booked.net

Azad edilən ilk şəhər- CƏBRAYIL


4 oktyabr - Cəbrayıl şəhəri günü ilə əlaqədar

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərinin və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabaq Azərbaycandır!”   (Prezidentin 4 oktyabr 2020-ci il tarixli, xalqa müraciətindən)

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Cəbrayıl 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1.05 min km2, əhalisi 81,7 min (01.01.2020) nəfərdir. Rayon 1 şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənddən ibarət idi. Kəndləri bunlardır – Xubyarlı, Xudaverdili, İmambağı, Qurbantəpə, Şahvələdli, Yarəhmədli, Balyand, Xələfli, Qaracallı, Yuxarı Mərcanlı, Böyük Mərcanlı, Cocuq Mərcanlı, Çərəkən, Əfəndilər, Papı, Dağ Tumas, Çələbilər, Qarağac, Sofulu, Hacılı, Hüseynalılar, Kavdar, Mirək, Tulus, Horovlu, Çapand, Safarşa, Hovuslu, İsaqlı, Qalacıq, Doşulu, Mahmudlu, Yuxarı Maralyan, Qazanzəmi, Çullu, Dağ Maşanlı, Əsgərxanlı, Söyüdlü, Qumlaq, Dərzili, Məstalıbəyli, Quycaq, Nüzgar, Şəybəy, Maşanlı, Alıkeyxalı, Mehdili, Çaxırlı, Minbaşılı, Ağtəpə, Daş Veysəlli, Sədi, Sarıcallı, Əmirvarlı, Məzrə, Yuxarı Məzrə, Sirik, Aşağı Sirik, Molla Həsənli, Xanağabulaq, Şahvəlli, Göyərçin Veysəlli, Hacı İsaqlı, Qoşabulaq, Qovşudlu, Niyazqulular, Tinli, Şükürbəyli, Dəjəl, Fuğanlı, Həsənqaydı, Şıxalıağalı, Qışlaq, Karxulu, Tatar, Aşağı Maralyan, Şıxlar, Cəfərabad, Kürdlər, Daşkəsən, Yuxarı Nüsüs, Süleymanlı, Niftalılar, Yanarxac, Quşçular, Keçəl Məmmədli, Qərər, Soltanlı, Aşıq Məlikli, Nüsüs.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar vardır. Rayon ərazisindəki iki böyük suvarma kanalı – “Teymur Quliyev” və “Maralyan” kanalları kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. Rayonda 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi var idi.

Cəbrayılda xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olmuşdur.
Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə  ləğv  edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən Cəbrayıl rayonu 1 şəhər,4 qəsəbə və 97 kənddən ibarət idi.

Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb. Erməni işğalçılarına qarşı döyüşlərdə Cəbrayıldan olan 6 nəfər göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü il 5 yanvarda Horadiz əməliyyatı zamanı rayonun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin ətrafdakı yüksəkliklərdə düşmən qüvvələri olduğu üçün kənddə yaşayış mümkün olmayıb.2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndikdən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib. Aprel zəfərindən sonra Azərbaycan Dövləti Cocuq Mərcanlıda yenidənqurma işlərinə start verib və tezliklə bu kənddə həyat yenidən qaynayıb, illər sonra kəndin sakinlərinin torpaq, yurd həsrəti bitib. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk qaranquşu kimi tarixə düşüb.

27 il davam edən işğalın fəsadları dövlətimizə və xalqımıza milyardlarla dollar məbləğində iqtisadi zərər vurmuşdur. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu da Ermənistanın vandalizm siyasətinin qurbanı olmuşdur. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, buradakı evlər, infrastruktur obyektləri ciddi dağıntılara məruz qalmışdır. Böyük ürəkağrısı ilə bildirmək lazımdır ki, işğaldan əvvəlki Cəbrayıl rayonu ilə rayonun indiki mənzərəsi arasında müqayisə dəhşət doğurur.
Azərbaycan dövləti və xalqı isə verdiyi sözü tutmuş, Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başlamışdır. Dövlətimizin və xalqımızın həyatında, tarixində əsl qəhrəmanlıq və cəsarət göstəricisi olan, milli qürurumuzu özümüzə qaytaran və 44 gün davam edən Vətən müharibəsində bir sıra tarixi torpağımızla yanaşı, Cəbrayıl rayonu da işğaldan azad edilmişdir. Bu qələbə, həm də son 200 il ərzində ermənilərin etniktəmizləmə, soyqırımı və işğalçılıq siyasətinin qurbanı olmuş azərbaycanlıların qisasının alınması idi. Qəhrəman Azərbaycan Ordusu öz qətiyyəti, peşəkarlığı, cəsarəti ilə Vətəninə, torpağına, xalqına bağlılığını, sevgisini sübut etmişdir. Qorxmazlığın və mərdliyin əsl nümunəsini göstərən şanlı ordumuz düşməni dizi üstə çökdürərək, tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü təmin etmiş, saxta “güclü Ermənistan ordusu” mifini, yalanını yerlə bir etmişdir.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Uğursuz dövlətin “yenilməz ordu”sunun mənsublarının yaxasındakı saxta dəmir-dümürdən fərqli olaraq, bizim əsgər və zabitlərin yaxasındakı hər bir medal, orden qiymətlidir, əvəzsizdir! Çünki bizim işimiz haqq işidi, çünki biz müharibədə qızıl ləyaqət göstərmişik.
Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb. Çünki Xudafərin bizim üçün milli qürur məsələsidir.
Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər bir səfəri tarixi hadisədir, Böyük Qayıdışın daha da sürətləndirilməsi istiqamətində atılan addımlarla zəngindir. Müzəffər Ali Baş Komandanın Cəbrayıl rayonuna hər səfərində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrıldı. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.   SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna 16 noyabr 2020-ci ildə gerçəkləşdirdiyi səfər zamanı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Dövlət Bayrağı ucaldıldı. Bu mühüm hadisələrin tarixi və siyasi əhəmiyyəti böyükdür. Həmçinin həmin səfər zamanı işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış oldu. 14 fevral 2021-ci ildə edilən səfər zamanı Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlərə diqqət yetirildi. Dövlət başçısının 26 aprel 2021-ci ildə reallaşdırdığı səfər  Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxışla yadda qaldı. Cənab İlham Əliyev, həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdi və hərbi qulluqçular ilə görüşdü. Ötən il oktyabrın 4-də- Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad edildiyi tarixdə bu rayona səfər edən Müzəffər Ali Baş Komandan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha bu torpaqların sahibi olduğumuzu bəyan etdi. Səfər zamanı “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi keçirildi. “Cəbrayıl” yarımstansiyanın,   Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi oldu. Dövlət başçısının Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə keçilən yolun təhlili əsasında qarşıdakı dövrün aydın mənzərəsi təqdim edildi.

...2020-ci ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılırdı. Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv edilərək Cəbrayıl rayonunun bir neçə kəndi azad edildi.
Qızğın döyüşlər zamanı düşmən Azərbaycan ordusunun qarşısında dayana bilməyərək xeyli itki verib geri çəkildi. Oktyabrın 4-də isə uzun illərdir düşmən tapdağında qalan Cəbrayılın mərkəzi və ətraf 9 kəndi işğaldan azad olundu.

Bu şad xəbərlə bağlı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciət etdi:
“Əziz həmvətənlər.
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!"

... 27 ildən sonra doğma torpağımız ev sahibini qarşıladı, rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi...
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri:

           16.11.2020:
- Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması;
- Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması;
- İşğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış;
- Dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış.
           14.02.2021:
- Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq.
           26.04.2021:
- Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış;
- Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş.
           04/05.10.2021:
- “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi;
- Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi;
- “Cəbrayıl” yarımstansiyanın açılışı;
- Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı;
- Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;
- Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi;
- Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
- Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi. 
            20.10.2022:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi;
- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi;
- “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi;
- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mətbuat konfransı.
         05.05.2023:
- Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoymuşdur. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı  yol boyunca  avtomobil körpüləri tikiləcək.
        28.09.2023:
- İnzibati binanın təməlqoyma mərasimi və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanışlıq;
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı.



Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф