booked.net

Avropa Şurası Parlament Assambleyasının sərgilədiyi davranış qərəzlidir


Əsl mahiyyəti irqçilik, etnik-dini parçalama, qızışdırıcılıq və sümürgəçilik olan Avropa siyasətinin arxasında hər zaman güc mərkəzlərinin məkrli niyyətləri dayanıb. Avropanın əksər beynəlxalq təşklatlarının fəaliyyətində də bu siyasətin və riyakarlığın təzahürləri aydın görünür. 
Avropa Şurası mühüm beynəlxalq birlik olaraq ədalət, bərabərlik və üzvlərinin suverenliyinə hörmət prinsiplərinə riayət etməyi rəhbər tutmalı olduğu halda, son vaxtlar bəzi avropalı deputatların Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə qarşı əsassız ittihamlarla çıxış edir, ölkəmizə qarşı əsassız və cəfəng iddialarla çıxış edirlər. 
Bu qərəzli yanaşmadan aydın görünür ki, Avropa Şurası tərəfindən ölkəmizə qarşı açıq Azərbaycanofobiya, İslamofobiya nümayiş olunur. Halbuki Beynəlxalq hüquq hər bir dövlətin hüquq və vəzifələrinə hörmət etməyi tələb edir. 

AZƏRBAYCANIN 20 İLDƏN ÇOX AŞPA-DA FƏALİYYƏTİ BU QURUMUN ƏSL MƏQSƏD VƏ MƏRAMINI ANLAMAĞA KİFAYƏT EDİR. 
Bu illər ərzində Azərbaycan nümayəndə heyətinin bü­tün səylərinə baxmayaraq AŞPA Ermə­nistanı qonşu dövlətin torpaqlarını iş­ğal etmiş təcavüzkar kimi tanımadı. Bu müddət ərzində ölkəmizin nümayən­də heyətinin Ermənistanın işğal­çı siyasəti ilə bağlı irəli sürdükləri təkliflər eşidilmədi. Ermənistanın işğalçılıq si­yasətini pisləyən, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənis­tanda tamamilə korrupsiyaya uğ­ramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan-Sarkisyan haki­miyyətinə qarşı heç bir ittiham irəli sü­rülmədi. Azərbaycan nümayəndə heyə­tinin bu məsələlərlə bağlı irəli sürdüyü müzakirə təşəbbüslərinin qarşısı dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylər və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı. Bütün bunların əvəzində isə nəyə şahid oluruq?- Azərbaycanın öz gücünə işğal altındakı torpaqlarını azad et­məsi, 30 ilə yaxın icra olunmamış BMT TŞ qətnamələrini icra etməsi və bunun­la da beynəlxalq ədaləti təmin etməsi AŞPA-nı narahat etməyə başladı. İndi AŞPA Azərbaycana qarşı haqsız irad­lar irəli sürür və Azərbaycan dövlətini ermənilərin hüquqlarının pozulmasında ittiham edir. 
Hələ ötən il oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi.
AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnaməsinin 23-cü bəndində Azərbaycan açıq-aşkar təhdid edilirdi. 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror tədbirləri hərbi əməliyyatlar kimi qiymətləndirilirdi. Bu qurum 19-20 sentyabr hadisəsindən sonra erməni mənşəli sakinlərin könüllü olaraq Ermənistana qayıtmalarına tam başqa don geyindirməyə çalışmışdı. Antiterror tədbirləri ona görə həyata keçirilmişdi ki, ölkəmizə qarşı hərbi təhdidlər davam edirdi və buna son qoyulmalı idi. Ancaq AŞPA Azərbaycanın suveren hüquqlarını qorumasına yox, separatizmi dəstəkləyən Ermənistana arxa olmağa çalışmışdı.
“Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə olunan qətnamədə, həmçinin Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələnirdi. 
Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü almaniyalı deputat, Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.
Bu, qabaqcadan planlaşdırılmış addım kimi qiymətləndirilməlidir. Qalmaqallı təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğunun heç bir sübuta ehtiyacı yoxdur. 
Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. 
 Fransa və Almaniyanın bəzi məsələlərin müzakirəsində və qərarların qəbulunda tandem şəklində çıxış etməsi də ilk dəfə deyil. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. 
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə tə­sir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermə­nistan arasında münasibətlərin normal­laşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin et­məyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil si­yasətini aparmağa çalışan yeganə döv­lət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səs­vermə hüququnun müvəqqəti məhdud­laşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir. 

AŞPA 30 İL ƏRZİNDƏ AZƏRBAYCAN ƏRAZİLƏRİNİN İŞĞAL FAKTINA GÖZ YUMUB, ERMƏNİSTANA ÖZƏL MÜNASİBƏT SƏRGİLƏYİB. 
Qurumu Azərbaycanla münasibətlərdə yalnız ermənilərlə bağlı məsələlər narahat edib, yalnız bu mövzunu prioritet sayıb. Hətta Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra digər Avropa institutları kimi, AŞ və AŞPA da Ermənistanın işğal müddətində törətdiyi dağıntıları, kəndlərin, şəhərlərin yer üzündən silinməsini, maddi-mədəni, dini irsin yox edilməsini öz gözləri ilə görmək üçün heç bir təşəbbüs göstərməyib, Bakının dəvətlərinə isə qarşılıq verməyib. Bu qurumun fəaliyyəti illərinə nəzər saldıqda aşkar görünür ki, beynəlxalq təşkilat olaraq  AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib və qərbdəki antiazərbaycan qüvvələrinin ölkəmizə qarşı təzyiq vasitəsidir. 
 AŞPA Azərbaycana qarşı ""arqumentlər"indən biri Qarabağın erməni əsilli sakinlərinin bölgədən "zorakılıqla köçürülməsi" ilə bağlıdır.           
 Əvvəla, AŞPA artıq mövcud olmayan coğrafi anlayışdan - Dağlıq Qarabağ ifadəsindən istifadə edir. İkincisi, erməni əhalinin əksəriyyətinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunu tərk etməsində rəsmi Bakının hər hansı təzyiqi, zorakılıq göstərməsi iddiaları heç bir sağlam məntiqə sıxmır. Həmin köç prosesi bütün dünyanın gözü qarşısında, KİV nümayəndələrinin maneəsiz işıqlandırması şəraitində baş tutdu. Rəsmi Bakının erməni sakinlərlə eleqant davranışını göstərən, onları zəruri qida və digər vasitələrlə təmin etdiyinə dair yüzlərlə foto və video fakt mövcuddur.
 Ötən il oktyabr ayının əvvəlində Qarabağa səfər etmiş BMT missiyası yaydığı bəyanatında da bildirmişdi ki, Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar zamanı Xankəndidə və digər yerlərdə mülki infrastruktura, məktəblərə, xəstəxanalara heç bir ziyan dəyməyib. Bəyanatda vurğulanırdı ki, yer əhali ilə (Qarabağda qalan erməni əsilli şəxslər) söhbətlərdə onlardan hər hansı şikayət daxil olmayıb.
 AŞPA-nın növbəti arqumenti Azərbaycanın nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır. Bu arqumentin də heç bir əsası olmadığını sübut etmək asandır. Aydındır ki, beynəlxalq təşkilata üzv olan ölkə üzərinə bır sıra öhdəliklər götürür, amma bu proses bütün ikitərəfli münasibətlərdə olduğu kimi, qarşılıqlı xarakter daşımalıdır. Avropa Şurası Parlament Assambleyası isə Azərbaycanla bağlı, ölkəyə səfərlər zamanı yalnız öz maraqlarına uyğun, məhdud gündəliyi müzakirə edib.
Qəribədir, 30 il ərzində Qarabağın və Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yuman, burdakı real vəziyyəti müşahidə etməyə nümayəndə göndərmək üçün Ermənistana təzyiq göstərməyən AŞPA işğal faktını öz gücü hesabına aradan qaldıran, öz torpaqlarını təmizləyib, ərazi bütövlüyünü bərpa edən Azərbaycana təzyiq edir. Bu, AŞPA-nın iç üzünü görmək üçün daha bir faktdır.  
2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.
 Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.
Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qurumun deputatları bu məsələlərlə bağlı ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini xüsusilə Azərbaycanın siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər. 
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. O, bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Aİ rəsmisi, hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərmişdir.

AZƏRBAYCAN ƏDALƏTİN TƏRƏFİNDƏDİR. ÖLKƏMİZƏ QARŞI TƏHDİD, QARAYAXMA KAMPANİYASI QƏBULOLUNMAZDIR. 
AŞPA-nın qəbul etdiyi qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.  
Artıq rəsmi Bakı Almaniya və Fransanın anti-Azərbaycan platformasına çevirdiyi qurumun obyektivliyinə güvənmir. Məhz bu güvənsizliyə və AŞPA-nın bugünkü qərarına görə Azərbaycan nümayəndə heyəti Bəyanat yayaraq, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə qərar qəbul etdiyini açıqlayıb.            
Azərbaycan bu bəyanatla bir daha nümayiş etdirdi ki, heç bir ölkə və beynəlxalq təşkilat onunla diqtə dilində danışa bilməz. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra sessiyanı yarımçıq tərk edib.
 Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Monitorinq Komitəsinin qərarına etiraz məktubunda qeyd etdiyi kimi: "Nümayəndə heyətimizin etimadnaməsinin ratifikasiyasından imtina AŞPA-nın və ümumilikdə Avropa Şurasının hakimiyyətinə ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu dar düşüncəli addımın təşəbbüskarlarının üzərinə düşür".


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф