booked.net

"...BİLİRDİM Kİ GƏLƏCƏKSƏN" REPORTAJ


...Ötən ilin təqvimində son gün. Nə qədər kövrək səslənsə belə, hər yaşanan gün sabaha körpüdür. Bir də hər ilin son günü insan övladını sanki hesabat verməyə çağırır. Bax, bu yerdə sözdən çox əməl göz önünə gəlir.
Şamaxı camaatı ötən ilin əvvəlini nə qədər də xatırlamaq istəməsələr belə, o günün ağrılı, təlaşlı, həm də fəlakəti də özü ilə bərabər gətirən zəlzələnin törətdiyi fəsadları yaddan çıxara bilmirlər.

...Budur, o vaxtdan az qala bir il keçir. Təbii fəlakətin aradan qaldırılması üçün dövlətimizin başçısı cənab İlham Əliyevin diqqəti və göstərişi əsasında həyata keçirilən geniş tədbirlər sayəsində zəlzələnin ağrıları tarixin yaddaşına qovuşmaqdadır.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dekabrın 31-də şəhər sakinlərindən bir qrupu ilə görüşdü. Maraq doğuran, ən əvvəl bu idi ki, həmin sakinlər ötən ilin fevralında baş verən zəlzələdən evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar idi. İkincisi isə, həmin görüş Şamaxı şəhərinin mərkəzində onlar üçün inşa edilmiş çoxmənzilli binalarda keçirilməsi idi.

İcra başçısının onlara təşrif buyurması sakinlərə o qədər də gözlənilməz hadisə təsiri bağışlamır. Çünki rayon rəhbəri onlarla tez-tez görüşür və qayğıları ilə müntəzəm olaraq maraqlanır, gərəkli köməyini əsirgəmir.

Hörmətli qonağın gəlişi səmimiyyətlə qarşılanır. RİH başçısı yeni mənzillərin sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir. Onlara ən xoş arzularını yetirir. Hamı təbrikdən məmnun qalır, hər kəs razılıq edir, təşəkkürünü bildirir.

Ələkbərov Xalıq:  "Bayramı yeni mənzilimizdə qarşılayacağıq. Eə bil dünyanı mənə bağışlayıblar. Sevincimi izah etməyə söz tapmıram. O dar gündə köməyimizə yetişən, hadisənin ilk anlarından bizə mənəvi və maddi kömək olan Cənab Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəmiz adından "çox sağ olun" deyirəm. Sizdə sağ olun, Tahir müəllim. Bütün bu ağrılı, çətin günlərdə bizi bir gün də olsun ümüdsiz buraxmadınız.

Rayonun icra başçısı yeni mənzillərdə sakinlərin şəraiti ilə tanış olmaqla bərabər, bu dəfə də ehtiyacları, qayğıları ilə də maraqlanır.
Sakinlər rayon rəhbərinin bu əziz bayram günündə onlara baş çəkməsini bir daha minnətdarlıqla ürək sözlərində ifadə edirlər.

Xudaverdiyev Tehran:  "Şükür bugünkü günə. Zəlzələ baş verəndə hər şeydən əlim üzülmüşdü. Evimiz yaşanılmaz hala düşmüşdü. Deyirdim, görəsən, axırımız necə olacaq... Sağ olsun dövlətimiz,- bizə arxa, dayaq durdu. Qısa vaxtda zəlzələnin dağıtdığı evlərin bütün sakinlərinə yeni bina tikildi. Hər şəraitimiz də var."

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sakinlərlə görüşdə o ağır günlərin artıq arxada qaldığını deyir. Xatırladır ki, ölkə başçısı təbii fəlakətin baş verdiyi günlərdə bütün işlərini təxirə salıb təcili Şamaxı sakinləri ilə görüşə gəldi, zəlzələnin törətdiyi fəsadları yerindəcə araşdırıb, aidiyyəti orqanlara vacib tapşırıqlar verdi.

-Bu, bir daha göstərdi ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır.

...Həmin görüş yenidən mənim də gözlərim önündə canlandı. Yadımdadır ki, Prezident İlham Əliyevi təbii fəlakətin törətdiyi fəsadların daha çox qeydə alındığı Şamaxı rayonunda sakinlər necə böyük ümid, coşqu ilə qarşıladılar. Dövlətimizin başçısının zəlzələdən zərər çəkən tikililərə baxış keçirməsi, həmin vaxt sakinlərlə olan səmimi söhbətləri hər bir Şamaxı sakinin indi də xatirindədir.

Şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nomrəli evdə olan prezidentə məlumat verildi ki, ikimərtəbəli 5 otaqlı evin 2 otağı tamamilə dağılıb və ev qəzalı vəziyyətə düşüb. Ev sahibi olan yaşlı qadın dövlət başçısına təşəkkürünü bildirib, əlini öpmək istəsə də, İlham Əliyevin buna imkan vermədiyi, əyilərək qadının əllərindən özü öpməsi prezidentimizin hümanistliyinin,
 xeyirxahlığının, milli dəyərlərimizə dərin ehtiramının ifadəsi idi.

Həmin görüşdə cənab Prezidentin sakinlərə verdiyi, o zaman böyük çətinliklərlə üz-üzə qalmış sakinlərə hava və su qədər qiymətli olan sözləri də yadımdadır: “Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək”.

Dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam da imzaladı. Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrıldı.

Prezidentin göstərişindən dərhal sonra təmir-bərpa işlərinə başlanıldı. İlk günlərdə on komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyirdi. İşlərin sürətləndirilməsi üçün daha sonra komissiyaların sayı artırıldı.
Sakinlərlə görüş zamanı dövlət başçısı Şamaxıya tez-tez səfər etdiyini, dövlət əhəmiyyətli obyektlərin, infrastruktur layihələrinin açılışında iştirak etdiyini diqqətə çatdıraraq qeyd etmişdi ki, rayonun inkişafı diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Real televiziyasına verdiyi geniş müsahibəsində zəlzələdən zərər çəkmiş Şamaxı sakinlərinin sabaha inamını bir daha xatırladı.
Ölkəmizin başçısı 92 yaşlı Saray nənənin timsalında Azərbaycan vətəndaşının nikbinliyini qürur hissilə qeyd etdi: "Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq. Sözün düzü, mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözün düzü, yəqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq. Ona görə bu görüş məndə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı. Ümid edirəm ki, tezliklə Saray nənə ilə bir daha görüşəcəyəm və onun yeni evinin açarını ona təqdim edəcəyəm".

Bir ay yenicə ötmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırlıması ilə bağlı görülən işlərlə tanışılıq məqsədi ilə Şamaxıda səfərdə oldular. Onların ilk baş çəkdikləri ünvan Salman Mümtaz küçəsindəki Rasim Həsənova məxsus yeni inşa olunmuş ev oldu- Saray nənəgilin evi.
O görüş yalnız Şamaxıda deyil, ölkəmizin hər guşəsində dillərə düşdü:

Saray nənə: "Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz."

Birinci xanım Mehriban Əliyeva: "Necə ola bilərdi ki, gəlməyək."

Həmin görüşdə Saray nənənin bir sözü də uzun zaman danışıldı: "Mən Allaha inandığım kimi bilirdim ki, gələcəksən."- Bu, sadə bir vətəndaşın öz Prezidentinə böyük inamının, sonsuz hörmət və ehtiramının ifadəsi idi.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 2019-cu il fevral ayında baş vermiş zəlzələdən evləri qəzalı vəziyyətə
düşmüş vətəndaşlar üçün Şamaxı şəhərinin mərkəzində inşa edilmiş çoxmənzilli binaların sakinlərilə görüş belə səmimi söhbətlərlə zəngin oldu. Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə, vətəndaşlarımızın bundan da gözəl gələcəyinə inam ifadə olundu. Bildirildi ki, bu inkişafın hərəkətverici qüvvəsi dövlətlə xalqın sarsılmaz birliyidir.

Könül Məmmədova "Şirvan.az"


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф