booked.net

Füzuli Zəngilan Laçın və Cəbrayıl rayonlarına səfərlər


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan,
Laçın və Cəbrayıl rayonlarına səfərləri həmin ərazilərin bərpasına dövlətin
ən yüksək səviyyədə diqqət və qayğısının nümayişidir
Prezident cənab İlham Əliyev torpaqların bərpası prosesinin artıq başladığını, dağılmış bütün kəndlərin bərpa ediləcəyini, azad olunmuş bütün şəhərlərin baş planlarının hazırlandığını bildirib.
Ölkə rəhbəri qeyd edib ki, Qarabağın cənnətə çevrilməsi üçün planlı işlərin görülməsinə başlanılıb və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.
Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə ölkə Rəhbərinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Torpaqların bərpası ilə yanaşı infrastuktur və enerji məsələlərinin həlli əsas məsələlərdəndir. Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib.
Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş və tezliklə bərpa ediləcək torpaqlara, öz doğma yurd-yuvalarına insanların qısa müddətə qayıdışını təmin etməkdir.
Artıq infrastruktur layihələrinə start verilib. Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb.
Minalardan təmizləmə işləri də qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək.
Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. Bu torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edtiriləcəkdir. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilərək 7 min hektarda əkin işləri aparılıb. Bu günə qədər bu ərazilərdə suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək.
Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.
Torpaqlarımız işğal edildikdən sonra ermənilərin vandalizminə məruz qalmışdır. Ərazilərdə bu gün müşahidə etdiyimiz dağıdılmış evlər erməni faşizminin törətdiyi əməllərdir. İşğalda saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün də olsa, infrastruktur inkişaf etdirilməyib, yaşadıqları şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb.
Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilib, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum ediliblər.
Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır.
Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasının avadanlığını çıxarıb, stansiyaların binalarını da dağıdıb.
Terror dövləti olan işğalçı rejim Azərbaycana qarşı ekoloji terror da törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır.
Azad edilən ərazilərimizdə görülən işlər çərçivəsində 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun da artıq bərpasına start verilib.
Bu qoruqda əvvəllər 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.
Prezidentin göstərişi ilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident cənab İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Azad edilmiş bütün torpaqlarımızda su, günəş, külək enerjisindən istifadə olunacaq.
Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.
Azad olunan torpaqlarımızdan Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan və Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisinin böyük potensialı var. Torpaqlarımızda dağıdılmış bütün su elektrik stansiyaları da bərpa ediləcəkdir. Təkcə Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişafa aparır.
Prezident cənab İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa əks olunub. Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti vardır:
· Doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu;
· Ölkəmizin ərazi bütövlüyünü bərpa olundu;
· Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu;
· Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı;
· Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.
Prezident cənab İlham Əliyev səfər zamanı çıxışında bölgə ölkələrinin bu yolun tikintisinə böyük maraqla yanaşdığını qeyd edərək dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti olduğunu, bununla da:
· Bütün bölgə ölkələrinin ancaq xeyir götürəcək,
· Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyinin təmin ediləcəyini və müharibə risklərinin sıfra endiriləcək;
· Azərbaycanın Naxçıvanla, Türkiyə ilə birləşəcək;
· Rusiyadan Ermənistana dəmir yolu xəttinin açıla biləcək.
· Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısının yaranacaq;
· İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısının olacaq.
Prezident cənab İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşmış Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır.
Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.
Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar.
Prezident cənabv İlham Əliyev çıxışı zamanı bildirib ki: “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik”.
Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur olmuşdur. Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək bu təklifləri rədd etmiş, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım- addım qələbəyə hazırlamış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurmuşdur.
Biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunun cənub hissəsi hərbi əməliyyatlar nəticəsində azad edilib. Səfiyan və Türklər kəndlərinin azad edilməsi ilə Azərbaycan ordusu Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm əldə edib.
Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.
1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi.
Ölkə Prezidenti çıxışında AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satdığını, həm xəyanət, həm də böyük cinayət törətdiklərini bildirib. AXC-nin nəzarəti altında qüvvələr olsa da, Şuşanı boşaltmışdılar. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu.
Sonra Laçın rayonunu da satmış, ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəlmişdilər.
1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik etmişlər. Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!
Prezident qeyd edib ki: “AXC-Müsavat cütlüyünün satdığı torpaqları biz döyüşürək azad etmişik. Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”.
Prezident cənab İlham Əliyev bildirib ki: “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Biz tarixi ədaləti bərpa etmişik. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф