booked.net

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı və institusional təşəbbüslər


Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsini Böyük Zəfərlə başa çatdırdı. Düşmən işğalından azad edilən əzəli yurd yerlərimizin hər qarışında şəhidlərimizin, qazilərimizin qanı var. Vətən oğullarının müqəddəs savaşda göstərdikləri hünər, cəsarət bugünkü nəslə ən gözəl vətənpərvərlik, qəhrəmanlıq örnəyidir.
Dövlətimiz şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlamağı, problemlərinin həll edilməsini, onlara xüsusi diqqət və qayğı göstərilməsini özünün ən mühüm vəzifələrindən biri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısının ən bariz örnəyidir. “YAŞAT” Fondunun fəaliyyəti cəmiyyət və dövlət birliyinin təcəssümü, milli birliyin və həmrəyliyin göstəricisidir.
Könüllü şəkildə ölkə vətəndaşlarından, ölkədən kənarda yaşayan soydaşlarımızdan ianələrin köçürülməsi hesabına maliyyələşən Fondun humanitar missiyası cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılmasında həyata keçirilən bu prosesin faydalı nəticələri Fondun vətəndaşlar tərəfindən davamlı dəstəklənməsini şərtləndirən amillərdəndir.
Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılması və onların müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməsi bu istiqamətdə atılan uğurlu addımlardandır.
"Yaşat" Fondunun ictimaiyyət arasında qazandığı inamın başlıca səbəblərindən biri də bu Fondun fəaliyyətindəki şəffaflıqdır. Fondun vəsaiti bu istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı
potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması.
Qeyd edək ki, qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir.
“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub və Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılan Qarabağ Dirçəliş Fondunun işi də cəmiyyətin diqqət mərkəzindədir. Xatırladaq ki, bu qurum Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılıb. Taleyüklü məsələlərin həllinə dövlətin strateji yanaşması bir daha göstərir ki, otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.
Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri yalnız maddiyyatla bağlı deyil. Bu gün hər kəs başa düşür ki, yığılan vəsait işğaldan azad edilən torpaqlarımızın dirçəlişi ilə yanaşı, həm də milli-mənəvi birliyimizin möhkəmləndirilməsinə xidmət edir.
Hər kəs əmindir ki, Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.
2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası da bu istiqamətdə əhəmiyyətli nəticələrə nail olub.
Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.
Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ödənilır.
Hazırda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır.
Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə dövlətin mövcud istiqamətdəki prinsipiallığının daha bir göstəricisidir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan çox önəmli və əhəmiyyətli addımdır. Dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllinin sürətlənməsinə xidmət edir.
Sosial dəstək proqramlarının reallaşdırılmasında və dövlət siyasətinin sosialyönümlülüyünün qorunmasında dövlətin institusional təşəbbüsləri vacib rol oynayır. Bu cür təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur. Əbəs yerə deyil ki, Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən yüksək səviyyədə
diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsinin təmin olunması bu istiqamətdə görülən işlərə aid bir nümunədir.
Vətəndaşların müraciətlərinə baxılmasında obyektivliyin təmin edilməsi üçün dövlətin irəli sürdüyü institusional təşəbbüsü artıq öz müsbət nəticələrini verir. Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə həssaslıqla yanaşılır. Bu məqsədlə Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb və komissiyanın bölgələrdə fəaliyyət göstərən səyyar qrupları var.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir.
Döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.
Qazi və şəhid ailələri sosial sığortanın imkanlarından faydalanacaqlar. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər
təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф