Etiraz aksiyası Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dağlarda əks-səda doğurur.
“Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının böyük hissəsinin istismar olunduğu ehtimal edilir. Yataqların istismarı kosmik görüntülərə əsasən aparılan monitorinqlər nəticəsində müəyyənləşdirilib. Əraziyə baxış keçirilməsi və monitorinq aparılması nəticəsində dəymiş zərər müəyyənləşdirilə bilər.
2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Azərbaycan Ombudsmanı insan hüquq və azadlıqlarının müdafiəsi, ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyini ifadə edib, həmçinin, Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edib, dünya ictimaiyyətini, beynəlxalq qurumları və beynəlxalq qeyri hökumət təşkilatlarını insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə dəvət edib.
"Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə edilməsinin qarşısının alınması vacibdir."-bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.
Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.
Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı dəfələrlə normadan artıb. Ermənistanın işğal zamanı Sərsəng su anbarında su axımını demək olar ki bağlaması, anbardan kanala suyun yalnız qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılması da məlum faktlardır.
Kəlbəcər rayonundakı Söyüdlü, Zəngilan rayonundakı Vejnəli faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarıldığı, təbii sərvətlərimiz mənimsənilir, ətraf ərazilərin çirklənməyə məruz qoyulur.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə ərazilərimizdə faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resurslarının qanunsuz istismar edilib və qeyri-qanuni iqtisadi fəaliyyət göstərilib. Bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlər cəlb olunub, onların sırasında “Base Metals” (“Vallex Group”), “GeoProMining”, “GoldStar” və digər şirkətlər var.
Bu faktlar nəzərə alınaraq, sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin dərhal dayandırılması vacibdir.
Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb,6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
Azərbaycan ən yüksək səviyyədən bəyan edib ki, Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin məsələsini hər hansı üçüncü dövlətlə müzakirə etməyəcək, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi Azərbaycan dövlətinin daxili işidir. Azərbaycanın bu qədər açıq mövqeyi ortada ola-ola, Ermənistan yenə də Qarabağdakı ermənilərin məsələsini qaldırırsa, bu o deməkdir ki, İrandan, Fransadan, Rusiyadan sifariş alırlar. Məqsəd bölgədə sülhün bərqərar olmasının qarşısını almaqdır. Ermənistan gec-tez başa düşəcək ki, bu yolun sonu Ermənistanın özü üçün daha ağır faciələrə gətirib çıxaracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda zamanı da Prezident İlham Əliyev bu yanaşmanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: "Sülh sazişi əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik. Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik.”
Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb.
Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı erməni əhaliyə də ölkəmizin digər bütün vətəndaşlarına verilən hüquqları verməyə hazırdır, Azərbaycan Xankəndiyə qaz çəkilişi üçün bu yaxınlarda qərar qəbul edib və bu istiqamətdə iş gedir.