booked.net

Şamaxı rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib


Fevralın 27-də  Şamaxı rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə sr edilmiş hesabat yığıncağı keçirilib.
 Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər. Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar.
    Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
    Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2019-cu ildə Şamaxıda 2018-ci illə müqayisədə ümumi daxili məhsulun həcmi 23,1 faiz artaraq 322,2 milyon manat olmuşdur. Rayon üzrə artımda ən yüksək faiz tikinti-quraşdırma işlərində nəzərə çarpır. İşlərin həcmi 47,1 faiz artaraq 132,1 milyon manat təşkil edib. İqtisadiyyatın bütün göstəriciləri üzrə artımla yadda qalmış 2019-cu ildə rayonda üzümçülüyün inkişaf etdirilməsi əsas prioritet məsələ olub. Ötən il üzümlüklərin sahəsi artaraq 1809,3 hektara çatıb, məhsuldarlıq 1 il ərzində 4405 ton artıb. Şamaxıda yeni tingçilik təsərrüfatı yaradılıb, üzümçülüyün inkişafına təkan verəcək, həmçinin turist axınına səbəb olacaq yeni layihələr icra olunub. Ölkəmizdə Birinci Üzüm və Şərab festivalı Şamaxıda keçirilib.
    Rayonun iqtisadiyyatı ilə bərabər sosial həyatında da müsbət dəyişikliklərin çoxluğu diqqəti cəlb edir. Yığıncaqda fərdi yaşayış evinlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyməsi ilə nəticələnən zəlzələdən də bəhs edilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə aparılan işlərindən danışılıb. Bildirilib ki, ötən il Şamaxıda dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış ev tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib və bu işlər hazırda da davam edir.
 Ötən il rayonda “ASAN xidmət” mərkəzi istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi aparılır, 1 məktəbin tikintisinə də yaxın günlərdə başlanacaqdır.
    “Nəsimi İli” çərçivəsində Şamaxıda 10-dan çox beynəlxalq və ölkə əhəmiyyətli tədbir və konfrans keçirilib, rayona 130 minə yaxın turist gəlib, onların da 33 faizi xarici turistlərdir.
    Məruzə ətrafında çıxış edənlər 2019-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər. Həmçinin zəlzələdən sonra ziyan dəymiş yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikinti, bərpa və təmirinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
    Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı çıxış edərək, 2019-cu ildə respublikanın və Şamaxının inkişafından danışıb, qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.
    İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş üzümçü sahibkar Qurbanəli Babaşova orden təqdim edilib, rayonun ictimai-siyasi həyatında və abadlıq-quruculuq işlərində öz fəailyyətləri ilə fərqlənən şəxslər rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. Xüsusi diqqət çəkən məqam isə icra başçısının “DOST-İŞ” Mərkəzində işləyən təmizlik işçiləri və fəhlələri təltif edərək mükafat verməsidir.
    Yığıncağın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.
Şamaxı rayonunun 2019-cu ilin sosial iqtisadi inkişafının yekunları - hesabat təqdimatı


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф