booked.net

Prezident İlham Əliyev cari ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda davam etdirilən 11-ci sessiyasında videoformatda çıxışında bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinin tamam olduğunu xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil olunmuşdur. 

"2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq"- deyən Respublika Prezidenti İlham Əliyev qeyd edib ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Ölkəmizin rəhbəri çıxışında Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirdiyini də sessiya iştirakçılarının diqqətinə çatdırıb: "Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər."

Prezident İlham Əliyev xalqımızın sülhpərvər olduğunu, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyində olduğunu bir daha bəyan edib.  Azərbaycan bu məqsədlə 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.

Azərbaycan işğaldan azad etdiyi doğma yurd yerlərində apardığı yenidənqurma işlərində böyük çətinliklərlə qarşlaşır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırılması, həmin yerlərdə yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bu, rəsmi İrəvanın sülh dövründə də davam edən   hərbi cinayətləri deməkdir. 

Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhər planlaşdırılmasından da danışıb və “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarının tətbiq edildiyini bildirib: "Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir." 

Yenidənqurma prosesində əsas hədəflərdən biri ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır.Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Yenidənqurma prosesində nəticə etibarı ilə keyfiyyət və sürəti birləşdirməklə ətraf mühitin qorunmasına nail olunacaq. 

Prezident İlham Əliyev çıxışında onu da vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası Azərbaycanın öz maliyyə resursları hesabına aparılır: "Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək."

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstəyinin mühüm əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф