booked.net

Prezident İlham Əliyevin cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”.

Azərbaycan və Pakistan arasında münasibətlər tarixi, dini, milli mədəni irsə söykənməklə yanaşı  hazırki əlaqələrin  yüksək səviyyəsinə görə  də xarakterikdir.  Biz Pakistanla Azərbaycan arasındakı münasibətlərin  yüksək səviyyədə olduğunu  44 günlük Vətən müharibəsində bir daha gördük. Azərbaycanın paytaxtında eləcə də bölgələrdə, küçələrdə Pakistan bayrağlarına  rast gəlinməsi adi hal idi. Bununda səbəbi  var. Çünki Pakistan hələ İkinca Qarabağ münasibətinə qədər Ermənistanla heç bir diplomatik münasibətlər qurmayan nəyinki, Azərbaycanın ərazi bötövlüyünü dəstəkləyən, hətta bir dövlət olaraq Ermənistanı bu işğal faktına görə tanımayan  ölkələrdən biri idi.

“İki ölkə arasında münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu deyən Prezident İlham Əliyev torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı dövrdə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi dəstəyə görə Pakistana minnətdarlığını ifadə edib”.
Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, Pakistan məhz Azərbaycan torpaqlarının işğalı səbəbindən indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu, qardaş ölkə mövqeyidir: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan da Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir: “Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Görüş zamanı ikitərəfli gündəliyə daxil olan bir çox məsələlərin, eyni zamanda, regional proseslərin, regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirən İlham Əliyev deyib: “Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.
Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.
Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır.
Biz bununla yanaşı, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Eyni zamanda, biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla qəti razı olmadıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır: “Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük...”.
“Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir”.

         AZƏRBAYCAN-PAKİSTAN  MÜNASİBƏTLƏRİ DOSTLUQ VƏ QARDAŞLIQ PRİNSİPLƏRİNƏ ƏSASLANIR 


Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bu sözləri iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatı zamanı deyib.

Baş nazir Məhəmməd Şahbaz Şərif də bəyanatında dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin Pakistan üçün mühüm önəm kəsb etdiyini vurğulayıb: “Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür”.

Bununla yanaşı, Pakistanın hökumət başçısı iki ölkənin ticarət münasibətləri və iqtisadi əlaqələrinin mövcud potensialından hələ yetərincə istifadə olunmadığını deyib: “Bu gün bizim ticarətimiz və sərmayə yatırımlarımız həmin o münasibətlər səviyyəsində deyil. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik...”.
...Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Biz hətta bu enerjini ixrac edə bilərik, bu, mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun”.

Məhəmməd Şahbaz Şərif nəqliyyat və turizm sahəsini də qeyd edib: “Mən çox məmnuniyyətlə qeyd edə bilərəm ki, “Azərbaycan Hava Yolları” – AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq. Əlbəttə, “Pakistan Beynəlxalq Hava Yolları” da əməkdaşlıq edəcəkdir. Mənim bildiyimə görə, Kəraçi və Lahora da reyslər açıla bilər. Mən Azərbaycanın nəqliyyat nazirini də Pakistana səfərə dəvət edirəm ki, bu məsələləri müzakirə edək və bu sahədə turizmi inkişaf etdirək”.

                          GÜCLÜ HƏRBİ POTENSİAL MÜSTƏQİLLİYİMİZİN QARANTIDIR

Azərbaycanın Kəşmir məsələsində beynəlxalq təşkilatlar müstəvisində Pakistana verdiyi dəstəyi də yüksək qiymətləndirən Məhəmməd Şahbaz Şərif qeyd edib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik.
Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.

Pakistan Baş naziri müdafiə sənayesi sahəsində əməkdaşlığın da önəmini qeyd edib: “Heç şübhəm yoxdur ki, bizim əməkdaşlığımız bu sahədə də inkişaf edəcəkdir. Burada heç bir sirr yoxdur, biz heç nəyi gizlətmirik. Çünki nəticə etibarilə bu, regionda sülhün təmin edilməsinə xidmət edir, bu, təcavüz üçün istifadə edilmir. Biz öz hüquqlarımızı qoruyuruq. Biz bu regionda sülhü təşviq edirik ki, xalqlarımızın mənafelərini qoruya bilək. Biz bu sahədə də əməkdaşlığı səbirsizliklə gözləyirik. Sizin nümayəndə heyətinizi İslamabadda məmnuniyyətlə qəbul edəcəyəm ki, bu sahədə daha intensiv əlaqələr yaradıla bilsin. İqtisadiyyat, kommersiya, ticarət, aviasiya sahələrində də nümayəndə heyətinizi gözləyirik. Biz, eyni zamanda, enerji sahəsində də Sizin nümayəndə heyətinizi gözləyirik... Biz bu məsələlərdə də sübut edəcəyik ki, budur iki qardaş ölkə, biz xalqlarımızın mənafeyi naminə birlikdə daha böyük nailiyyətlər əldə edə bilərik”.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.


                   Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin önəmli mesajları


•   “Əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür”;
•    “Pakistan və Azərbaycan iki qardaş xalqdır”; 
•    “Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”; 
•    “Pakistan xalqı Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq”;
•    “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir”;
•    “Azərbaycanın Ordusu çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir”;
•    "Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir”;
•    “Biz bu regionda sülhü təşviq edirik ki, xalqlarımızın mənafelərini qoruya bilək”.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф