booked.net

Prezident İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə müsahibə verdi


Prezident İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə müsahibə verdi
Böyük Zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ilini qeyd etdiyimiz bu günlərdə dövlətimizin başçısı xarici media orqanlarına verdiyi müsahibələrində qələbəmizi şərtləndirən amillər və bunun regionda yaratdığı reallıqlar, post-münaqişə dövründə görülən işlər barədə müfəssəl məlumatlar verdi.
Prezident İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyyənin Anadolu agentliyinə verdiyi müsahibədə qeyd etdi ki, son vaxtlara kimi Azərbaycanın ərazisinə Ermənistan tərəfindən aparılan təxribatlar müntəzəm xarakter daşıyırdı. Düşmən tərəfin törətdiyi hərbi təxribatlar nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi.
Dövlət başçısı Türkiyənin Anadolu Agentliyinə müsahibəsində həmin hadisələri belə xatırladı: “Azərbaycan o zaman düşmənə layiqli cavab verdi. Ancaq biz dövlət sərhədini keçmədik. Yəni, sadəcə olaraq, onları girdikləri Azərbaycan ərazisindən çıxardıq və bir neçə gün davam edən toqquşma sona çatdı. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bir il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında çıxış edərkən mən demişdim ki, Ermənistan yeni savaşa hazırlaşır. Üç gün sonra artıq yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulmuşdu, yenə də şəhidlər verdik və mənim əmrimlə genişmiqyaslı əks-hücum əməliyyatına başladıq və bildiyiniz kimi, bu əməliyyat böyük Zəfərlə nəticələndi.”
Dövlət başçısı müsahibəsində bir daha ATƏT-in Minsk qrupunun vasitəçi kimi nə etməli olduğuna aydınlıq gətirərək bildirdi ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Halbuki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri, dünya miqyasında ən güclü ölkələri kimi, siyasi çəkilərindən və imkanlarından istifadə
edərək Ermənistana qarşı sərt addımlar ata bilərdilər. Amma görünən bu oldu ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 27 ildə özlərinin vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verirdilər.
Prezident İlham Əliyev: “Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər.”
Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi danışıqlar prosesinə böyük zərbə vurdu. Onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür.
Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın yeni ərazilərlə bağlı müharibə planı hazırladığını dəfələrlə bəyan etsə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları yenə də ənənələrinə uyğun olaraq gördüklərini görməzdən, eşitdiklərini isə eşitməzdən gələrək təcavüzkarın bu antibəşəri planlarını həyata keçirməsinə dəstək oldular. Son nəticədə 44 günlük İkinci Qarabağ müharibəsində azğınlaşmış Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini görməli oldular.
Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi məqsədyönlü, davamlı siyasət öz uöurlu nəticəsini göstərdi: “Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində
belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır.”
Dövlət başçısı müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə də toxundu. Bildirdi ki, Azərbaycan-Rusiya münasibətlərinin pozulması Ermənistan təbliğat maşınının strateji hədəfidir. Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb. Ortalığa atılan bu yalan çox böyük yanlışlıq və məsuliyyətsizlikdir. Erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək.
Ölkə başçısı belə hesab edir ki, bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür. Türkiyənintəklif etdiyi 3+3 platforması bunun ən gözəl yoludur. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır.
Prezident Rəcəb Tayyib Ərdoğan bütün dövrlərdə yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc
verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq.
Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır.Dəhlizlərin açılması prinsipial məsələdir. Bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Ermənistan rəhbərliyiimzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirməlidir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bütün bölgə elektriklə tam təmin ediləcək. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də bərpa işlərindəiştirak edə bilərlər.
Dövlət başçısı müsahibəsində onu da qeyd etdi ki, yeni münaqişə ocaqlarının yaradılması məqsədi güdən informasiya təxribatlarının qarşısı beynəlxalq qanunlarda təsbit edilmiş hüquqi qanunlarla alınır:“Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni,
bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik.”
Torpaqlarımız düşmən tapdağından azad edildiyi ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfərlərinin hər biri tarixi hadisədir. Təkcə Şuşaya 5 dəfə səfər edilib. Hər səfər bugünümüz və gələcəyimiz üçün önəmli, ən əsası dünyaya ünvanlanan mesajlarla, digər zəngin hadisələrlə yadda qalıb. Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışın daha bir addım yaxınlaşması deməkdir. Çünki hər səfər çərçivəsində yeni sosial obyektlərin təməli qoyulur, bərpadan sonra bəzilərinin açılışı olur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan o anları duyğulanaraq diqqətə çatdırsa da bu gün o torpaqlarımızın sahibi kimi edilən səfərlərin, soydaşlarımızın tezliklə Böyük Qayıdışlarının sevincini bölüşməkdən qürur hissi keçirir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф