booked.net

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramının yeni strateji hədəfləri


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramının yeni strateji hədəfləri
 

Böyük Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra  işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Güclü dövlət olan Azərbaycan həmin ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılması bunu bir daha təsdiq edir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. 

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Milli maraqlar və strateji planlamanın vəhdəti olan bu təşəbbüs dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edir. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindəndir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdəndir.  

İşğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər geniş şəkidə öz əksini tapıb. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək.

Ərazilərin bərpası və yenidən qurulması prosesinin institusional əsasları mövcuddur və bu institusional mexanizmlər postmüharibə dövrünün ilk günlərində təsis edilmişdir.  Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin təhlükəsizliyin təmin olunması məsələsidir. Bura ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi daxildir.  Həmçinin 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsininƏlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Yaradılan yüksək səviyyəli infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.

İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. 

Demokratik ölkələrdə İqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edilməsinə, həmçinin  inkişafdan hər bir vətəndaş bəhrələnməsinə xidmət göstərir. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir və İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər - mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir. 
Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır. Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır. 

- Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir.
  • İnfrastruktur: 
  • Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin olunması;
  • Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi;
  • Hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi;
  • Nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulması.
  • İqtisadiyyatın yenidən qurulması:
  • Yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması;
  • Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi;
  • Yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması;
  • Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması;
  • Məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi;
  • Yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb olunması;
  • Ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması;
  • Turizm sektorunun inkişafı.
  • Sosial inkişaf: 
  • Dayanıqlı inkişafın təmin olunması və yaşayış üçün rahat şərait yaradılması;
  • Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi;
  • Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması;
  • Ölkədə mənzil fondunun həcminin artırılması;
  • Əhalinin məşğulluq imkanlarının artırılması;
  • Sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi.
  • Ətraf mühitin tarazlı inkişafı: 
  • Ətraf mühitin mühafizəsinin təmin olunması;
  • Təbii ehtiyatlardan effektiv istifadə;
  • Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
  • “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi.
- Dövlət Proqramının strateji məqsədləri. Proqramın strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilmişdir:
  • Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək; 
  • Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; 
  • Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; 
  • Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; 
  • Əhalinin məşğulluq imkanlarını artırmaq; 
  • Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək; 
  • Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək; 
  • Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək; 
  • Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq; 
  • Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək; 
  • Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək; 
  • Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq; 
  • Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək; 
  • Təbii resurslardan səmərəli və effektiv istifadə etmək; 
  • “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının bölgədə tətbiqini təşviq etmək.
- Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş prioritet vəzifələr:
  • Yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi;
  • Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması;
  • Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası;
  • Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması;
  • Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması;
  • Qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması, onların əlçatanlığının təmin edilməsi;
  • İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması;
  • İnsan kapitalının inkişaf etdirilməsi;
  • Sosial dəstək mexanizmlərinin geniş tətbiqi;
  • İşğaldan azad edilmiş rayonlarının iqtisadi ixtisaslaşdırılması;
  • İşğaldan azad olunmuş ərazilərin sənaye potensialının gücləndirilməsi;
  • Kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması;
  • Yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi;
  • Özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi;
  • Müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi;
  • Bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biriərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır;
- Dövlət sərhədlərin toxunulmazlığı. Dövlət Proqramının prioritet vəzifələrinihəyata keçirilməsi üzrə mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, habelə mümkün təhdidlərin qarşısının alınmasıdır;
- İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir. Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınmalıdır;
- İnsan kapitalı. Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır;
- Tarixi və mədəni abidələrin qorunması. İşğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir;
- Yeni iş yerlərinin açılması. Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır;
- Dövlət xidmətlərin əlçatanlığı. Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin ediləcəkdir;
- Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması. Əhalinin geri qayıdışı prosesi demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır.Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsidə daxildir;
- Ərazilərin inkişafı və reinteqrasiyası. Ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində bölgənin tranzit potensialınəzərə alınacaqdır;
- İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir;
- İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonlarının iqtisadi ixtisaslaşdırılmasının aparılması. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər;
 - İşğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi. Ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiztexnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər əsas prioritetlərdən birini təşkil edir.
- “Yaşıl enerji zonası” “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir;
- Gözlənilən risklər.İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı yarana biləcək risklər və çətinliklər: ərazilərin minalardan təmizləmə müddətinin uzadılması, adaptasiya və inteqrasiya prosesləri çərçivəsində idarəetmədə yarana biləcək çətinliklər, maliyyə riskləri ilə müşahidə olunan müvafiq kəmiyyət və keyfiyyət göstəriciləri üzrə nəticələrin uyğunlaşdırılması;
- Dövlət Proqramının icrası prosesi üzərində şəffaf nəzarətin təmin olunması. Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaqdır. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф