booked.net

Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir


Prezident İlham Əliyev: Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir.

Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar deməkdir. 2021-ci ilin birinci yarısının yekunları da Azərbaycan iqtisadiyyatında iqtisadi artımın yenidən bərpa olunduğunu göstərdi və pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının hesabat dövründə 2 faiz artdığı məlum oldu. Eyni zamanda, qeyri-neft sektorunda artım tempi 5 faizdən çoxdur. Aqrar sektorda 6 faizədək artım qeydə alınıb. Bütün bunlar ondan xəbər verir ki, 6 ayda artım birbaşa qeyri-neft sektorunun və bu sektorda aparılan islahatlar nəticəsində baş verib. Azərbaycanın ixracatında 15 faiz artım qeydə alınıb və qeyri-neft ixracı 27 faiz artıb. Bu ilin yekununda Azərbaycanın ixracatı 2 milyard dollardan çox olacaq ki, bu da praktik olaraq müstəqillik ilinin rekord proqnozudur.
             Dövlətimiz postmüharibə dövründə Ermənistan ilə sərhəddə yerləşən rayonların infrastrukturunun inkişafına, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına ciddi əhəmiyyət verir və bu istiqamətdə geniş layihələr reallaşdırır. 
             Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrə olunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub və “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Dövlətimizin başçısı bu tədbirlərdən sonra  Azərbaycan Televiziyasına verdiyi müsahibədə cari ilin əvvəlindən milli iqtisadiyyatımızda müşahidə edilən müsbət proseslərə diqqət çəkib və qeyri-neft sektorunun inkişaf tempini xüsusi qeyd edib: “Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.
             Goranboy, Naftalan, Daşkəsən rayonlarına səfəri zamanı  Azərbaycanın dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak etdi. 
              Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyi tapşırıqların şəxsən özü tərəfindən bu kimi səfərlər zamanı yerindəcə yoxlanıldığını qeyd edərək, dövlətin bu sahəyə diqqətinin xüsusi olduğunu vurğulayıb. O qeyd edib ki, bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir. Yaxın vaxtlar da bu istiqamətdə işlər artan xətt üzrə davam edəcək. Bu kontekstdə, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi bölgənin sosial–iqtisadi inkişafı baxımından vacib haldır.
Hazırda qeyri–neft sektoru haqqında təhlillər aparılarkən kənd təsərrüfatı ilə yanaşı dağ–mədən sektorunun cəlbediciliyindən də danışılır. Xüsusən torpaqların işğaldan azad edilməsindən sonra dağ-mədən sahəsi respublikanın qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Yaxın perspektivdə ölkəmizdə qızıl və digər qiymətli metalların hasilatı istiqamətində böyük işlər aparılacaq ki, bu da dövlət büdcəsinin artması və iqtisadi potensialın dərinləşməsində xüsusi əhəmiyyət daşıyacaq.
              Bununla bağlı danışan Prezident İlham Əliyev qeyd etdi ki, “Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq. Çünki son beş il ərzində, - verilən təqdimatda da bu, göstərilir, - təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq”.
               30 il ərzində Şərqi Zəngəzurun müxtəlif rayonlarında qanunsuz olaraq Azərbaycanın təbii sərvətlərini talan edən Ermənistan və bir sıra xarici kompaniyalar sözsüz ki, bu qanunsuz əməllərinə görə cavab verəcəklər. 
              Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan qarşısında həm də yeni iqtisadi imkanlar açılıb. Təsadüfi deyil ki, müharibənin cəmi 8 ay əvvəl bitməsinə baxmayaraq, ermənilər tərəfindən viran edilmiş rayonlarda surətli şəkildə yenidənqurma işlərinə başlanılıb. Sözsüz hədəf bəllidir. Azərbaycanın regionun surətlə inkişaf edən dövlət statusunu davam etdirmək, iqtisadi göstəricilərimizi daha da inkişaf etdirmək, xalqın rifahını yüksəltmək.
           Dövlətimiz layihələrin faydalılıq əmsalına xüsusi diqqət yetirir. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə investisiya etməyəcəkdir. Biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. 
                 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına nüsahibəsində qeyd edib ki, Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Azərbaycanda ixracın 15 faiz artması çox uğurlu nəticədir. Qeyri-neft ixracı 27 faizdən çox artıb ki, bu da dövlətimizin uğurlu iqtisadi siyasətinin göstəricisidir. 
             İlk 6 ayda xarici ticarətin müsbət saldosu 3,4 milyard dollardır. Ermənistanın isə xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxıbdır. 
            Dövlətimizin başçısı bildirib ki, azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. 
          Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturunun inkişafı da diqqət mərkəzindədir. İşğaldan azad edilmiş ərzilərimizdə yeni yol infrastrukturunun reallaşması üçün hazırda aparılan, böyük əzmlə həyata keçirilən işlər ölkəmizə strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən çox fayda verəcək. 
            Azərbaycanın digər ölkələrlə siyasi əlaqələri də uğurla inkişaf edir. Avropa İttifaqının rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel–yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Prezident İlham Əliyev bildirib ki, bu, onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. 
            Azərbaycanın bütün tərəf-müqabilləri çox yaxşı bilirlər ki, Azərbaycanın güclü daxili potensialı var. Azərbaycan düzgün siyasət aparır. Ölkəmizdəki milli həmrəylik, xalq-iqtidar birliyi imkan verir ki, ölkəmiz  bütün tərəfdaşlarla bərabər hüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilsin. 
           Hədəf bəllidir- Azərbaycanın regionun surətlə inkişaf edən dövlət statusunu davam etdirmək, iqtisadi göstəricilərimizi daha da inkişaf etdirmək, xalqın rifahını yüksəltmək.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф