booked.net

İlham Əliyev Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub


Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi.
Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.
Dövlətimizin başçısı çay süfrəsi arxasında Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət etdi.
Xuraman Həsənova: Xoş gəlmisiniz. Allah ən arzuladığım günü mənə qismət edib.
Prezident İlham Əliyev: Çox sağ olun. Sizi təbrik edirəm. Yeni mənzilə köçmüsünüz.
Xuraman Həsənova: Sənə qurban olum, gözəl insan, gözəl ailə başçısı. Azərbaycanımızın fəxrisən. Bayrağımızı ucaldan, ölkəmizi hər cür təmin edən canına mən özüm qurban. Çox sağ olun. Allah Sizdən razı olsun. Mənim bir əhdim olub. Heç vaxt özümə heç nə arzu etməmişəm. Ancaq həyatda uşaqlar üçün arzulamışam. Bu evlər belə olanda ancaq bir arzum olub, demişəm ki, ya Rəbbim, əgər mənə belə bir şey qismət olsa Prezidentlə görüşüm olsun. Bugünkü gün Allah mənə onu qismət edib. Çox sağ olun. Allah Sizdən razı olsun. Sizə dəstək verənlərdən də Allah razı olsun, əziyyət çəkənlərdən də. Belə bir günü bizə qismət etmisiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən bu il üçüncü dəfədir ki, Şamaxıdayam. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.
Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur. Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa vətəndaş getməlidir sığorta şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir, vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir. Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir. Bu ev yəqin ki, əvvəlki evdən də fərqlənir.
Xuraman Həsənova: Bəli, əlbəttə, çox fərqlənir. Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev: Siz hansı şəraitdə yaşayırdınız.
Fərdar Həsənov: Acınacaqlı vəziyyətdə. Allah köməyiniz olsun.
Xuraman Həsənova: Allah Ulu Öndərimizə rəhmət eləsin, bizə Sizin kimi Prezident bəxş edib. Allah Zərifə xanıma da rəhmət eləsin. Mehriban xanımı təbrik edirəm, Rusiya Prezidenti Putinin ona verdiyi ordenə görə. O da gözəl insan, gözəl xanımdır, hamının qeydinə qalır. Bizim Prezidentimizdən heç bir yerdə yoxdur, bir dənədir, xanımı da, özü də. Allah övladlarının canını sağ eləsin, o bir oğlunu gözünə çıraq eləsin.
Mənim atam əsl şamaxılı olub, Rəcəb kişi. O, bizə zəlzələlərdən danışardı. O vaxt heç insanlar bir-birinə kömək də etmirdilər. Şamaxı dümdüz yer olub. Zəlzələlərdən sonra bu cür olub. Allaha şükür ki, Siz bu insanlara yardım edirsiniz, belə şərait yaradırsınız. Çox sağ olun, Allah Sizdən razı olsun. Ömrünüz uzun olsun, Sizə qurban olum. Mən bu sözləri bu evə görə demirəm. Siz gözəl insansınız. Belə Prezident heç bir yerdə yoxdur.
Prezident İlham Əliyev: Çox sağ olun. Şamaxı seysmik zonada yerləşir, ona görə burada zəlzələlər tez-tez baş verir, özü də dağıntılar törətmiş zəlzələlər. İnsanlar da həlak olmuşlar. Bu dəfə xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş verməmişdir, hər kəs sağ-salamatdır. Amma siz də qeyd etdiyiniz kimi, əvvəlki dövrlərdə bütün binalar uçub-dağılmışdı, təkcə məscid qalmışdı. Məscidi elə tikmişdilər ki, həm zəlzələ, həm erməni vandallığı heç bir təsir edə bilmədi. İndi mən dəfələrlə bütün mötəbər tədbirlərdə bu məscidin adını çəkirəm.
Xuraman Həsənova: Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin, məscidləri insanlara qaytardı. Mənim rəhmətlik atam o məscidə görə Moskvaya kimi yazdı, şəkilləri çəkdi göndərdi ki, bu məscidi insanlara qaytarsınlar. Sonradan bu işlər görüldü, o görmədi, yaşlı adam idi, rəhmətə getdi. Allah ölənlərinizə rəhmət eləsin. Hər bir şey gözəldir.
Prezident İlham Əliyev: Biz onu yenidən qurduq. Bu gün bu, Azərbaycanın və müsəlman aləminin ən qədim məscidlərindən biridir. Mən şəxsən onun təmiri ilə məşğul oldum. Mehriban xanım da böyük əziyyət çəkmişdir. Xaricdən də qonaqlar dəvət olundu, onu böyük təntənə ilə açdıq. Şamaxıda zəlzələ tez-tez baş verir. Bu dəfə də bir çox, yəni, yüzlərlə, evə ziyan dəymişdir.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, Şamaxı rayonu üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilmişdir. Bundan başqa, çoxlu bərpa işləri də görülmüşdür. Təkcə Şamaxı rayonu üzrə 1175 evdə bərpa işləri aparılmışdır. Demək olar ki, yenidən tikilmiş evlərə bərabərdir.
Prezident İlham Əliyev: Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Mənim bir neçə sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur.
Xuraman Həsənova: Bizdə su ilə bağlı çox narahatlıq olub, indi Allaha şükür ki, hər evdə su axır.
Prezident İlham Əliyev: Amma daha yaxşı olacaq.
Xuraman Həsənova: Qazımız, işığımız, hər bir şeyimiz var. Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev: Şəhərdaxili yollara yenidən asfalt salınacaq. Şamaxı qədim tarixi yerdir. Qədim xəritələrdə Şamaxının adı var. Adı əsrlərboyu xəritələrdə öz əksini tapan şəhərlər o qədər də çox deyil. Şamaxı o şəhərlərdəndir, tarixi şəhərdir, Şirvanın mərkəzidir. Elə zəlzələdən sonra Şirvanşahlar buradan Bakıya köçüblər, Bakıda saray tikiblər. Amma onların yeri buradır. Nəsiminin vətəni buradır. Biz bunu, əlbəttə ki, qiymətləndirməliyik.
Xuraman Həsənova: Allah köməyiniz olsun. Deyir cənnət görmək istəyən Azərbaycana gəlsin. Yaxşı olacaq, inşallah. Turistlər gəlirlər, ölkəmizi bəyənirlər, hər şeydən razı gedirlər. Yeni məktəbləri, bağçaları, yolları görəndə adamın ürəyi açılır.
Prezident İlham Əliyev: Mən televizorda gördüm ki, uşaqlar narahatdırlar, deyirlər ki, bu məktəb başımıza uçur. Dərhal göstəriş verdim, komissiya göndərdim, Baş Naziri, sonra Prezident Administrasiyasının digər vəzifəli şəxslərini göndərdim, dedim gedin baxın nədir. Gəldilər, sonra qayıtdılar mənə dedilər ki, bərpa ediləsi deyil, sökək. Sökdük, indi yenidən tikilir.
Xuraman Həsənova: Allah razı olsun, Sizin sayənizdə.
Prezident İlham Əliyev: Şamaxıya yeni icra başçısı təyin etmişəm, eşitmişəm ki, vətəndaşlar onu yaxşı qəbul edir, çox fəal işləyir. Biz gərək gənc kadrlara üstünlük verək. Bu gün “ASAN xidmət”in açılışında idim. İndi gedib baxarsınız, elə bil saraydır. Orada bütün xidmətlər avtomatik olacaq, daha o arayış sənin, bu arayış mənim yox. Gəldin, nömrəni götürdün, səni heç kim incitməyəcək. Bütün uşaqlar da gülərüzdür.
Xuraman Həsənova: Allah köməyiniz olsun. Allah Mehriban xanımdan da razı olsun.
Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm. Burada xoşbəxt yaşayın.
Xuraman Həsənova: Çox sağ olun.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф