booked.net

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü


Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. 

Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin əsas qayəsini təşkil edən milli istiqlal, milli birlik, müstəqil dövlətçilik məfkurəsinə sadiq qalmaqla “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir” prinsipinin özünün həyat və siyasi fəaliyyət kredosu olduğunu bir daha sübut etdi.

Ümummilli lider Pekin İctimai Elmlər Akademiyasında çıxışında (9 mart 1994-cü il) dövlət müstəqilliyini qazanan xalqımızın qarşısında duran ən mühüm vəzifəni belə müəyyən etmişdir:   “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.”

Ulu Öndər həmin çıxışında ölkəmizin müstəqilliyinin qorunmasına əminliklə söyləmişdir: "Biz çalışırıq və gələcəkdə də çalışacağıq ki, Azərbaycan indən belə heç vaxt hər hansı başqa ölkənin vassalı və ya bir hissəsi olmasın. Bundan ötrü hər cür şərait və imkan var, baxmayaraq ki, yolumuz üzərində çətinliklər və maneələr də az deyildir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan xalqı öz istiqlaliyyətinin əldən getməsinə heç vaxt yol verməyəcəkdir."

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın qədim dövlətçilik tarixi ilə daim fəxr edirdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində (27 may 1998-ci il) qürur hissi ilə demişdir: “Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır.”

Ulu Öndər ölkəmizi demokratik dövlət kimi inkişaf edirməyi vacib vəzifə hesab edirdi: "Biz demokratik dövlət kimi dünyanın bütün demokratik dövlətləri ilə əlaqə qurmağı siyasətimizin üstün cəhəti hesab edirik və bundan sonra da hesab edəcəyik. Biz demokratik ölkə kimi gəncik və gənc olaraq həm ölkəmizdə demokratiyanı qurmağa, yaratmağa çalışırıq, həm də demokratiya cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Başqa dövlətlərlə, ölkələrlə əlaqələrimizdə bu məsələlər xüsusi yer tutur." 

Heydər Əliyev qətiyyətlə bildirirdi ki, Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.
 
Ulu öndər Heydər Əliyev “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində (6 iyul 1993-cü il) həmin dövrdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin ciddi təhlilini vermişdir. 

1993-cü il avqustun 13-də Azərbaycan Respublikasının Ali Sovetində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları, həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüş keçirildi. Gecə yarıdan xeyli ötməsinə və 26 nəfərin çıxış etməsinə baxmayaraq, danışmaq istəyənlərin ardı-arası kəsilmirdi.

Həmin görüşdə ümummilli lider Heydər Əliyev ölkəmizin necə böyük təhlükə ilə üz-üzə qaldığını belə izah etmişdir: " Bəli, Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur. Dağlıq Qarabağda 5 il bundan öncə başlanan proseslər Azərbaycanı parçalamaq yolunda atılan ilk addım idi... Bu, Azərbaycanın parçalanması prosesinin bir cinahıdır. O biri cinahı gördüyümüz bu məsələdir... Ona görə də bu məsələyə belə sadə yanaşmaq olmaz ki, guya Əlikram Hümbətov bir sərsəm adamdır, yaxud da anlaşılmaz adamdır, bunu özbaşına eləyir. Xeyr. Bu, böyük bir planın, Azərbaycanı dağıtmaq, Azərbaycanı məhv etmək, Azərbaycan xalqını yox etmək planının tərkib hissəsidir. Mənim fikrim belədir: “Bu hərəkətlər qanunazidd hərəkətlərdir... Biz buna necə laqeyd qala bilərik? Yaxud necə deyə bilərik ki, burada təəccüblü heç nə yoxdur? Necə olar, bu?”

Ulu öndər Azərbaycan müstəqil dövlət olmasını böyük tarixi hadisə kimi dəyərləndirirdi. Bunu taleyin xalqımıza verdiyi böyük bir fürsət hesab edirdi: "Şübhəsiz ki, biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq. Bu müstəqillik dünyada, o cümlədən keçmiş sovetlər birliyində əsrin ikinci yarısında, xüsusən 70-ci, 80-ci illərdən başlayaraq gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir." 

Heydər Əliyev əmin idi ki, Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır. 

Ulu öndər Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə də (22 sentyabr 1993-cü il) kövrək addımlarını atan müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənəcəyinə inamını ifadə etmişdir: " Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.” 

O, beynəlxalq tədbirlərdə də ən yüksək tribunadan bildirmişdir ki, Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir.

Ulu öndər Respublika Günü (Müstəqillik Günü) münasibətilə keçirilən təntənəli yığıncaqda etdiyi nitqində (Respublika sarayı, 27 may 1995-ci il) bir daha vurğulamışdır ki, milli bayram günü biz keçmişimizi qiymətləndirməli, əldə etdiyimiz nailiyyətləri doğru-düzgün, ədalətlə təhlil etməli, gələcəyə baxmalıyıq. Azərbaycanın böyük gələcəyi var. Gələcək nəsillər haqqında düşünməliyik. Azərbaycanın gəncləri, gənc nəsli, Milli Ordusu, bu orduda xidmət edən gənclər ölkəmizin bu günü və gələcəyi haqqında daim düşünməlidirlər, xalqımıza, Vətənimizə, millətimizə sədaqətlə xidmət etməlidirlər. 

 Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyənə inanırdı:  
-“Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacaqdır.” 
-Norveçin Baş naziri Qru Harlem Brundtlandin Azərbaycan Prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə nitqindən(24 aprel 1996-cı il);
-“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.”
-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda nitqindən (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 7 oktyabr 1996-cı il);

Ümummilli liderimiz Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqində (Şəhriyar adına Mədəniyyət Mərkəzi, 16 dekabr 1996-cı il) də qazandığımız müstəqilliyi, azadlığı xalqımızın böyük neməti kimi yüksək qiymətləndiridi və deyirdi ki, bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.  

Ulu öndər Heydər Əliyev müstəqil dövlətimizi yaratmağın "düsturu"nu da bizə əmanət etmişdir: "Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”                       
-Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıgününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (5 iyul 1997-ci il).

Ulu öndər böyüməkdə olan nəslə dövlət atributlarımıza həssaslıqla yanaşmağı, onları uca tutmağı tövsiyə etmişdir. Azərbaycanın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş tədbirdə (1 sentyabr 1997-ci il) dediyi bu sözlər hələ də yaddaşlardadır: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”  

Ümummilli liderimiz deyirdi ki, bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir və hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.

Heydər Əliyev müstəqilliyi qoruyub saxlamağın çətinliyini çıxışlarının birində belə xarakterizə edirdi: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” (Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə AzərbaycanRespublikasının Prezidenti Heydər Əliyevin xalqa təbrikindən(18 oktyabr 1993).

Ulu öndər deyirdi ki, Azərbaycanın suverenliyi һər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi öz Vətənimizi, öz torpaqlarımızı öz gücumuzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı Vətən oğulları etməlidir. Ona görə də orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır. 

Heydər Əliyev: "Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq. Bir də təkrar edirəm, cinayətkarlıqla mubarizə, gənclərin sağlam ruhda tərbiyə olunması üçün hər kəs öz sahəsində lazımi tədbirlər görməlidir." 

Ulu öndər Azadlığın, müstəqilliyin xalqımız üçün necə böyük nemət olduğunu, bu neməti qorumağın vacibliyini çıxışlarında dönə-dönə xatırladırdı: 
-“Müstəqillik naminə biz hər şeyə dözməliyik, müstəqillik naminə hər çətinliyə, hər əzab-əziyyətə dözməliyik.” 
-Azərbaycan Yazıçılarının X Qurultayında nitqindən (Prezident Sarayı, 30 oktyabr 1997-ci il);
-“Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu və yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.”
-Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərininböyük bir qrupuna “Şöhrət” ordenlərinin təqdim edilməsi mərasimində nitqindən(Prezident iqamətgahı, 21 avqust 1998-ci il);
-“Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır.”  
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkənin iqtisadi vəsosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında yekun nitqindən (6 noyabr 1998-ci il);

Tarixdən daha bir xatırlatma:              
1991-1992-ci illərdə ölkəmizdə baş verən hərc-mərclik dönəmində 91 nəfər ziyalı fundamental səciyyə daşıyan milli dövlət və yeni cəmiyyət quruculuğu prosesində ölkəyə və yaratmaq istədikləri siyasi partiyaya böyük siyasi lider Heydər Əliyevin rəhbərlik etməsini Vətənin xilasının mühüm şərti kimi dəyərləndirirdilər və Ulu Öndərə məktubla müraciət etdilər. 

Heydər Əliyev ziyalıların müraciətinə cavabında yazırdı:  “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur.”

Azərbaycan xalqını vahid sarsılmaz siyasi qüvvə kimi birləşdirməyi bir vəzifə kimi qarşıya qoyan, millətin passionar enerjisini cəmləməyə və dövlətçilik naminə bir məcraya yönəltməyə qadir olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş və uğurlar mərhələsinin başlanğıcı qoyuldu. 

Ulu öndər Heydər Əliyev torpaqlarımızın erməni işğalından mütləq azad ediləcəyinə inanırdı. Ərazi bütövlüyümüzün bərpasını gələcək nəsillər qarşısında borc hesab edirdi: " Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” (Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini Prezident iqamətgahında təqdimetmə mərasimində nitqindən (26 fevral 1999-cu il).

Müstəqilliyin sonrakı illərində ulu öndərimiz nailiyyətlərimizi belə ifadə edirdi: 
“Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır.” 
-Türk Dövlətləri və Topluluqlarının Bakıda keçirilən VII Dostluq,Qardaşlıq və İşbirliyi Qurultayında nitqindən(29 iyun 1999-cu il);
-“Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.” 
-Respublikanın təhsil işçiləri və ali məktəblərədaxil olmuş tələbələrlə görüşdə nitqindən (31 avqust 1999-cu il);
-"Xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir.” 
-Gülüstan sarayında keçirilən “Əsrin müqaviləsi”nin beşinciildönümünə  həsr edilmiş rəsmi qəbulda nitqindən(20 sentyabr 1999-cu il);
-“Hər bir xalq, millət üçün milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur.” 
-Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçüntikilmiş fərdi yaşayış evləri kompleksinin – “Ümid”qəsəbəsinin istifadəyə verilməsi mərasimində nitqindən
(29 dekabr 1999-cu il);
-“Hər bir insan üçün vətən, torpaq, ölkə, müstəqil dövlət onun mənəviyyatı, həyatı üçün çox yüksək anlayışlardır.” 
-İsveçrədəki Azərbaycan Cəmiyyəti İdarə Heyətinin bir qrup üzvü ilə Davosda görüşdə çıxışından(30 yanvar 2000-ci il);
Ümummilli lider Heydər Əliyev “Neftçilər Günü”nə həsr olunmuş təntənəli mərasimdə (22 sentyabr 2001-ci il) çıxış edərək ən böyük vəzifəmizin Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarət olduğunu bildirmişdir: " Həyata keçirdiyimiz daxili və xarici siyasət, o cümlədən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulması, Azərbaycanın yeni neft strategiyası və Azərbaycan neftinin, qazının adlarını çəkdiyim kəmərlərlə dünya bazarlarına çıxarılması Azərbaycanın müstəqilliyinin daimi olması üçün əsas şərtlərdən biridir. Bu, müstəqilliyimizin təminatıdır. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı, hansı şəraitdə yaşamasından asılı olmayaraq o bilməlidir ki, o xoşbəxt adamdır. Çünki o, artıq azaddır, öz ölkəsinin sahibidir, heç bir başqa ölkənin müstəmləkəsi, yaxud da ki, bir hissəsi olmayan müstəqil dövlətdə yaşayır. Bu, tarixi nailiyyətdir. Biz bunu qiymətləndirməliyik. Hər bir vətəndaş bunu qiymətləndirərək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfəsini verməlidir. Müxtəlif problemlər, fikir ayrılıqları ola bilər. Biz plüralist bir ölkədə yaşayırıq. Biz azad mətbuat ölkəsində yaşayırıq. Ancaq hər bir vətəndaş bilməlidir ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişaf etməsi və ən əsas şərt - Azərbaycanın müstəqilliyinin əbədi edilməsi hamının vəzifəsidir." 

-“Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır.” 
-“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktınınqəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdə nitqindən (17 oktyabr 2001-ci il);
-“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” 
-“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktınınqəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdə nitqindən(17 oktyabr 2001); 
 
Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında nitqində  (10 noyabr 2001-ci il) xalqımızı əminliklə söylədi ki, müstəqil bir dövlət kimi Azərbaycan on ildir ayaq üstə möhkəm durubdur: "Ötən dövrdə biz Azərbaycanın müstəqilliyini inkişaf etdirmişik və bu gün bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir. Əziz dostlar, müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər. Ancaq indi biz yeni bir mərhələ keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik."


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф