Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 9-da Ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və müvafiq qurumlara tapşırıqlar verilib.
Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.