booked.net

NARKOMANİYAYA "YOX" DEYƏK!


Narkomaniya yunan sözü olub, narko-bihuşluq, maniya isə asılılıq deməkdir. Narkomaniya qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən xalq təbabətində bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur.
İlk dəfə XVI əsrdə İsveçrəli həkim Paraselsin tiryəkdən dərman hazırladığı üçün dərman onun adlı ilə adlandırılmışdır. Sonrakı dövrlərdə isə alimlər tiryəkin zəhərli maddə kimi orqanizmə əks təsirini, hətta çox qəbul etdikdə ölümə səbəb ola biləcəyini müəyyənləşdirmişlər. 
Müasir inkişaf dövrü isə narkotiklərin qanunsuz dövriyyəsinin qloballaşması ilə səciyyələnir. Belə ki, dünyada geniş vüsət almış iqtisadi inteqrasiya, ticarət və nəqliyyat əlaqələrinin genişlənməsi prosesləri dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin bəşəriyyət üçün təhlükəliliyi milli, eləcə də beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiq edilməsini zəruri edir.
Dünyanın bəzi bölgələrində hələ də davam edən, hərbi münaqişələr və onların nəticəsində formalaşmış işğalçı rejimlər hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların nəzarət edə bilmədiyi ərazilərdə narkotik bitkilərin əkilib-becərilməsinə, narkotiklərin istehsalına, onların qanunsuz dövriyyəsinə və digər cinayətkarlıq yuvalarının yaranmasına gətirib çıxarmışdır. Həmçinin bu fəaliyyətdən əldə edilən milyardlarla gəlir beynəlxalq terrorçuluğun maliyyələşdirilməsinə yönəldilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuş, ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli baza yaradılmışdır.
Bu problemlə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən 36 Qanun, 13 Fərman, 54 Sərəncam, Nazirlər Kabineti tərəfindən 23 qərar, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bir çox sahələrdə olduğu kimi nəqliyyat infrastrukturu təsərrüfatının yenidən qurularaq müasir dünya standartlarına çatdırılması istiqamətində mühüm işlər görülmüş və bunun nəticəsidir ki, hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik olmaqla beynəlxalq yük daşımalarda Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.
Son dövrlər daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.
Azərbaycan Respublikası bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır.
1997-ci ildə Ümummilli Lider Heydər Əliyev BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı Komissiyasının 32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu problemin həllində ardıcıl addımlar atacağını və dünya ictimaiyyəti ilə bu məsələdə bir yerdə olacağını bəyan etmişdir. 1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında”, 1961-ci ildə “Psixotrop maddələr haqqında” konvensiyalarına qoşulmuşdur. 1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı qanunla qadağan edilmişdir.
Ölkəmizin nəqliyyat qovşağında yerləşməsi narkotik vasitələrin dövriyyəsinin artımını şərtləndirir. Bununla əlaqədar, vətəndaşların, xüsusən gənc nəslin narkotik ticarətçilərinin potensial qurbanlarına çevrilməsinin qarşısının alınması məqsədilə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi zəruridir. Narkomaniyanın genofondun pozulmasına yönəlmiş fəsadları ən böyük təhlükələrdən biridir. Bununla əlaqədar təhsil müəssisələrində həyata keçirilən təbliğat xarakterli tədbirlərin səmərəsini qeyd etmək olar ki, belə tədbirlər aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mütəmadi həyata keçirilir.
Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsi yetkinlik yaşına çatmayanların narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət yaradır. Belə bir təsir tədbiri cəmiyyətin digər və mühüm qolu olan ailə tərəfindən vəzifələrinin həyata keçirilməsini şərtləndirir ki, bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına yönəlmişdir.
Bundan əlavə yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə məsuliyyəti ağırlaşdıran tövsifedici əlaməti kimi 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədə olan Cinayət Məcəlləsinə əlavə edilmişdir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsi dayandırılmır və mütəmadi xarakter daşıyır.
Bu problemlə mübarizə ilə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən və cənab Prezident tərəfindən təsdiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 3 Dövlət Proqramı uğurla icra edilmiş və hazırda 2019-2024-cü illəri əhatə edən 4-cü proqram təsdiq olunmaqla uğurla icrası davam etdirilir.
Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycan Respublikasının bugünkü münasibətini xarakterizə edir.
Eyni zamanda Azərbaycan Respublikasının narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə aparmağa hər cür əsası vardır. Azərbaycan Respublikası Prezidentinin fədakar səyləri nəticəsində əldə edilmiş siyasi sabitlik, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dövlət nəzarəti, Azərbaycan xalqının qədim tarixi, milli adət və ənənələri, zəngin mədəniyyəti belə əsaslardandır. 

                                 Şamaxı rayon prokurorunun köməkçisi, 
                                 III dərəcəli hüquqşünas      İsmayıl Həsənli



                                                                                                       


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф