booked.net

Azərbaycanın mövqeyi: birlik, yaddaş və sülh gündəliyi


Bakıda keçirilən mühüm beynəlxalq tədbirlər Azərbaycanın yalnız siyasi deyil, həm də mədəni və mənəvi baxımdan müxtəlif coğrafiyaları bir araya gətirən ölkə kimi rolunu diqqətə çıxarır. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bir tərəfdə Türk dünyasının və İslam aləminin dini liderlərini bir araya gətirən toplantı, digər tərəfdə Azərbaycanın çoxəsrlik mənəvi-intellektual irsinin görkəmli nümayəndəsi Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq konfrans. Bu iki istiqamətin Bakıda bir araya gəlməsi Azərbaycanın tarix, mədəniyyət, din və sivilizasiyalararası dialoq sahəsindəki imkanlarını diqqətə çatdıran mühüm hadisədir.
Prezident İlham Əliyev nümayəndə heyətinin üzvləri ilə görüşündə bu məsələlərə toxunaraq Azərbaycanın tarixi-mədəni irsi, Türk dünyası ilə əlaqələri, İslam həmrəyliyinə verdiyi önəm, Qarabağda aparılan bərpa-quruculuq işləri və regionda sülhün qorunması kimi mövzular barədə fikirlərini bildirib.

Tarixin yaddaşında yaşayan böyük adlar
Azərbaycan tarixini yalnız siyasi hadisələrlə təsəvvür etmək mümkün deyil. Ölkənin tarixi həm də elm, ədəbiyyat, fəlsəfə, incəsənət və mənəviyyat sahəsində yetişmiş böyük şəxsiyyətlərin yaratdığı zəngin irslə ölçülür.
Seyid Yəhya Bakuvi də bu mənəvi xəzinənin mühüm simalarından biridir. XV əsrdə yaşamış böyük mütəfəkkirin irsinə həsr olunmuş beynəlxalq konfransın müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə keçirilməsi onun irsinin müasir dövrdə də öyrənilməsinə və təbliğinə diqqəti artırır. Konfransın keçirilməsi ilə bağlı məlumatlarda da Bakuvi irsinin elmi, fəlsəfi və mənəvi aspektlərinin müzakirə edildiyi bildirilir.
Dövlət başçısı çıxışında Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin adlarını xüsusi olaraq xatırladıb. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin hər birinin özünəməxsus yaradıcılıq və düşüncə dünyası yaratdığı vurğulanıb. Bu irsin Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olduğu diqqətə çatdırılıb.
Böyük şəxsiyyətlərin irsinin yaşadılması yalnız keçmişi xatırlamaq deyil. Bu, həm də gələcək nəsillərə milli-mədəni yaddaşın və mənəvi dəyərlərin ötürülməsi deməkdir. Bu baxımdan Seyid Yəhya Bakuvinin irsinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması Azərbaycanın zəngin mədəni irsinin daha geniş auditoriyaya təqdim edilməsi baxımından əhəmiyyətlidir.
Prezidentin çıxışında belə konfransların gələcəkdə ənənəvi tədbirə çevrilməsi, hər il və ya iki ildən bir keçirilməsi ideyası da səsləndirilib. Bu təşəbbüsün məqsədi belə toplantıların fikir mübadiləsi, elmi müzakirə və əməkdaşlıq üçün davamlı platformaya çevrilməsidir.
Bu cür tədbirlər Azərbaycanın tarixinin, mədəniyyətinin və mənəvi irsinin beynəlxalq elmi və ictimai mühitdə tanıdılması üçün əlavə imkanlar yaradır.

Türk dünyası və İslam həmrəyliyi – ortaq dəyərlərin ünvanı
Bakıda keçirilən toplantının mühüm istiqamətlərindən biri Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələsidir.
Azərbaycan həm Türk dünyası, həm də Qafqaz coğrafiyası ilə sıx tarixi və mədəni əlaqələrə malikdir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu coğrafiyaların kəsişməsində yerləşməsinə və tarixi əlaqələrinə diqqət çəkib. Qafqaz Albaniyasının qədim dövlətçilik tarixindən Atabəylər dövrünə qədər uzanan nümunələr Azərbaycanın regionun tarixində mühüm yer tutduğunu göstərən faktlar kimi təqdim olunub.
Bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatında iştirakı da həmin tarixi və mədəni əlaqələrin müasir müstəvidə davamı kimi nəzərdən keçirilir. Eyni zamanda, İslam dünyası ilə əlaqələr Azərbaycanın beynəlxalq münasibətlərində mühüm istiqamətlərdən biridir.
Dini liderlərin Bakıda bir araya gəlməsi yalnız dini məsələlərin müzakirəsi ilə məhdudlaşmır. Belə görüşlər müxtəlif ölkələrin və xalqların nümayəndələri arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını genişləndirir.
Prezidentin çıxışında dini liderlərin müsəlman icmaları üçün xüsusi təsir imkanlarına malik olduğu vurğulanıb. Sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa çağırışların cəmiyyətlərdə sülh mühitinin möhkəmlənməsinə xidmət edə biləcəyi qeyd olunub.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı addımlardan biri kimi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da xatırladılıb. Tədbər Prezidentin çıxışında yalnız idman yarışı kimi deyil, birlik və həmrəylik ideyasını ifadə edən mühüm hadisə kimi təqdim olunub.
Çıxışda qarşıdakı dövr üçün də mühüm tədbirlərin nəzərdə tutulduğu bildirilib. Belə ki, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi planlaşdırılır. Prezident Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa və dialoqa yönəlmiş mövqeyini qeyd edib.
Beləliklə, Bakıda keçirilən toplantılar Türk dünyası və İslam aləmi arasında əlaqələrin inkişafı, dini liderlər arasında dialoqun genişləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi baxımından diqqət çəkən platforma kimi çıxış edir.

Qarabağ: yaddaşdan dirçəlişə
Nümayəndə heyətinin Qarabağa səfəri görüşün diqqətçəkən məqamlarından biridir.
Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcək qonaqlar bölgənin keçmişi və bu günü ilə yerində tanış olmaq imkanı əldə edəcəklər. Səfərin məqsədlərindən biri işğal dövrünün nəticələrinin, digər tərəfdən isə hazırda həyata keçirilən bərpa və quruculuq işlərinin nümayəndə heyətinin üzvlərinə göstərilməsidir.
Prezident İlham Əliyev çıxışında uzunmüddətli işğal dövrünün nəticələrindən, şəhər və kəndlərin dağıdılmasından, insanların doğma torpaqlarından didərgin düşməsindən və dini-mədəni abidələrə vurulmuş ziyandan danışıb.
Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq prosesi davam edir. Böyük Qayıdış Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıdışı həyata keçirilir.
Prezidentin çıxışında artıq 48 şəhər və kənddə insanların yaşadığı, işlədiyi və təhsil aldığı, bölgədə 90 mindən çox insanın məskunlaşdığı bildirilib.
Bu rəqəmlərin arxasında ayrı-ayrı ailələrin doğma torpaqlarına qayıdışı, yaşayış məntəqələrinin yenidən qurulması və sosial həyatın bərpası dayanır. Qarabağın yenidən məskunlaşdırılması yalnız tikinti prosesindən ibarət deyil; burada insanların gündəlik həyatının, sosial və iqtisadi fəaliyyətinin bərpası da əsas istiqamətlərdəndir.
Dini və mədəni irsin bərpası da bu prosesin mühüm hissəsidir. Ağdam məscidinin bərpası bu baxımdan xüsusi yer tutur. Prezidentin çıxışında 2021-ci ildən etibarən bərpa işlərinə başlanıldığı və artıq 12 məscidin bərpa edilərək yenidən qurulduğu bildirilib.
Qarabağın bərpası ilə bağlı prosesdə tarixi yaddaş məsələsi də önə çəkilir. Prezident çıxışında Azərbaycan-Ermənistan arasında sülh prosesindən danışaraq sülhün qorunmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, keçmişdə baş vermiş hadisələrin yaddaşda saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti qeyd olunub.
Bu yanaşmada sülh və yaddaş bir-birinə zidd anlayışlar kimi deyil, gələcəyə baxışın iki mühüm istiqaməti kimi təqdim olunur. Qarabağa səfər edəcək nümayəndə heyətinin həm bölgədəki dağıntılarla, həm də aparılan quruculuq işləri ilə tanış olması da bu kontekstdə xüsusi məna daşıyır.

Sülhün dili, gələcəyin məsuliyyəti
Bugünkü dünyanın mürəkkəb mənzərəsi fonunda sülh məsələsi xüsusi əhəmiyyət daşıyır. Müxtəlif regionlarda qarşıdurmaların davam etdiyi şəraitdə sülhün qorunması dövlətlər, xalqlar və beynəlxalq təşkilatlar qarşısında duran mühüm məsələlərdən biri olaraq qalır.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının və Qafqazın sülh şəraitində saxlanılması üçün bütün tərəflərin səylər göstərməsinin vacibliyi vurğulanıb.
Çıxışın mühüm hissələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı fikirlərdir. Prezident Azərbaycan xalqının birlik nümayiş etdirərək bu məqsədə nail olduğunu bildirib, şəhidlərin və müharibə iştirakçılarının fədakarlığını xüsusi qeyd edib.
Eyni zamanda, müharibədən sonrakı mərhələdə sülh gündəliyinin önə çəkilməsi də çıxışın əsas istiqamətlərindən biri olub. Azərbaycan-Ermənistan arasında sülh prosesinin davam etdiyi və sülhün təmin olunmasının region üçün əhəmiyyət daşıdığı vurğulanıb.
Bu prosesdə dini liderlərin də özünəməxsus rolu ola bilər. Din xadimlərinin sülh, mərhəmət, qarşılıqlı hörmət və əməkdaşlıqla bağlı mesajları müxtəlif cəmiyyətlər arasında dialoqun inkişafına mənəvi dəstək verə bilər. Prezidentin çıxışında da dini liderlərin sülh və əməkdaşlıq çağırışlarının əhəmiyyəti xüsusi qeyd olunub.
Bakıda keçirilən toplantıların gündəliyi beləliklə, yalnız bir neçə günlük tədbirlə məhdudlaşmır. Burada müzakirə olunan məsələlər Türk dünyası, İslam aləmi və Qafqaz arasında əlaqələrin inkişafı, mədəni irsin qorunması, dini-mənəvi dəyərlərin yaşadılması və sülhün möhkəmləndirilməsi kimi daha geniş istiqamətləri əhatə edir.
Seyid Yəhya Bakuvinin irsindən Qarabağın bərpasına, Türk dünyasından İslam həmrəyliyinə, tarixi yaddaşdan sülh gündəliyinə qədər uzanan mövzuların ortaq məntiqi var. Bu məntiq tarixə münasibət, mədəni irsin qorunması, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi və gələcək nəsillər qarşısında məsuliyyət anlayışlarında ifadə olunur.
Bakıda keçirilən görüşlər və səslənən fikirlər göstərir ki, tarixi-mədəni irsin qorunması, Türk və İslam dünyası arasında əlaqələrin möhkəmləndirilməsi və regionda davamlı sülhün təşviqi bir-biri ilə əlaqəli istiqamətlərdir. Bu istiqamətlər üzrə dialoqun davam etdirilməsi isə yalnız ayrı-ayrı tədbirlərin deyil, daha uzunmüddətli əməkdaşlığın əsasını təşkil edə bilər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф