booked.net

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır"


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin müraciəti

"Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır"

"Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam".
Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
“Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”, - deyə Azərbaycan Prezidenti bildirib.
Qarabağın işğaldan azad edilməsinin Heydər Əliyevin və Azərbaycan xalqının əsas arzusu olduğunu deyən Prezident bu arzunu yerinə yetirdiyini vurğulayıb:
“2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”, - Prezident İlham Əliyev deyib.

Dövlət başçımız müraciətində onu da qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Çünki təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq, baş verə biləcək bütün təxribatlara daim hazır olmalıyıq. İlham Əliyev bu ismarıcıyla Ermənistan rəhbərliyinə də, Xankəndidəki separatçı yığınına da bundan sonra regionda Azərbaycanın maraqlarına zidd heç bir siyasi prosesə imkan verilməyəcəyini bəyan etdi. Bu ən önəmli məqamlardan biridir. Ona görə də Ermənistan rəhbərliyi gah Rusiya və İranın, gah da Fransanın təhriklərinə uyaraq revanşizmə can atmaq və təxribatlar törədərək sülh prosesini süni surətdə “dalan”a dirəmək əvəzinə, siyasi müdriklik nümayiş etdirməli, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirməlidir.

Müzəffər Ordumuz şəhidlərimizin, müharibə qurbanlarımızın tökülən qanlarının qisasını aldı, torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Qarabağ dirçəlir, Şərqi Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Cənab Prezidentin də qeyd etdiyi kimi necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – Qarabağın və Şərqi Zəngəzurun bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. Bu baxımdan biz əcdadlarımızın xatirəsinə, şəhidlərimizin xatirəsinə, Ulu Öndərimizin xatirəsinə hörmət edərək 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə hər zaman layiq olmalıyıq. Dövlət başçımızın da vurğuladığı kimi bu Zəfər hər birimizin üzərinə əlavə məsuliyyət qoyur.
İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlərin keçirildiyini, müzakirələrin aparıldığını qeyd edən dövlət başçımız eyni zamanda, bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməli olduğumuzu da xüsusi olaraq vurğuladı. Bu mənada, Prezidentin Şuşa müraciəti bizim hamımız üçün “yol xəritəsi” sayıla bilər.

Prezident öz müraciətində Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq “müstəqilliyə gedən yol”un da “məhz Naxçıvandan” başladığını vurğulayıb:
“Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi təsis edilib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılıb. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmış və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır”.

Prezident İlham Əliyev hesab edir ki, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı il bağlıdır:
“1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi”.
Prezident müraciətində Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövrünü tənqid edərək o vaxt “talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos” baş veridiyini, “torpaqların əldən getdiyini” qeyd edib.
İlham Əliyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik və təhlükəsizlik yaranıb, ölkə demokratik və iqtisadi inkişafa yönəlib və indi də ölkədə bütün azadlıqlar təmin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib.
Bəzi müxalifət təmsilçiləri və hakimiyyət tənqidçiləri Heydər Əliyevin "4 iyun qiyamı" nəticəsində hakimiyyətə gəldiyini bildirir və hesab edirlər ki, onun yürütdüyü siyasət ölkədə avtoritar rejimin yaranmasına gətirib çıxarıb.
Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib.
Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq.

Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq”.

"İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır".
Valyuta ehtiyatlarımızın 65 milyard dollara çatdığını, valyuta ehtiyatlarımızın xarici borcu təxminən 10 dəfə üstələdiyini söyləyən dövlətimizin başçısı deyib ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.
Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır.
Azərbaycan dövlətinin sosial siyasətində şəhid ailələri və müharibə əlillərinə dəstək də xüsusi çəkiyə malikdir. Məhz bunun nəticəsidir ki, 2022-ci ildə  bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib. 2023-cü ildə isə daha 1500 mənzil verilməsi planlaşdırılıb və artıq onun 500-ü verilib. Eyni zamanda, bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib ki, onun  təxminən 25 -30 faizi şəhid ailələrinə və qazilərə aiddir.
Məhz bu uğurlu göstəricilərə rəğmən demək olar ki, hazırda Azərbaycan iqtisadi yüksəlişinin yeni mərhələsindədir. Eyni zamanda, bu tendensiyanın davamlı olması üçün bir çox iqtisadi əsasların da mövcudluğu inkişaf üçün yeni imkanlar açır.

Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq.
Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialının olduğunu, gələcəyin də məhz bu istiqamətdə inkişaf edəcəyini diqqətə çatdıran dövlətimiin başçısı bildirib: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib.
Ümummilli liderin Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”.
İlham Əliyev qeyd edib ki, Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi: “Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi”.
Azərbaycan xalqının faciələrinin Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başladığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər”.

 Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətdən kənarda qaldığı illərdə də hər zaman Azərbaycanın maraqları ilə yaşadığını, ürəyinin Azərbaycanla bir döyündüyünü vurğulayan dövlətimizin başçısı bildirib: “Heydər Əliyev xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, eyni zamanda, qürurverici bir gün idi. Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı”.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi.
Azərbaycan hakimiyyətinin - həm kommunist, həm də “demokrat” hakimiyyətin hər vəchlə Heydər Əliyevin Naxçıvandan uzaqlaşdırılmasını çalışdıqlarını vurğulayan dövlət başçısı deyib: “Naxçıvan demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”.

Ölkə başçısı bildirib ki, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır: “1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası - ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır”.
Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün ölkəmizdə böyük əks-səda doğurduğunu vurğulayan dövlət başçısı bildirib: “Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir”.
Prezident İlham Əliyev bir daha xatırladıb ki, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilib: “Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır”.
Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlət başçısı qeyd edib: “Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər”.
Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlət başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: “Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı”

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmişdir. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunmuşdur. Atəşkəs Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm addım olmuşdur.
Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.

Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmışdır. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф