booked.net

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirildi


1990-cı ilin 20 Yanvar faciəsindən illər ötsə də, bu tarix heç vaxt unudulmur. Xalqımız Ümumxalq Hüzn Günündə həmin müdhiş hadisəni bir daha yada salır.
 
Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı şəhərində də 20 Yanvar faciəsin 33-cü ildönümündə azadlıq mübarizəsində şəhid olanların xatirəsi böyük ehtiramla anılır. 
Sakinlər Şəhidlər xiyabanına tərəf asta addımlarla irəliləyirlər. Hər kəsin çöhrəsinə dərin bir hüzn çöküb. Amma gözlərdən 20 Yanvar şəhidlərinin qorxmazlığının, hünərinin insan qəlbində oyatdığı iftixar hissini də oxumaq olur. 
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edirlər. 
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunur. Rayon rəhbərliyi tərəfindən şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyuldu, məzarları üzərinə tər çiçəklər düzüldü.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət etdilər, ruhlarına dualar oxundu. 
Sözsüz ki, bu dəqiqələrdə hər kəsin gözləri önündə o müdhiş gecə- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə canlanır. O gün Bakıda, həmçinin Azərbaycanın digər rayonlarında əsl faciə yaşandı. Qabaqcadan planlaşdırılmış bu qətliam respublikamızda başlamış milli azadlıq uğrunda hərəkatını boğmaq idi. Amma bütün bunlar xalqımızın mübarizə əzmini qıra bilmədi, azadlıq mübarizləri hərbi texnikaların qarşısına Vətən eşqini, müstəqillik arzusunu bayraq edərək çıxdılar. 
20 Yanvar şəhidləri azadlıq uğrunda mübarizəmizin simvoludur. Onlar xalqımıza "müstəqillik" adlı ən şirin nemətin müjdəsini verdilər. Düşmən tanklarının qarşısında sinələrini sipər edən qəhrəmanlarımız Azərbaycanımızın tarix salnaməsinə yeni, həm də şərəfli səhifə yazdılar. 
Nə qədər ağır olsa da xalqımız bu dərddən çıxmağa özündə güc tapdı. Qəddini düzəltdi. Vurulsa da, əzilsə də müstəqilliyindən vaz keçmədi. 
Azərbaycanımıza yenidən azadlığın şirinliyini dadızdıran 20 Yanvar şəhidlərinin arzularını igid oğullarımız başları üstə bayraq etdilər. Qarabağ savaşında torpaqlarımızın müdafiəsi yolunda şirin canlarından keçdilər,- "Təki Vətən yaşasın!" dedilər. 
2020-ci il noyabrın 10-da Azərbaycan tarixinə Böyük Zəfər adlı şanlı səhifə yazıldı. Dekabrın 10-da Qələbənin şərəfinə Zəfər paradı keçirildi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük qürur və iftixar hissi ilə dedi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”
Sözsüz ki, bu Qələbədə 20 Yanvar şəhidlərinin də böyük rolu var. Onların qəhrəmanlığı və cəsarəti gənc nəslə bu gün də nümunədir və igid Vətən oğulları torpaqlarımızın azadlığı savaşında böyük hünər və igidlik nümunəsi göstərdilər. Ataların uğrunda canlarından keçdikləri Vətən torpağını düşməndən azad etdilər. 
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırıldı, dövlət bayraqları endirildi. 
...Həyat davam edir. Şəhidlərimizin bizə əmanət etdiyi əziz, müqəddəs Vətən torpağı var. Xalqımız bu əmanəti əbədiyyətə qədər qorumaq əzmindədir. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф