booked.net

Şamaxıda küçələrin işıqlandırılması üçün yeni dirəklər quraşdırılır


Prezident İlham Əliyev fevralın 25-də “Signify” şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edərkən, şirkətin Bakı, Sumqayıt və Şamaxıda icra etdiyi layihələrin səmərəliliyini yüksək qiymətləndirib. Görüş zamanı şirkətin baş icraçı direktoru Erik Rondolat ölkəmizdə həyata keçirdikləri layihələrdən danışaraq Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacağını bildirib. Əməkdaşlarımız Şamaxıda olub, şirkətin icra etdiyi layihənin gedişi ilə maraqlanıb.
Bakı, Sumqayıt, eləcə də Şamaxıda küçə və prospektlərin, digər avtomobil yollarının işıqlandırılması layihəsi uğurla davam edir. Yeni quraşdırılan işıqlar müasir standartlara cavab verməklə yanaşı, həm də elektrik enerjisindən qənaətlə istifadə edilməsinə səbəb olacaq.
Şamaxıda həyata keçirilən layihənin iş icraçısı Nəbi Osmanov deyir ki, ilkin mərhələdə uzunluğu 17 kilometr olan Şamaxı-Ağsu, eləcə də 33 kilometr uzunluqda olan Şamaxı-Dəmirçi yolunun işıqlandırılması işlərinə start verilib. Layihə çərçivəsində Şamaxı-Dəmirçi avtomobil yolunun kənarında 1024 işıq dirəyindən 910-u quraşdırılıb, naqillər çəkilib, transformatorlar qoyulub. Bu işlər yekunlaşdıqdan sonra Şamaxı şəhərinin küçə və prospektlərinin də işıqlanma sisteminin yenidən qurulmasına start veriləcək.
Dirəklər yolun bir tərəfinə quraşdırılsa da, istənilən hava şəraitində hər iki zolağı işıqlandıra bilir.
Enişli-yoxuşlu, döngəli olan bu yollarda xüsusən payız və qış aylarında qarlı və dumanlı hava səbəbindən sürücülərin işi xeyli çətinləşirdi. Şamaxı şəhər sakini Ərəstun Xələfov bildirir ki, Pirqulu istiqamətində gedərkən bir neçə kənd ərazisindən keçir. Burada axşam yol işıqlanmadığından görmə məhdudlaşırdı. Amma küçələrin müasir tələblərə uyğun işıqlandırılması onların işini xeyli asanlaşdıracaq.
Digər Şamaxı sakini Rəfael Tağızadə deyir ki, Şamaxı şəhərində işıq dirəklərinin yeniləri ilə əvəzlənməsi, küçə və prospektlərin işıqlandırılması, sürücülərlə bərabər piyadaların da işini rahatlaşdıracaq. Yeni dirəklər şəhərin işıqlanması ilə yanaşı, onun gecə görüntüsünü də gözəlləşdirəcək.
Hazırda Şamaxı-Dəmirçi avtomobil yolu ilə paralel Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxıdan Ağsu istiqamətinə gedən ərazilərdə də işlər davam edir. Yolun əsas hissəsində dirəklər bərkidilib, naqillər çəkilərək birləşdirilib. Bu işlər yekunlaşdıqdan sonra Şamaxının daxili küçə və prospektlərinin işıqlandırılması üçün ümumi uzunluğu 110 kilometr olan yeni xətlərin çəkilməsi də planlaşdırılır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф