booked.net

Türkiyənin böyüyən iqtisadi gücü, Amerikanın Türk fobiyası...



Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Co Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
106 ildir dünyadan ədalətli yanaşma gözləyən qondarma “erməni soyqırımı” məsələsinə erməni yalanları fonundan dəyərləndirmə ABŞ-ın mövqeyinə inamsızlıq yaratmaqla yanaşı, Türkiyə ilə münasibətlərində də gərginlik yaradacaq. Diqqət çəkən budur ki, ABŞ-a bu saxtalaşdırmasına görə dəstək verən dövlətlərdən biri Fransadır. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən olmaqla yanaşı, erməni sevgisini hər addımda qabarıq şəkildə büruzə verir.  Fransa qondarma “erməni soyqırımı” nı tanımaqla kifayətlənməyib, Fransa Senatı bu “soyqırımı” tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsini də müzakirəyə çıxarmışdır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Görünür, onları birləşdirən ümumi dəyər məhz bu cəhətləridir.
Tarixi sənədlər, açılan arxivlər göstərir ki, ermənilər zaman-zaman türklərə qarşı soyqırımı siyasəti aparıblar.
1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır: Lakin baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.  Türkiyə XİN ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibətində bildirir ki, tarixi prosesləri mühakimə etmək üçün hüquqi, mənəvi səlahiyyəti olmayan ABŞ Prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.
Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub.  Təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar da  açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.
Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri qürurla ana bilərik. Bu gün Azərbaycan torpağında minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar. Azərbaycan-Türkiyə əlaqələri Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Bu gün Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqancqlıqla qarşılanır. Qondarma “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasına mane olan dövlətlər unudurlar ki, bu əsassız iddia güclü Türkiyəyə təsir vasitəsi ola bilməz. Bu fikir rəsmi Bakı tərəfindən də daim bəyan edilir ki, Türkiyə kimi güclü, demokratik dəyərlərə böyük hörmətlə yanaşan və bu prinsipləri yüksək səviyyədə qoruyan dövlətin Avropa Birliyində təmsil olunması qurum üçün böyük şərəf olar.
Azərbaycan bu məsələdə də Türkiyənin yanınadıdır. Co Baydenin bəyanatından sonra dövlətimizin başçısı İlham Əliyevlə Türkiyə Prezidentə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı ölkə Prezidentimizin bu qərarın yanlış olduğunu bildirərək onu tarixi səhf adlandırması, Milli Məclisin sədri Sahibə Qafarovanın türkiyəli həmkarı Mustafa Şəntopla telefon danışığı zamanı Azərbaycanın Türkiyənin yanında olduğunu bildirməsi, Azərbaycan Xarici İşlər Nazirliyininin, ölkəmizdə fəaliyyət göstərən partiyaların bəyanatla çıxış edərək xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləmələri Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə mövqeyini ifadə edir. Atılan bu addımdan zərər görən təbii ki, ABŞ olacaq. 1992-ci ildə ermənilərin və erməni diasporunun təşəbbüsləri, ən əsası yalanlarə nəticəsində ABŞ Konqresi Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı” na ədalətsiz “907-ci düzəliş”i qəbul etmişdir. Bu qərarın qəbulundan 9 il sonra ABŞ hökuməti onun ədaətsiz qərar olduğunu təsdiqlədi və fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul etdi. Baxmayaraq ki, qərarın birdəfəlik ləğvi hələ də həllini gözləyir, amma hər il onun yenidən təsdiqlənməsi həyata keçirilir, fəaliyyəti dondurulur. Qardaş Türkiyəyə qarşı da irəli sürülən “erməni soyqırımı” iddiasının əsassızlığının, siyasi məqsəd daşıdığının etiraf ediləcəyi zaman uzaqda deyil. ABŞ kimi güclərin saxta bəyanatları tarixi təhrif etmək, həqiqətləri ört-bastır etmək imkanında deyil. Bütün tarixi sənədlər təsdiqləyir ki, “ erməni soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur.
Daim bir-birinin yanında olan Azərbaycan və Türkiyə birgə səyləri ilə bu yalana da son qoyacaq, tarixin saxtalaşdırılmasının mümkünsüzlyünü, gec-tez həqiqətin yalan üzərində qələbə qazandığını dünyaya sübut edəcək.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф