booked.net

Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Azərbaycanda artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Azərbaycan  buna çalışır və hesab edirik ki, başqa alternativ yoxdur, bu fikirləri MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasıın 53-cü iclasıının iştirakçılarını qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Son həftə hadisələrin baş verməsinin xüsusilə Qərb mediasında birtərəfli ,qərəzli və bügünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu bildirib. “Dağlıq Qarabaq” adlı qurumun tarixdə heç vaxt mövcud olmadığını vurğulayan dövlət başçısı tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

“Cənubu Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O nə üçün yaradıldı? Çünki XIX əsrin həmin sənədlərindən sonra erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, ola bilər ki, daha hansısa səbəblərdən sovet hakimiyyəti, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini, hətta respublika deyil, Azərbaycan SSR-in tərkibində vilayət yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.
Hamımız 1980-ci illərin sonunda Sovet İttifaqına kimin başçılıq etdiyini xatırlayırıq və təbii ki, başqa nə isə gözləmək mümkün deyildi”.

Tarixi ardıcıllığı ən incə detalına qədər qeyd edən Prezident İlham Əliyevin sözlərinə görə, bütün bunlar ona gətirib çıxartdı ki, Azərbaycan ərazisinin təxminən 20 faizi, həm Qarabaq bölgəsi, həm keçmiş  Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edildi. Etnik təmizləmə həyata keçirildi. Bir milyondan azərbaycanlı öz dogma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə qaldı. Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsada,nəticəsiz qaldı.

“Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Yeri gəlmişkən, bu münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Bu münaqişənin timsalında biz həm də Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilməməsinin şahidi olduq. Belə ki, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Biz uzun müddət gözlədik, bizim ümidlərimiz var idi. Mən 2004-cü ildən müxtəlif mərhələlərdə danışıqlarda iştirak etdim, lakin təəssüf ki, 2019-cu ildə bütün ümidlər puça çıxdı. O vaxt Ermənistanın baş naziri bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. O, bununla bütün danışıqlara son qoydu və onları tamamilə mənasız etdi”.

2020-ci ilin sentyabrında 44 günlük müharibə ilə Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ilin noyabrında Rusiya Prezidenti V.Putunin vasitəsi ilə üçtərəfli Bəyanat imzalandığını diqqətə çatdıran ölkə rəhbəri vurğulayıb ki, Ermənistan onun bədlərini yerinə yetirmirdi, yəni bütün erməni silahları Qarabağ ərazisindən çıxarılmırdı. Ermənistan buna nümayişkanə əməl etmirdi. Azərbaycanın ərazi bötövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksinə edirdi. Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəsüfki bütün ciddiliyi ilə qəbul edilmədi və vəziyyət daha da gərginləşdi. Bu ilin sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq  Qarabaq respublikası”nın yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərərək qırmızı xətti keçdi.  Azərbaycan buna dözə bilməzdi və sentyabrın 19-da Azərbaycan antiterror tədbirləri keçirdi. Nəticədə Ermənistanın Qarabağdakı ordusu tamamilə tərksilah edildi, 10-15 minlik nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.

“Bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq. Bax, prinsip etibarilə, məsələnin tarixçəsi bundan ibarətdir”.

Paralel olaraq Azərbaycan Qarabağın erməni əhalisinə reinteqrasiya planına açıq şəkildə dərc etdi. Erməni əhalisinin öz evlərində qalmaqla bağlı çağırış etdi. Ətrafda baş verənlərə gəldikdə isə Prezident vurğulayıb ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabaq müharibəsində, həmdə antiterror tədbirləri  zamanı bütün hümanitar normalara riayyət edib. Beynəlxalq ekspertlər bunun  şahididirlər. Bununla belə Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc və yalançı təxribata əl ataraq hər şeydə Azərbaycanı ittiham ediblər.

“Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir”.

Çoxillik müstəmləkəçilik tarixinə malik Fransanın qeyri – konstruktiv və təxribatçı rolundan danışan dövlət başçısı Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduqlarına dair verdiyi bəyanatı gülüş doğurduğunu bildirib, çünki Azərbaycan Beynəlxalq hüququ pozmayıb öz ərazisində döyüşüb, separatizmi aradan qaldırıb. Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Bişkekdə baş tutmalı görüşündən də danışan dövlət başçısı Azərbaycanın bu təklifi müsbət qarşıladığını lakin erməni tərəfinin bu görüşdən imtina etdiyini diqqətə çatdırıb.

“Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.

Sonda Prezident İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycan sülh sazişi üzərində işi davam etdirməyə hazırdır. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçili ilə imtina edəcəyi təqdirdə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında bir başa danışıqlar alternativ ola bilər. Hər hansı  platformalar və öz xidmətlərini təklif edən həmin ölkələrə gəldikdə isə Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla Azərbaycan tərəfindən təhlil ediləcək.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф