booked.net

Prezident İlham Əliyev: "Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk"


Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla çıxış edib.

Azərbaycanın və Gürcüstanın tarixi və dostluq münasibətləri ilə yanaşı bu gün müstəqil ölkələr kimi möhkləmlənən strateji əlaqələr bağlayır. Və yeni çağırışlar qarşısında əlaqələr bu ölkələrə yeni impuls verir. Ölkə liderlərinin sıx təması və qarşılıqlı səfərləridə buna hesablanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Edurad Şevarnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunub.

REGİONAL SÜLHƏ VƏ SABİTLİYƏ XİDMƏT EDƏN AZƏRBAYCAN-GÜRCÜSTAN İQTİSADİ MÜNASİBƏTLƏRİ

İki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoyan 8 mart 1996-cı il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəndirilməsi haqqında Müqavilə”, həmçinin 4 mart 2004-cü ildə tarixində imzalanmış “Azərbaycan Respublikası və Gürcüstan arasında birgə Bəyannamə”  Bakı və Tbilisi arasında konstruktiv əlaqələrin formalaşması baxımından mühüm önəm kəsb edir.
İki ölkənin tərəfdaşlığı ilə nəinki regional, hətta qlobal əhəmiyyətə malik olan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və  Traseka kimi enerji və nəqliyyat layihələri həyata keçirilir.
Bu gün Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatan Cənub Qaz Dəhlizi və onun sonuncu siqmenti  Trans Adriatik Boru Kəməri ( TAP) bütün tranzit ölkələr üçün dividendlər gətirməklə yanaşı qoca qitənin enerji təhlükəsizliyində həyati rol oynayır.
İndi bu əməkdaşlığa daha bir komponent əlavə olunur. Azərbaycandan Avropaya doğru uzanacaq bərpa olunan enerji körpüsüdə məhz Gürcüstandan keçəcək.
Ötən ilin  dekabrın 17-də   Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bu tarixi layihənin başlancığı idi.
Azərbaycan həmçinin Gürcüstanda ən çox investisiyaya sahib ölkələr sırasındadır. İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb.
Eyni zamanda ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır və bu  ölkədən  Azərbaycana 263 milyon dollar investisiya daxil olub.

PREZİDENT İLHAM ƏLİYEV: "ƏSRLƏR BOYU BİZİM XALQLARIMIZ MEHRİBAN QONŞULUQ VƏ DOSTLUQ ŞƏRAİTİNDƏ YAŞAMIŞDIR, BU GÜN DƏ BU, BELƏDİR”.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib ki, biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk.
Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir".
Dövlətimizin başçısı, həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən böyük diqqət və hörmət olduğunu, qeyd edərək Gürcüstanın Baş nazirinə və gürcü xalqına təşəkkürünü bildirərək nümayiş etdirilən sərgidə bir şəkilin diqqətini daha çox cəlb etdiyini vurğulayıb: " Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi.Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik".

PREZİDENT İLHAM ƏLİYEV: "CƏNUBİ QAFQAZDA SÜLHÜN BƏRQƏRAR OLMASININ VAXTI ÇATIB"
Bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir: “Ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik”.
Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır".
Dövlətimizin başçısı mətbuata bəyanatında vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq: " Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.
Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olması, eləcə də Gürcüstanın vasitəçiliyi və bu əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, Cənubi Qafqaza sülh lazımdır və indi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar: "Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur".
Dövlətimizin başçısı mətbuata bəyanatında onu da bildirdi ki, hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.
O ki qaldı, bizim digər sahələrdəki əməkdaşlığa, cənab Baş nazir artıq qeyd etdi, həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlarımız var, əlbəttə ki, böyük uğurlarımız var. Həyata keçirilmiş layihələr haqqında danışmaq, hesab edirəm ki, əbəsdir, bunu hər kəs bilir. Sadəcə olaraq onu demək istəyirəm ki, bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir”.
Göründüyü kimi, çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan Prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal miqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir. Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır və işğalçılıq hikkəsindən əl çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamaqda davam edir. Reallıq onu göstərir ki, inkişafa gedən yol Azərbaycandan keçir! Ermənistan üçün hələ də gec deyil.

PREZİDENT İLHAM ƏLİYEV: "HƏM ENERJİ, HƏM DƏ NƏQLİYYAT SAHƏSİNDƏ ÇOX BÖYÜK PLANLARIMIZ VAR”.
Bu sahədə böyük uğurların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərəcək".
"O ki qaldı, gələcək planlarımıza, burada da əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Biz Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında böyük məmnuniyyətlə iştirak edə bilərik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planların olduğunu söyləyib.
Prezidenti İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, bu gün Gürcüstan və Azərbaycan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır: "Biz buna hazırıq, bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var və ən əsası, əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Dövlətimizin başçısı energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsi olduğunu deyərək bildirib ki, burada da biz, Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, yaşıl enerji dəhlizi layihəsi həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Bu layihənin texniki-iqtisadi əsaslandırmasının yaxın aylarda hazır olacağını qeyd edən dövlətimizin başçısı bildirib: "Ondan sonra, əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Beləliklə yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək".

GÜRCÜSTANIN BAŞ NAZİRİ İRAKLİ QARİBAŞVİLİ: "XALQLARIMIZ ARASINDA DOSTLUĞUN, QARDAŞLIĞIN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ PREZİDENT İLHAM ƏLİYEVİN BÖYÜK XİDMƏTLƏRİ VAR"
"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var". Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Prezident İlham Əliyevlə birlikdə keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını uğurla davam etdirir.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin təməlinin dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Baş nazir deyib: "Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək, cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm".

GÜRCÜSTANIN BAŞ NAZİRİ İRAKLİ QARİBAŞVİLİ:”..BİZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ DƏSTƏKLƏYİRİK”.
"Mən bir daha cənab Prezidentə bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün". Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra brifinqdə söyləyib. "Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir", - deyə Qaribaşvili bildirib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib ki, bu il ticarət dövriyyəmiz 15 faiz artıb. Enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlıq edirik.
Baş nazir onu da vurğulayıb ki, bu görüşdə Orta Dəhlizlə bağlı müzakirə aparılıb: "Biz Qazaxıstanla da Orta Dəhlizin genişləndirilməsi ilə bağlı müzakirə aparırıq. Biz dəmir yolu xətlərini müasirləşdiririk, gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yükdaşımanı iki dəfə artırmağa nail olacağıq. Yeni dəniz limanının da tikintisini başa çatdıracağıq".
Azərbaycan Gürcüstanla birlikdə çox böyük işlərə başlayıb: "Biz də dəmir yolu xətlərimizi müasirləşdiririk və gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yüklərin həcmini iki dəfə artıra biləcəyik. Tezliklə biz Anakliya dəniz limanının inşasına başlayacağıq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq. Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik. Biz bir neçə ay ərzində növbəti tarixi layihənin genişləndirilməsini də qeyd edəcəyik. O layihə də uğurla başa çatacaqdır. Ona görə də bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Əminəm ki, Azərbaycanla bizim tərəfdaşlığımız və dostluğumuz uzunömürlü olacaq".
İrakli Qaribaşvili onu da vurğulayıb ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik: "Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün".
Gürcüstanın Baş naziri Heydər Əliyevin Gürcüstan-Azərbaycan arasında dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur: "Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm".
Beləliklə, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu hər iki ölkə liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev və gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin birgə mətbuat bəyanatında səslənən fikirlər bunun sübutudur. Və bu iki ölkə liderlər Azərbaycan -_Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirir. Dövlət başçımızın söylədiyi kimi: "Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk".


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф