Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və maarif xadimi Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim...” adlı respublika elmi konfransı keçirilib.
Konfrasın açılışından öncə Seyid Əzim Şirvaninin Şamaxı rayonunda yerləşən məzarı ziyarət edilib. Ziyarət zamanı böyük şairin məzarı önünə tər güllər düzülərək həyatı və yaradıcılığı dərin ehtiramla yad olunub.
Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət mərkəzində keçirilən tədbirin açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Azərbaycan Yazıçıları Birliyinin dəyərli şair və yazarları, konfransda məqalə ilə çıxış edəcək alim və tədqiqatçılar, Şamaxı təhsil və ictimaiyyət nümayəndələri, ADPU-nun Şamaxı filialının kollektivi, məzunları və tələbələri iştirak edib.
Konfransda çıxış edənlər Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatında və maarifçiliyində tutduğu mühüm yerə diqqət çəkərək, onun zəngin yaradıcılığı, xalqın maariflənməsi naminə göstərdiyi fəaliyyət və müasir dövr üçün aktuallığını vurğulayıblar.
Açılış mərasimi Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının və ADPU-nun Şamaxı filialının tələbələrinin ifasında Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət kompozisiya ilə davam etdirilib. Kompozisiya böyük maraqla qarşılanıb.
Konfrans öz işini 6 bölmədə ümumilikdə 200-dən artıq məqalə sayı ilə ADPU-nun Şamaxı filialında davam etdirib. Tədqiqatçılar Seyid Əzim Şirvaninin poeziyası, pedaqoji baxışları, ədəbi mühiti və dövrünün ictimai-siyasi prosesləri ilə bağlı araşdırmalarla yanaşı digər aktual mövzuları da təqdim ediblər.







