booked.net

"Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır."


Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla tarixi ədaləti bərpa etdi. Bununla da bölgəyə davamlı sülh və sabitlik, inkişaf üçün yeni reallıqlar yarandı. 
         Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq.Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək.
           Azərbaycan-Türkiyə əməkdaşlığı regionda barış, sülh, əmin-amanlıq və rifah yaratmaqda müstəsna və əhəmiyyətli rol oynayır. 
          "Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır.  Azərbaycan Qarabağda tarixi qələbəyə imza atdı və 30 illik işğala son verdi. Qarabağ zəfəri bölgədə qalıcı sabitliyin qapısını açdı."- Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən əvvəl “Atatürk” hava limanında jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirmişdi. 
            Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata bəyanatında, bundan bir gün sonra isə Milli Məclisdəki çıxışında səsləndirdiyi fikirlər iki qardaş ölkənin tarixi köklərə, möhkəm təmələ əsaslandığının daha bir təcəssümünə çevrildi və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz olduğunu göstərdi. 
              Altı ölkəni- Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platformasıdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. 
                 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 16 iyun tarixində Milli Məclisdəki çıxışında ən mühim məqamlardan biri ölkələrin inkişafına əlavə imkanlar yaradacaq altı ölkənin iştirakını nəzərdə tutan yeni beynəlxalq əməkdaşlıq platformasının yaradlıması ilə bağlı təklifidir. Təklif olunur ki, altı ölkə-Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan bu yeni əməkdaşlıq platformada birləşsin. Bununla da artıq bu regionda sabitlik bərqərar olacaq və düşmənçilklər aradan qalxacaqdır. Davamlı sülhə gedən yol regiondakı bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Belə bir mühitin yaranması üçün ən gözəl əsaslar Azərbaycanın zəngin tarixi, mədəniyyəti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış dövlət siyasətidir.
                Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi rahatlığın və zənginliyin miqyasını təsəvvür etmək belə mümkün deyil. Yaranmış yeni reallıqlar Azərbaycan ilə birlikdə eyni zamanda Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Rusiyaya və bütün dünyaya çıxa biləcəklər. Beləliklə ermənilər özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər.
               Ərdoğan bildirib: "Misal olaraq, Zəngəzur dəhlizində işləməyə başlayacaq dəmiryolu ilə ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya gedə biləcəklər. Bununla da öz-özlərinə tətbiq etdikləri blokadadan azad ola biləcəklər. Qardaşımla birlikdə təklifimizi etdik. Təklif etdik ki, altı ölkə birgə platforma quraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın".
           Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil cəmiyyətimiz tərfindən daim böyük qürur hissi ilə xatırlanır. 
            Geridə qalmış otuz ildə Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazancla çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bəllidir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər və otuz il köçkün düşən insanlar artıq öz doğma torpaqlarına qayıdacaqdır. İşğal altındakı həmin torpaqlar otuz il sonra yenidən sahiblərinə qovuşacaqdır.
               Qədim tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün birgə, qarşılıqlı səylər və sarsılmaz iradə əsasında inkişaf etdirilir. XX əsrin əvvəllərində baş verən hadisələrə nəzər salsaq görərik ki, azərbaycanlılar və türklər hər zaman çiyin-çiyinə dövrün çətinliklərinə sinə gərib, ağır sınaqlardan alnıacıq çıxıblar. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə azərbaycanlı könüllülər türk qoşunları ilə birgə vuruşaraq, böyük rəşadət göstəriblər. Vaxtilə Bakını işğal edən erməni daşnaqları bolşeviklərin xeyirduası ilə 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı törədib, on minlərlə soydaşımızı qətlə yetiriblər. Qubada tapılan kütləvi məzarlıqdakı insan cəsədlərinin qalıqları Azərbaycanın digər bölgələrində də bu cür misli görünməmiş vəhşiliyin həyata keçirilməsindən xəbər verir. Məhz belə çətin anlarda Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu qardaş Azərbaycanın köməyinə gəlib. 
          Zaman dəyişir, vasitələr dəyişir. Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional geosiyasətin əsas aktorlarına çevirmişdir. Həyata keçirilən enerji layihələri Azərbaycanın dəstəyi və fəal iştirakı sayəsində mümkün olub. Türkiyədən keçən neft və qaz kəmərləri vasitəsilə Azərbaycan həm enerji resurslarını dünya bazarına çıxarır, həm də Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin daşınması üçün tranzit rolunu oynayır. Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam və etibar, dostluq və qardaşlıq belə qlobal layihələrin həyata keçirilməsinə imkan verən əsas amildir. Onlar Avropanın enerji təhlükəsizliyinin mühüm elementləridir.
           Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Həqiqətləri bilmək istəyənlər işğaldan azad olunmuş ərazilərə gəlib erməni vəhşiliyinin acı nəticələrini öz gözləri ilə görməlidirlər.
           Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, mədəni irsini talan etdiyi, tarixi abidələrini dağıtdığı Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir. Zəngin mədəni irsə malik Qarabağın Azərbaycana Pənahəli xan Cavanşir, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Molla Pənah Vaqif, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş edib. Ənənəvi Qarabağ atüstü oyunu Çovqan, əsasən Qarabağda formalaşan Azərbaycan muğamı və Azərbaycan xalçası UNESKO-nun müvafiq siyahılarına daxil edilib. 
           Dağlıq Qarabağda azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıtmaq bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək cəhdidir. 1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdı. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi.  İşğal dövründə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevridi. 
              Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri təbii bir incəsənət akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın zamanından, xüsusilə şeirləri bu gün də sevilərək oxunan Qarabağ xanının vəziri Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi olmuşdur. Qartal yuvası kimi qayaların üstündə, səmaya yaxın salındığı üçün Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. "Qafqazın konservatoriyası" adlandırılan Şuşa - Hacı Hüsü, Kərbəlayi Hüsü, Abdulbagi Hilalov, Ələsgər Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi peşəkar musiqiçilər- Sadıqcan, Ata Bağdaguloğlu, Qurban Pirimov kimi musiqiçilərin, Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan şəxsiyyətlərin vətənidir.
             Şuşa dünya mədəniyyəti tarixinə ensiklopedik biliyə, yüksək istedada malik olan və müsəlman aləmində operanın banisi Üzeyir bəy Hacıbəyov kimi dahi, Zakir Bağırov, Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Süleyman Ələskərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Niyazi kimi böyük bəstəkarlar bəxş etmişdir.
Erməni quldurları Şuşa şəhərindən külli miqdarda tarixi eksponatlar və muzey əşyaları aparmışlar. Şuşa tarix muzeyindən 5000 eksponat, Üzeyir Hacıbəyovun ev muzeyindən 300 eksponat, Bülbülün ev muzeyindən 369 eksponat, Azərbaycan xalçaçılıq və xalq tətbiqi sənəti Dövlət muzeyinin Şuşa filialından 63 eksponat, Qarabağ Dövlət tarix muzeyindən 500 eksponat, Mir Mövsüm Nəvvabın ev muzeyindən 100 eksponat, Dövlət rəsm qalereyasından 90 eksponat ermənilərin əlinə keçmişdir ki, bu ekspanatların bir çoxu xarici ölkələrdə satılmış, bir qismi isə erməni maddi mədəniyyət nümunəsi kimi nümayiş etdirilir.
           Xalqımız əmin idi ki, Qarabağın ürəyi, Azərbaycanın qeyrət timsalı Şuşa kimi şəhərini işğaldan mütləq azad edəcəyik. Axı, ulu öndər Heydər Əliyevin dediyi kimi, -"Şuşasız Qarabağ,Qarabağsız Azərbaycan yoxdur".
           Ümummilli liderimizin bu arzusu da yerinə yetdi- Qarabağı erməni işğalından azad etdik. Həyat yenidən öz əvvəlki axarına qayıdır. İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Tezliklə işğaldan azad olunmuş bütün ərazilərimiz dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. 
           İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində qardaş Türkiyə də öz töhfəsini verəcəkdir.Yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında yaxından iştirak edəcəkdir
           Əminik ki, qüdrətli liderimiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində “Qarabağ dünyanın Cənnət məkanına çevriləcək”.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф