booked.net

İnsanlar arasında humanizm və mərhəmətin rəmzi: Qurban bayramı


İlham Əliyev: "Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır"
Qurban bayramı Uca Yaradanın bəşəriyyətə hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biridir. İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.
Qurban bayramı, eyni zamanda, insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, yaşadılmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, təmizlənməsinə, imanlarının kamilləşməsinə xidmət edir. Tarixən İslamın mütərəqqi ənənələrinə bağlı olan xalqımız da əsrlərdir ki, bu yüksək dəyərləri yaşadır, gələcək nəsillərə ötürür.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu əziz günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yarandı. Bu bayram respublikamızda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri də Qurban bayramı günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirib, müsəlman dostlarını təbrik ediblər. Azərbaycan xalqının mənəvi birliyinin ifadəsi olan bu ənənə bundan sonra da davam edəcək.
Müxtəlif xalqların və dinlərin mənsublarının əsrlər boyu mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən müxtəlif dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha
da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.
Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, həm də xalqla dövlətin vəhdətini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirir.
Azərbaycanda dini bayramlarla bağlı siyasi varislik prinsipi bu gün də uğurla həyata keçirilir. Ulu öndərimiz Heydər Əliyev hər il ölkəmizdə keçirilən dini bayramlar münasibətilə xalqımızı təbrik edib. Dahi şəxsiyyət müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirib.
Ümummilli lider 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!".
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son altı ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərin əyani təsdiqidir.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Qurban bayramında Prezident İlham Əliyevin xalqa müraciətində Vətən müharibəsində Qələbənin sevinc notlarını görmək hər birimiz üçün olduqca qürur dolu, fərəhli, duyğulu anlar idi: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Ölkəmiz İslam mədəniyyətinin inkişafına böyük töhfə verir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş edib.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb.
Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı, eləcə də gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, xalqımızın böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi.
Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz
yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф