booked.net

Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür.


44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir.
Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin doğmaları üçün təsəlli odur ki, onlar öz canları, qanları hesabına Vətəni düşməndən təmizlədilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz  bərpa edildi.   Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti eyni zamanda  ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.
Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Bu da onu göstərir ki, Azərbaycan dünyada öz sözünü deməyi bacarmışdır. Biz bu döyüşdən mənəvi qazancdan əlavə, həm də hərbi qənimətlər də əldə etmişik. Bu qənimətlərin bir çoxu işlək olsa da, bir hissəsi istifadəyə yararsızdır. Elə bu qənimətlərlə də bu ilin yanvar ayından paytaxtın Xətai rayonunda yaradılmasına başlanılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı artıq tam hazır vəziyyətə gətirilmişdir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.
Cənab Prezident İlham Əliyevin açılışnda iştirak etdiyi Hərbi Qənimətlər Parkı erməni faşistləri, üzərində qazanılan qələbənin təsdiqidir. Hərbi Qənimətlər Parkında maketi qoyulan erməni əsgəri, onun üzərində olan geyimi və texnikları Azərbaycan ordusu tərəfindən qələbə qazanıldıqdan sonra qənimət olaraq götürülüb. Bu cür muzey və belə təcrübə ilk dəfə deyil. Belə muzeylər dünyanın bir çox ölkələrində hələ ötən əsrlərdən bəri yaradılıb. Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini sübut etməklə yanaşı, illər boyu himayədarları sayəsində ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə acınacaqlı olduğunu bütün çılpaqlığı ilə göz önünə gətirir.
Cənab Prezidentin tövsiyəsilə bu parkın salınması ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən utanc hissi keçirmək imkanı yaradıb. İşğaldan azad edilmiş Azərbaycan ərazilərini gəzməklə ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin izini hər qarış azad edilmiş torpaqda görmək mümkündür. Azərbaycan turistlərin diqqətini cəlb edən ölkələr siyahısındadır. Bölgələrdə və şəhərin mərkəzində, şəhərətrafında kifayət qədər turizm məkanları, qədim tarixi abidələr həmiş turistlərin diqqət mərkəzində olub. İşğaldan azad etdiyimiz ərazilərdə tarixi abidələrin bərpası və Hərbi Qənimətlər Parkı ölkəmizi turistlər üçün daha cazibədar edəcək. Qalib ölkə olaraq qənimətlərin nümayiş etdirilməsi bizim üçün çox qürurvericidir.
Cənab İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, populizmdən uzağıq, nəyi deyiriksə ona əməl edirik. Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərzi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi öndə saxlayan dövlətimizin başçısı İlham Əliyev bu istəyin gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə nail olmağa səs yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün  dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri sözün əsl mənasında həqiqət kimi qəbul etmək, verilən vədə sadiqliyi əməldə təsdiqləməkdir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, “Bu vəzifəyə təzə seçilmişdim. Hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər.”
 İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənirlər. Müharibə zamanı bir addım da belə geri çəkilməyən, hər günü tariximizə Qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu cənab İlham Əliyevin qeyd etdiyi kimi, “XXI əsrin müharibəsini apardı və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz tədris edilir. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, eyni zamanda, çox qısa müddətdə- cəmisi 44 gün davam edən hərbi əməliyyatlarda dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyefə malik, sıldırım qayalarlar əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı ayrıca bir dastandır. Müzəffər Azərbaycan Ordusunun yazdığı bu dastan haqqında hələ çox danışılacaq. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına Şuşa azad edildi, düşmən diz çökdü, məğlubiyyətini etiraf etdi. Noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz bir güllə belə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da geri aldıq.”
44 gündə Azərbaycan xalqı yeni tarix yazdı. Bu tarixin hər bir səhifəsi gələcəyə işıq salır. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-abadlıq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdışı gözləyir. Amma bu sevincimiz bizə ermənilərin törətdikləri vəhşilikləri unutdurmamalıdır. Müasir dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alaraq təbliğat işimizi daha da göcləndirməli, erməni faşizminin əsl simasını dünya ictimaiyyətinə çatdırmalıyıq. 44 günlük İkinci Qarabağ müharibəsi görüməyən gözləri, eşitməyən qulaqları açsa da fürsət düşdükcə prinsiplərə sadiqlikdən yararlanaraq ikili yanaşmalarından maraqları naminə bəhrələnməyə çalışan dünyanın aparıcı dövlətləri hərdən bu yanaşmaların hansı ədalətsizliklərə, haqsızlıqlara yol açdığının fərqində olsunlar. Azərbaycan Vətən müharibəsinin gedişində də təzyiqlərə məruz qaldı, hətta bir çox ermənipərəst dünya gücləri tərəfindən Azərbaycann qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gətirildi. Bu sanksiyaları tələb edən, eyni zamanda, bunun əleyhinə olub Azərbaycanı müdafiə edən dövlətlərə diqqət yetirməklə illərdir münaqişənin həllində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda bu dövlətlərə həvalə edilməsinə sadəcə təəsüf etmək olar.
İnformasiya müharibəsinin davam etdiyi hazırkı dövrdə Bakıda Hərbu Qənimətlər Parkının açılışı Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olacaq. Bu baxımdan ki, faktlar bura üz tutan hər kəsə eksponatlar vasitəsilə çatdırılacaq. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü əsasında qısa zamanda səma altında salınan park həm insan amilinə verilən dəyərə uyğun olaraq vətəndaşlarımızın tarixin yeni səhifəsini öyrənmək üçün mənbə olacaq. 
Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş, əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazğallar, uzunmüddətli dəmir-beton atəş nöqtələri parkda qurulmuş mövqelərdə yerləşdirilib. Bu mövqelər 30 il ərzində elə möhkəmləndirilmişdi ki, hətta ağır artilleriya zərbələrilə dağıtmaq çətin idi.
 Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcəklər.
Azərbaycana qarşı olduqca məkrli, öz qeyri-insani xislətini gerçək əməllərində büruzə vermiş, işğal etdikləri əraziləri viran qoymuş düşmənin vəhşiliklərini unutmaq olmaz. Hərbi Qənimətlər Parkı da, əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək.
Prezident İlham Əliyevin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını şərtləndirən siyasi aspektlər və bu fonda Heydər Əliyev şəxsiyyəti ilə bağlı açıqlamaları tarixi reallıqların ədalətli dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir: “Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabğ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildər Heydər Əliyevin bütün vəziflərdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər... Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-cı illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı...”
Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaosun və vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında ulu öndər Heydər Əliyevin rolu barədə fikirlərini bölüşmüşdür. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cədhlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbiçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına... Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1933-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı.
Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.
Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən möhtərəm Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф