booked.net

Şamaxının daha bir kəndinin yolu yenidən qurulur


Şamaxının daha bir kəndinin yolu yenidən qurulur

Şamaxı rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində Kələxana kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri aparılır.
Başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrindən götürən yerli əhəmiyyətli Kələxana yolu 4-cü texniki dərəcəli olmaqla, 8 kilometrdir. Yolun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun gəlmirdi, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımalarında çətinliklər yaradırdı.
Sözügedən yolda yenidənquruma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və əraziyə kifayət qədər canlı qüvvə və texnika gətirilib.
Layihə çərçivəsində yolun normativ eninin alınması məqsədilə torpaq yatağının bərpası üçün yararsız qrunt və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə eninin 6-7 metrdən 10 metrədək genişləndirilməsi və profilə salınması işləri aparılır. Asfalt hissəsinin eni 6 metr olmaqla, ümumi eni 10 metrdir. Tikintisi bitən ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol birləşmələri ilə kəsişmələrdə 9 yeni suötürücü boru qoyulub. Kənd ərazisində sakinlərin istifadəsi üçün hesablanmış əlavə ötürücü boruların qoyulması da nəzərdə tutulur. Layihənin sonuncu mərhələsi üzrə hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə məsafə göstəricisi, yol nişanı və siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
Qeyd edək ki, yolun yenidən qurulması 3369 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin Şamaxı şəhəri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq. Habelə, əhalinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxışı təmin olunacaq. Yenidənqurma işlərinin dekabr ayınadək başa çatdırılması nəzərdə tutulub.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф