Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdi. Daha sonra doğma kəndi Talışnura qayıdan Qəhrəman torpaqlarımızın ermənilər tərəfindən qəsb edilməsinə dözməyərək igid Vətən oğullarının yaratdığı könüllülər dəstələrindən
birinə qoşulmuşdu. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə ad çıxarmışdı.
Qəhrəmanov Ağadur Sabir oğlu 1994-cü il mayın 7-də yaralanan cəsur döyüşçü mayın 8-də şəhid olub. Məzarı Talışnuru kənd qəbrstanlığındadır.


                                                              Qürbətov Düldül İslam oğlu






Qürbətov Düldül İslam oğlu 1976-cı il yanvarın 9-da Şamaxının Qaravəlli kəndində anadan olmuşdu. Orta təhsilini kənd tam orta məktəbində almışdı.
1994-cü ildə həqiqi hərbi xidmətə çağırılan Qürbətov Düldül Tərtər, Ağdam və Ağdərə bölgələrində gedən döyüşlərdə əsl qəhrəman kimi özünü göstərmişdi.
Düldül məzuniyyətə gələndə onunla görüşə gələn doğmalarına, qohum-qonşulara "Vətən əldən gedir. Azərbaycanın bölünməz hissəsi olan Dağlıq Qarabağ alov içində yanır. Düşmənlər torpaqlarımıza divan tutur" deyə için-için qovrulurmuş.
Qürbətov Düldül İslam oğlu 1997-ci il ad günündən bir gün sonra- yanvarın 10-da şəhid olub. Xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları Düldülün cənazəsini böyüyüb boya- başa çatdığı Qaravəlli torpaqında dəfn ediblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф