booked.net

Şamaxıda işaxtaranlar üçün əmək yarmarkası keçirilib


Şamaxı rayonunda işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil olunub. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Yarmarkada 14 müəssisə müxtəlif sahələr üzrə ümumilikdə 110 vakant iş yeri təqdim edib. Tədbir zamanı 150-dən çox iştirakçı iş yerləri, əmək şərtləri və tələb olunan bacarıqlar barədə ətraflı məlumat alıb. İşəgötürənlər namizədlərin uyğunluğunu müəyyən etmək məqsədilə qeydiyyat aparıblar. Vakansiyalar təhsil, xidmət, ticarət, tikinti və istehsal sahələrini əhatə edib, iştirakçılar isə işəgötürənlərlə birbaşa ünsiyyət imkanından yararlanıblar.
Əmək yarmarkasında həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı filialı – “DOST Evi” iştirak edib. Filialın nümayəndələri tədbir iştirakçılarına həssas qruplara göstərilən dəstək, sosial inteqrasiya imkanları, yaradıcı fəaliyyətlər və müxtəlif layihələr barədə məlumat veriblər. Tədbir çərçivəsində “DOST Evi” üzvlərinin hazırladığı əl işləri də sərgilənib və iştirakçıların böyük marağına səbəb olub.
Yarmarkanın əsas məqsədi işaxtaran şəxsləri potensial iş yerləri ilə tanış etmək, onların bacarıq və təcrübələrini uyğun sahələrlə birləşdirmək olub. Belə tədbirlər regionda əmək bazarının inkişafına dəstək göstərir, işəgötürənlər üçün isə istedadlı kadrları birbaşa tanımaq imkanı yaradır. İşəgötürənlər və iştirakçılar qeyd ediblər ki, bu cür yarmarkalar əmək bazarında şəffaflığı artırır və həm işəgötürən, həm də işaxtaran üçün səmərəli platformadır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф