booked.net

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı avqust ayında rayon sakinləri ilə səyyar qəbul-görüşlərini davam etdirib


Avqust ayının 4-də rayonun Talışnuru kəndinin sakinləri ilə keçirdiyi səyyar qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov  bildirib ki, bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq həyata keçirilir. Rayon rəhbəri qeyd edib ki, səyyar qəbulun məqsədi  vətəndaşlarla birbaşa təmas yaradıb onları narahat edən problemləri operativ həll etməkdir. 

Səyyar qəbulda iştirak edən kənd sakinlərindən bəziləri çıxış edərək ürək sözlərini bölüşüblər. Çingiz Nəsibalı oğlu Bəyalıyev ölkəmizdə və rayonda görülən geniş quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirib. O, həmçinin çıxışında rayon rəhbərindən  Talışnuru kənd tam orta məktəbinə Vətən müharibəsi şəhidi Eldost Hüseynovun adının verilməsinə köməklik göstərilməsini xahiş edib. Digər sakin Qalib Qabil oğlu İsmayılov isə kəndə rabitə və internet xətlərinin çəkilməsinin, kəndin qazlaşdırılmasının vacibliyini bildirib və Rayon icra hakimiyyəti başçısının bu məsələnin həllində də kənd camaatına kömək edəcəyinə inandığını deyib.  

Rayon İcra Hakimiyyəti başçısının avqust ayının 10-da Dədəgünəş kənd sakinləri ilə keçirdiyi səyyar-qəbul da səmimi və maraqlı olub. 

İcra başçısı Tahir Məmmədov son illər respublikamızda qazanılan uğurlardan, eləcə də rayonda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. 

Səyyar qəbulda kənd sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Sakinlərdən Nizami Babaqeyb oğlu Abdullayev əvvəlki müraciətlərinin müsbət həllinə və rayonda aparılan quruculuq işlərinə görə minnətdarlığını ifadə edib. O, kənd sakinləri adından kənddaxili elektrik xətlərinin yenilənməsinə, kəndə gələn avtomobil yolunun asfaltlaşdırılmasına, həmçinin Dədəgünəşə rabitə və internet xətlərinin çəkilməsinə, kəndin qazlaşdırılmasına köməklik göstərilməsini icra başçısından xahiş edib və ümidvar olduğunu bildirib ki, bu məsələlər də öz həllini tapacaq. 

Sakinlərdən Məfkurə Əmikişi qızı Soltanova,  Qədir Neman oğlu Rəsulov  zəlzələdən zərər çəkmiş evlərinin bərpa işlərinin aparılmasına  köməklik, Rəhim İbrahim oğlu Soltanov isə fərdi əkin sahəsinə dəymiş ziyanın ödənilməsi üçün yardım  göstərilməsini rica edib. 
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov avqust ayının 19-da isə Birinci Çağan kənd sakinləri ilə səyyar-qəbul keçirib. 

Səmimi görüşə görə kənd sakinlərinə minnətdarlığını bildirən icra başçısı son illər kəndin simasının əsaslı surətdə dəyişməsini, əhalinin güzəranının daha da yaxşılaşmasını dövlətimizin vətəndaşlara olan diqqətinin və qayğısının ilbəil artan nümunəsi kimi qiymətləndirib. 

Respublikamızın bölgələrində, o cümlədən Şamaxı rayonunda gedən sosial-iqtisadi inkişaf, həyata keçirilən irimiqyaslı layihələr nəticə etibarı ilə insanlarımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. 

Sakinlər bu diqqət və qayğıya görə dövlətimizə, Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Səyyar-qəbulda sakinlər qarşılaşdıqları problemlər və çətinliklərdən də söz açıblar. Ətraf Əlsaf oğlu Cabbarov kəndin qəzalı vəziyyətdə olan elektrik xətlərinin dəyişdirilməsinə, Adil Ələşrəf oğlu Mursalıyev kəndə gələn və kənddaxili yolların təmir olunmasına, Ağazadə Feyzi oğlu Mirzəyev kənddə mobil şəbəkənin və internet xəttinin çəkilməsinə köməklik istəyiblər. Bağdagül Ağaşalı qızı Şıxalıyeva isə fərdi yaşayış evinin dam örtüyünün təmir olunmasına maddi yardım göstərilməsini xahiş edib. 
Avqust ayının 25-də Pirbəyli kənd sakinlərinin səyyar-qəbul edərkən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər respublikamızın müxtəlif bölgələrində, o cümlədən  rayonumuzda aparılan geniş quruculuq-abadlıq işlərinin həyata keçirilməsindən söz açıb. O, qeyd edib ki, kənd və qəsəbələrdə yolların asfaltlaşdırılması, yeni məktəb binalarının tikintisi, əhalinin qaz probleminin həlli istiqamətində ciddi addımlar atılması bu inkişafın əyani təzahürüdür. Respublika Prezidenti cənab İlham Əliyevin ölkənin iqtisadi qüdrətinin artırılması, sosial problemlərin həlli, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində  həyata keçirdiyi ardıcıl tədbirlər ürəkaçan və sevindiricidir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Ulduzxan Əvəzalı oğlu Səmədov, pensiyaçı Şakir Cavid oğlu Bəşirov, Elnur Valeh oğlu Babayev, Taleh Faiq oğlu Qədimov, Zahid Rasim oğlu Səmədov, Səyyad Ağaqasım qızı Qədimova, Sevinc Məmməd qızı Babayeva kəndin mövcud ehtiyaclarının, həmçinin bəzi şəxsi problemlərinin  həlli üçün icra başçısından kömək istəyiblər. 

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib. 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф