booked.net

Azərbaycan sülh gündəliyinə sadiqdir


Dünyanın diqqəti yenidən Soçidə

Soçidə Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib

Ölkələr arasında münasibətlərin inkişafında ikitərəfli görüşlərin böyük əhəmiyyəti var. Bu görüşlər zamanı dövlət başçıları ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı qazanırlar. 

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə  keçirilən görüş çərçivəsində Azərbaycanın dövlət mövqeyini qətiyyətlə ifadə etdi.
 
Həmin görüşdə dövlətimizin başçısı Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkürünü bildirib və qeyd edib ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub: "İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk." 

Prezident İlham Əliyev Rusiya dövlət başçısının təşəbbüsü ilə bu cür görüşlər keçirilməsinin normallaşma prosesinə çox yaxşı impuls verdiyini vurğulayıb. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. 

Ölkəmizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdə Qarabağ münaqişəsi ilə bağlı Erməni rəsmi dairələri  tərəfindən dünya mediasında tirajlanan "Qarabağ münaqişəsi" məsələsinin artıq tarixdə qaldığını səsləndirməklə, bir daha bununla bağlı  praktiki olaraq müzakirə edilməli məsələ qalmadığını bəyan edib. Çünki bu münaqişə iki il bundan əvvəl həll edilib və bitib.     
       
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır. 

Oktyabrın 31-də Soçidə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

Bəyanatda deyilir ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq.

Bəyanatda təhlükəsizliyin qorunması ilə əlaqədar tərəflər Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğulayıblar. 

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatında Beynəlxalq hüquq və normalara sadiqlik də ifadə olunub. Bildirilib ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.

Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır. Bütün region ölkələri üçün, bu, ən əlverişli mövqedir. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. 

Bəyanatda qeyd olunub ki, mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.

Belə qərara gəlinib ki, Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılması vacibdir. 

Prezident İlham Əliyev Soçidə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin edərək, ədalətli mövqe sərgilədi.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф