booked.net

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir”.



Tarixlərə işıq salan Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamı əsasında inkişaf dinamikasında olan Azərbaycan-Türkiyə münasibətləri  Şuşa Bəyannaməsinin müddəaları ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Ötən iki il ərzində bu tarixi sənədlə bağlı geniş şərhlər verilsədə haqqlı olaraq belə bir sual gündəmdədir. Şuşa Bəyannaməsi regionda nəyi dəyişdi? Əvvala qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq uzun illər məcburu şərtlər çərçivəsində müstəqilliyini qoruyan qardaş ölkə Türkiyə, təxminən bir əsr sonra yenidən Cənubu Qafqaza qayıdıb. Azərbaycanın müstəqilliyi,  yürüdülən düzgün və azad siyasət çoxsahəli inkişaf, ölkədəki milli birlik və sair mühüm elementlər bu xoş missiyalı qayıdışı təmin etdi. Şuşa Bəyannaməsi regionda   sülh, əminəmanlıq, region ölkələrinə kompleks inkişaf vəd edən müstəqillik əldə olunandan bəri iki qardaş ölkənin ərazi bütövlüyü çərçivəsində imzalan ilk tarixi beynəlxalq statuslu sənəddir. Bəyənnamənin  Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qars müqaviləsinin şərtləri çərçivəsində Azərbaycanın Milli Qurtuluş Günündə imzalanması öz-özlüyündə tarixi ədalətin və beynəlxalq hüququn təsdiqidir.   Beynəlxalq əhəmiyyətli sənəd, Azərbaycan və Türkiyə bütün qonşu ölkələrlə münasibətlərini mehriban dostluq, və səmimi qonşuluq, dövlətlərin sərhəd toxununzmalığı prinsipləri əsasında qurur.  Ölkələrin ərazi bütövlüyünü tanımaq, xalqların birgə yaşayışına təminat vermək bütün tərəflərin beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikdir. Şuşa Bəyannaməsi regional proseslərin məhz bu prinsiplərin   əsasında inkişafına zəmanət verən beynəlxalq sənəddir.

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir”.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikri iyunun 13-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbrik edən İlham Əliyev onun  qısa müddət sonra Azərbaycana səfər etməsinin əhəmiyyətini vurğulayıb: “Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.
“Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq”, deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. “Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”, – deyə o əlavə edib.

Türkiyə Prezidenti iki ölkə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan müttəfiqlik haqqında bəyannamənin tarixi önəmini qeyd edərək deyib: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq”. Türkiyə Prezidenti vurğulayıb ki, Şuşadakı baş konsulluğumuz Ermənistan da daxil olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki il əvvəl imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətini bir daha qeyd edib: “Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.
Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tunellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən – istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə ortaya qoyur. Biz bunları bilavasitə gördükcə iftixar hissi keçiririk. İyirmi il əvvəlki Bakını düşünürəm və hazırda da Qarabağı düşünürəm. Otuz il ərzində Minsk qrupu vaxt uzatdı və bunun nəticəsini yaşayırıq. Vaxtı çox uzatdılar, addım atmağa imkan vermədilər. Bax, öz göbəyinizi özünüz kəssəniz, addım atarsınız. Sağ olsun, İlham qardaşım bunu bacardı. Millət olaraq bunu bacardınız və indi də bu səviyyəyə gəldiniz. Deməli, məsələ odur ki, qətiyyətli olduğun zaman, inandığın zaman istədiyinə nail olmaq mümkündür. Azərbaycan da bu nəticəyə nail oldu”.


Türkiyə və Azərbaycanın bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəyini deyən İlham Əliyev bildirib ki, bu birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır: “O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük”...
....Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.
Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik”.





            Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın önəmli mesajları:


•  Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. 
•  Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü.
•  Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. 
•  Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.
•  Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.
• Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.
• Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir.
Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.






Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Bakıya gəlib. Həmin gün axşam  “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.


Ziyafət konsert proqramı ilə davam edib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər.

Türkiyə Prezidentinin Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı dövlətimizin başçısı İlham Əliyev yola salıb.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф