booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

Prezident İlham Əliyev: "....Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm."


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edib.

Dövlət başçısı xalqa müraciətində arxada qalan 2021-ci ili ölkəmiz üçün uğurlu il olduğunu qeyd edib və il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, ölkəmizin uğurla inkişaf etdiyini və bu gün daha güclü Azərbaycanın dünyada tanındığını iftixar hissilə bildirib: "Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir."

Respublika Prezidenti cənab İlham Əliyev Türk Şurasının- noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı adlanan bu təşkilatın Qoşulmama Hərəkatı kimi Azərbaycanın haqlı işində daim bizə dəstək olduğunu, Ermənistan-Azərbaycan münaqişəsi dönəmində daim dəstək ifadə etdiyini və son Zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunduğunu məmnunluq hissilə vurğulayıb.

Dövlət başçısı xalqa müraciətində daha sonra deyib: "İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də bu dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm.

Eyni zamanda, dekabr ayında NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişdir. Doqquz zirvə görüşündə bu qətnamələr qəbul edilmişdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir."

Prezident İlham Əliyev xalqa müraciətində ölkəmizin beynəlxalq arenadakı fəaliyyətini də müsbət qiymətləndirib: "...bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf etdi. Bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulubdur. Türkiyə ilə bu il imzalanmış Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi.
Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır.
Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir."

Dövlət başçısı ümid etdiyini bildirib ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır.

Cənab Prezident İlham Əliyev müraciətində xalqımızın İkinci Qarabağ müharibəsini heç vaxt unudulmayacağına əmin olduğunu deyib: "İşğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı və minlərlə, on minlərlə Azərbaycan əsgər-zabitinin qəhrəmanlığı, peşəkarlığı sayəsində biz işğala son qoyduq, doğma torpaqlarımızı azad etdik, tarixi Zəfər çaldıq və bu Zəfər bizim tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi."

Dövlətimizin başçısı hərbi gücümüzü bundan sonra da artırmaqda qərarlı olduğunu söyləyib: "2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır."

Ölkə rəhbəri azad edilmiş torpaqlarda bu il geniş quruculuq-bərpa işlərinə start verildiyindən də danışıb və dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmadığını qürurla qeyd edib, ölkəmizdə gedən inkişafdan, regional inkişaf proqramının uğurla icra edildiyindən söz açıb, qazanılan uğurları konkret rəqəmlərlə diqqətə çatdırıb.
Prezident İlham Əliyev xalqa müraciətində daha bir müjdəni bölüşüb: "Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm."
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə ən xoş arzularını çatdıran cənab Prezident İlham Əliyev deyib: "Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər."

Dövlətimizin başçısı ötən il kimi 2022-ci ilin də uğurlu olacağına əminliyini bildirib: "Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф