booked.net
ПОСЛЕДНЯЯ МИНУТА Novruz: sülh, dostluq, birlik bayramı...

ADPU-nun 100 və Şamaxı filialının 30 illiyi münasibətilə konfrans keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 və Şamaxı filialının 30 illik yubileyi münasibətilə “Respublikamızda milli-pedaqoji kadrların hazırlanmasında ADPU-nun rolu” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Tədbiri açan direktor Tünzalə Yusifova böyük inkişaf yolu keçmiş ADPU-nun bu gün Azərbaycanın ən nüfuzlu ali məktəblərindən birinə çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı dövlət başçısının təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür. Bu gün ADPU-nun, o cümlədən Şamaxı filialının məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə uğurla çalışırlar. Ölkədə təhsil sahəsində aparılan islahatlara bütün imkanları ilə qoşulan ADPU-nun Şamaxı filialı maddi-texniki bazası, təhsil mühiti, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirləri ilə cəmiyyətdə özünə müsbət imic qazanıb. Filialın məzunları vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə nəinki pedaqoji və digər sahələrdə, həm də 44 günlük Vətən müharibəsində Azərbaycana və dövlətçiliyimizə olan sədaqətlərini ön sıralarda nümayiş etdiriblər.
“Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikada pedaqoji təhsilin bayraqdarıdır” mövzusunda məruzə ilə çıxış edən professor Məlikməmməd Cəbrayılov ADPU-nun fəaliyyəti boyunca Azərbaycanda kadr hazırlığı prosesinə verdiyi töhfələrdən, yetişdirdiyi minlərlə maarif və ictimai xadimin Azərbaycan cəmiyyətində oynadığı roldan bəhs edib. Ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə ADPU-nun çiçəklənmə dövrünü yaşadığı xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu proses indi də davam edir və ADPU ən nüfuzlu ali məktəblərdən biri olaraq 20 minə yaxın tələbənin kadr hazırlığını həyata keçirir, həmçinin bir çox beynəlxalq layihələrə qoşulur. Buna misal olaraq Corc Vaşinqton Universiteti ilə ikili diplom layihəsini qeyd edilə bilər. Şamaxı filialında da kadr hazırlığı uğurla həyata keçirilir.
ADPU-nun məzunlarından olan BDU-nun dosenti Mirələm Vəliyev çıxışı zamanı Azərbaycanın ilk ali pedaqoji təhsil ocağının yarandığı gündən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməyindən, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsindən danışıb. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında universitetin çox sayda məzunları olduğunu diqqətə çatdıran M.Vəliyev Şamaxı filialında müəllim olaraq fəaliyyət göstərdiyi illərdən də qürur hissi ilə bəhs edib.
Uzun illər Şamaxı filialının direktoru vəzifəsində çalışmış, hazırda filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri vəzifəsini icra edən dosent Mayıl Alıcanov təhsil müəssisəsində hər zaman yüksək elmi-potensiala malik kadrların fəaliyyət göstərdiyini deyib. O, bu gün də filiala yerli kadrlarla yanaşı, ölkənin nüfuzlu ali təhsil müəssisələrindən 10-dan çox alimin dəvət olunduğunu vurğulayıb.
Sonra filialın tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov “ADPU-nun fəaliyyətində Heydər Əliyev erası” və kafedranın müəllimi Yaqut Qasımova “Elmi pedaqoji kadrların hazırlanması günün aktual problemidir” mövzularında çıxış ediblər.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф