booked.net

Azərbaycan-Misir münasibətlərində yeni inkişaf dövrü başlayır


Misir Ərəb Respublikası Afrika qitəsinin və İslam dünyasının nüfuzlu ölkələrindəndir. Azərbaycan Misir dövlətlərarasında əlaqələrin inkişafının əsasında isə Ümummilli  Lider Heydər Əliyevin 1994-cü ildə Qahirəyə rəsmi səfəri dayanıb.
 2007-ci ildən Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində isə iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, elm və texnologiyalar sahələrini əhatə edən 12 saziş imzalanıb. 
Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyən bu ölkə ilə əlaqələr uğurla davam edir.

“AZƏRBAYCAN VƏ MİSİR BEYNƏLXALQ TƏŞKİLATLAR ÇƏRÇİVƏSİNDƏ FƏAL ƏMƏKDAŞLIQ EDİR”
Prezident İlham Əliyevin cari ilin 8 iyunun tarixində Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla çıxış edərək vurğulayıb ki, Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Dövlət başçısı bildirib ki, keçən il biz Prezident Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm: “Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin”.
Səfər çərçivəsində qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb. O cümlədən inşaat, nəqliyyat, əzcaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələlərinə də diqqət yetirilib. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb: “Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır”.

“TİCARƏT DÖVRİYYƏSİ BİR NEÇƏ DƏFƏ ARTIB”
Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. “İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb”,-deyə vurğulayan dövlət başçısı bildirib ki, ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək: “Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq”

“MİSİRİN DƏSTƏYİ İLƏ AZƏRBAYCAN DÖRD İL ƏRZİNDƏ QOŞULMAMA HƏRƏKATINA SƏDRLİK ETMİŞDİR”
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib, bu xüsusda Qoşulmama Hərakatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyini vurğulayıb. “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk”,- deyə qeyd edən Prezident İlham Əliyev bildirib ki,  Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. 
Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur. “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”.

“AZƏRBAYCAN KEÇƏN İLİN SENTYABR AYINDA ÖZ DÖVLƏT SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ TAM BƏRPA ETMİŞDİR”
“Biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik”, deyən Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. “Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk”.
 Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.
Xüsusi olaraq qeyd edək ki, 2020-ci ildə tarixi Zəfərinə qovuşan Azərbaycan üç il sonra-2023-ildə ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi. Aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz təmin olundu. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başladı. Daha bir Zəfərə imza atan Azərbaycan Qazax rayonunun işğal altındakı 4 kəndinin geri qaytarılmasına nail oldu. “Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”,-deyə dövlət başçısı bildirib.

“...BİZ ƏMƏKDAŞLIQ İSTİQAMƏTİNDƏ NÖVBƏTİ ÖNƏMLİ ADDIM ATACAĞIQ”
Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması da vurğulanıb. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də  təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmli olduğunu diqqətə çəkib. Eyni zamanda iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının keçirilməsi qərara alınıb ki, iqtisadi-ticari sahədə əlaqələr daha da inkişaf etsin.”Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq”-deyə Prezident İlham Əliyev bildirib.


AZƏRBAYCAN-MİSİR ARASINDA  İMZALANAN SƏNƏDLƏR ƏMƏKDAŞLIĞIN DƏRİNLƏŞMƏSİ ÜÇÜN HÜQUQİ BAZANI DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

AZƏRBAYCAN-MİSİR ƏLAQƏLƏRİNİN TARİXİNƏ QISA BAXIŞ
Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir;
Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib;
Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb;
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir; 
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф