booked.net

Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata bəyanat verib


Qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətləri, siyasi-iqtisadi əlaqələr yüksələn templə inkişaf edir. Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyin genişlənməsinə və ölkələr arasında mövcud potensialın reallaşdırılmasına möhkəm zəmin yaradır. Azərbaycanda aparılan iqtisadi islahatlar ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük  imkanlara malikdir. 

Prezident İlham Əliyev Serbiya Respublikasının   Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanatında da bildirib ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. Dövlətimzin başçısı bu səbəbdən də ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayıb. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcəyinə və qəbul edilmiş qərarların  vaxt itirmədən icra olunacağına inamını ifadə edib. 

Azərbaycanla Serbiya arasında kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial var. 

Serbiyanın Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olması, Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkəmizin  şirkətlərinin Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edilməsi əsas verir ki, mövcud əməkdaşlıq daha da inkişaf edəcək. 

Prezident İlham Əliyev bəyan edib ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Serbiyanın Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıdıığı kimi, Azərbaycan da Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

Dövlətimizin başçısı bəyan edib ki, iki ölkə arasında ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.

Xatırladaq ki, Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. 2022-ci ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.

Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu - 6-cı iclası ötən ilin iyulunda Bakıda keçirilib.

Prezident İlham Əliyev iki ölkə arasında nəqliyyat-logistika sahəsində böyük potensialın olduğunu da diqqətə çatdırıb və bildirib ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

2022-ci il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanıb.

Bu il oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib: “... Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.

Hazırda inşası davam edən Bolqarıstan-Serbiya İnterkonnektoru istismara verildikdən sonra Azərbaycan qazının Serbiyaya nəql edilməsi mümkün ola bilər.

Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.

Dövlətimizin başçısı müdafiə sənayesi sahəsini də perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi qiymətləndirib və qeyd edib ki, bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.

“Serbiyada səfərdə olarkən  biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir”, - deyə İlham Əliyev əlavə edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф