booked.net

PREZİDENT İLHAM ƏLİYEV : "İLİN SONUNA QƏDƏR ÖLKƏMİZİN UĞURLU İNKİŞAFI TƏMİN EDİLƏCƏK”


İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib. Halbuki, mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru ümumiyyətlə 3 faizdən çox artıb. Bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin 6 aylıq  sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. “Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. İlk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır. Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, bir daha demək istəyirəm ki, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.
Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.

"İlin sonuna qədər bir şəhər və dörd kəndimizdə vətəndaşlarımız tam məskunlaşacaqlar"

Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib ki, “ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.
Dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn işləmədiyini vurğulan prezident bildirib ki, “beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq”.

“Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir”.

Hərbi potensial və azad edilmiş torpaqların bərpası ilə bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev bildirib ki, bu sahəyə nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq: “Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik. Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”.

“....İmzalar atılsın və münasibətlər yaradılsın”. 

Bizim sülh danıışıqları ilə bağlı mövğeyimiz aydındır, məntiqlidir. Beynəlxalq hüquqa əsaslanır. Hesab edirəmki bu prinsiplə, Beynəlxalq hüquqlu norma və prinsipəri əsasında sülh müqaviləsi imzalana bilər, deyə Prezident  İlham Əliyev “Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik” deyə vurğulayıb.

Ekoloji tələblərə riayyət etməyən şirkətlər ixlas edirlər

30 ilə yaxın müddətdə işğalçılıq siyasətini həyata keçirən Ermənistan təbiətə qarşıda təcavüzkar davranır. Belə nümunələrdən biridə Oxçu çayının adını çəkmək kifayətdir. İllərdir ki, bu çayın kəskin çirklənməyinə məruz qalmasına baxmayaraq Beynəlxalq təşkilatlar bu məsələyə səssiz yanaşma sərgiləyir. Özlərini demokratiyanın mərkəzi sayan Almaniya, ABŞ, Fransa və digər dövlətlər şirkətləri erməni ekoloji terroruna nəinki göz yumurlar hətta bir-başa iştirak edirlər. Ermənistana qol-qanad verən dövlətlər adı şəkilən dövlətlə birgə transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirirlər. Sonuncu ekoloji terror faktına nəzər salaq: Ermənistan Naxçıvanla sərhəddə, Arazdəyən kəndində böyük metallurgiya zavodu inşa edir. Zavodun tikintisinə 70 milyon dollar  yatırılacağı bildirilir. Hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq zavod ildə 180 min ton məhsul istehsal edəcək. Həmçinin metallurgiya zavodu ABŞ-ın xeyir-duası ilə inşa edilir. Bu zavodun ən böyük təhlükələrindən biri su mənbələrindən çirkləndirilməsi, zərərli tullantıların Araz çayına axıdılmasıdır.
 “Bir məsələyə də mən toxunmaq istərdim. Bu da ekoloji tarazlıqla bağlı olan məsələdir. Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”.

"Biz artıq Qara dənizdə də varıq"

Nəqliyyat sektorunun əhəmiyyətinə toxunan Ölkə başçısı bildirib ki, bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti üçün əlavə imkanlar yaranır: “Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik.
Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik. Yəni, siz bunu diqqətdə saxlayın. Hər halda xaricdən gələn sifarişlər, - biz artıq ilkin danışıqlara başlamışıq, - çox müsbət haldır və bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında edirik.
Əgər bu gün bizdə gəmiqayırma zavodu olmasaydı, biz tankerləri, gəmiləri haradan alacaqdıq? İndi sual ritorikdir. Biz əvvəllər haradan alırdıq, indi oradan heç kim ala bilmir. Ona görə bu, vaxtında atılmış strateji bir addım idi. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi də. Bu göstərişi də mən vermişdim, biz bunu da etməliyik. Çünki bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər, çünki yenə də mən əvvəlcədən nəyi isə demək istəmirəm. Amma qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır.

“Yaşıl enerji”

Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı mənim göstərişimlə dövlət proqramı qəbul edilmişdir. Proqram mətbuatda dərc edilib, hər kəs götürüb oxuya bilər. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək. Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır. O cümlədən mən nə üçün bunu indi dilə gətirirəm, orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik.

"Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir"

Ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir – deyən Azərbaycan Prezidenti bildirib ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib.
Gədəbəy vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik.
Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil.
Araşdırmaların obyektivliyi təmin olunmalıdır. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməzdir. Bizim təbiətimiz məhv olunmamalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə diqqət yetirməyib və biganə qalıb, araşdırmaların nəticələri barəsində heç bir məlumat yoxdur. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər.
Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır.
Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də nazirliyin fəaliyyəti”.

“Abşeron” qaz-kondensat yatağı

Dövlət başçısı çıxışında “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması məsələsinə də toxunaraq bunu ölkəmiz üçün əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Bu günə qədər ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına.
“Abşeron”un birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф