booked.net

2 Fevral - Azərbaycan Gəncləri Günüdür


              
                                               Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

 Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. 
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Ulu Öndər gənclərimizin qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi fəaliyyətə başladı. 
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, hər bir gəncin Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün çalışmalı və öz xidmətlərini göstərməli olduğunu bildirirdi. 
Ümummilli lider Heydər Əliyev deyirdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti Azərbaycanda həyata keçirilən və bütün digər sahələri də əhatə edən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət Gənclər siyasətinin effektivliyinin göstəricisidir. Məhz dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclik hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və ölkəmizin gələcəyi naminə inamlı addımlar atmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirləri dövlətin məhz sabaha, gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərlə olan münasibətini belə qeyd edir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Dövlətimizin başçısı gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmiş və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. 
Sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsinə Bakı ev sahibliyi etdi. Müsabiqə  Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutmuşdur. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 fevral 2016-cı ildə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında“ Sərəncam vermişdir. Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl tədbirlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə geniş əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfə verirlər.
Dövlətimizin inkişafı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanda gənclərin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı   ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
GİKM 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5 mindən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa imkan qazanıblar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarilə yeni səhifəsinin başlanğıcıdır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ilin iyulun 2-də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi. Növbəti on ildə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet həyata keçiriləcək. Bu prioritetlər hər bir vətəndaşımızı əhatə etməklə yanaşı, onların həyat səviyyəsinin daha da artmasına, xüsusilə də gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Dövlətimizin başçısı gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.
Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Ölkəmizdə vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının nəticəsi idi ki, Ali Baş Komandanın bir çağırışı ilə yüz minlərlə gəncimiz Vətən torpaqlarının müdafiəsinə qoşuldu və cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı düşmən işğalından həmişəlik xilas etdi. 
"Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik" - Bunu Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində deyib.
Dövlət başçısı bildirib: "Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar."
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015”Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda  21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni  təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.
Beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın "Rio-2016" XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən "Bakı-2015" I Avropa Oyunlarında ikinci, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.  Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.
Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.
Dördüncü sənaye inqilabı təkcə elm və texnikanın inkişafına deyil, həm də cəmiyyətin strukturunun dəyişməsinə, urbanizasiyaya, yeni ixtisasların meydana gəlməsinə böyük təsir göstərir. Hazırda informasiya texnologiyalarının təsiri ilə sənayedə baş verən dəyişikliklər məhsul və xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa kömək edir. “Ağıllı” texnologiyalar, rəqəmsallaşdırma, robotlaşdırma – bütün bu proseslər həyatımıza getdikcə daha güclü daxil olur, onun ayrılmaz hissəsinə çevrilir. İntellektual cihazlar və “ağıllı” evlər, “ağıllı şəhər” və “ağıllı kəndlər” məişəti daha asan, daha rahat etməyə imkan verir. Dünyada sürətlə gedən son sənaye inqilabına Azərbaycanda da dövlət səviyyəsində diqqət ayrılır, bu istiqamətdə zəruri layihələr həyata keçirilir.
Ölkəmizin gələcək sosial-iqtisadi tərəqqisində mühüm rol oynayan təhsil sisteminin inkişafı, yüksək intellektə malik gənc kadrların yetişdirilməsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. 
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi var. İctimai həyatımızın ayrı-ayrı sahələrində Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına, respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına sadiq qalan, onun əməllərini yaşadan və ideyalarını gerçəkləşdirən Fondun fəaliyyəti ölkə gənclərinin məşğulluğunun təmin edilməsi, onların ictimai-siyasi proseslərdə yaxından iştiraka cəlb olunmasına yönəlmişdir.
 


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф