Noyabr ayının 25-da Şamaxıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir. Ölkədə toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir: “Əhalinin artan qida ehtiyaclarının qarşılanması məqsədilə yeni metod və texnologiyalar tətbiq edilməklə kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlığın artırılması zəruri tələblərdən birinə çevrilib. Toxumçuluq kənd təsərrüfatının çox vacib sahəsi, aqrar sektorun inkişaf dinamiklərini müəyyən edən təşkil edən amillərdən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətlərindən biri toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkilidir”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sahəsinin əhəmiyyətli paya malikdir. Onun sözlərinə görə, məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq məqsədilə ölkəyə idxal olunan bitkiçilik məhsullarının, əkin və səpin materiallarının, toxumların keyfiyyətinə nəzarət gücləndirilib. Azərbaycana idxal olunan toxumların yeni nəsil virus və bakteriyaları yoxlandıqdan sonra yalnız sağlam və təhlükəsizlik göstəriciləri standartlara uyğun olan toxumların ölkəyə gətirilməsinə icazə verilir.
Nazirlər Kabinetinin Aqrar və Ekologiya şöbəsinin müdiri Lətif Qasımov vurğulayıb ki, əsas ərzaq məhsulu kimi strateji əhəmiyyətə malik ərzaqlıq buğda istehsalı xüsusi diqqətdə saxlanılmalıdır: “Təcrübə göstərir ki, düzgün sort və keyfiyyətli toxum seçildikdə, eləcə də lazımi aqrotexniki tədbirlər həyata keçirildikdə ölkəmizdə keyfiyyətli ərzaqlıq buğda istehsalını artırmaq mümkündür. Bu istiqamət üzrə dövlət siyasətinin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyi və aidiyyati qurumların müsbət fəaliyyəti qeyd edilməlidir. Toxumçuluğun inkişafı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi bu sahədə həyata keçirilən islahatların əsas istiqamətlərindəndir”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahə, o cümlədən toxumçuluqla bağlı sahibkarlarla keçirilmiş görüşlər və onlar arasında aparılmış sorğular, eləcə də toxumçuluq üzrə KOB subyektlərindən daxil olmuş müraciətlər barədə məlumat verib. Onun sözlərinə görə, KOBİA kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edir.
Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitki mənşəli istehsal baş idarəsinin müdiri Mehmet Hasdemir ölkəsində toxumçuluq sahəsinin inkişafı istiqamətində görülən tədbirlərdən danışıb, əldə etdikləri təcrübələri konfrans iştirakçıları ilə bölüşüb.
FAO-nun ölkəmizdəki nümayəndəsinin müavini Bariz Mehdiyev təmsil etdiyi təşkilatın Azərbaycan höküməti ilə əməkdaşlığı barədə məlumat verib, birgə icra olunan layihələr, toxumçuluğun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub.
Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda taxıl, tərəvəz toxumçuluğunun və tingçiliyin inkişafının perspektivləri mövzusunda müzakirələr və təqdimatlar keçirilib. Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.