booked.net

Şamaxıda Dövlət Qulluqçularının Peşə Bayramı Günü təntənə ilə qeyd edilib


23 iyun 2026-cı il tarixində Şamaxı rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Əlamətdar gün münasibətilə əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayonun dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rəsmi tədbirdə çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynadıqlarını qeyd edib. O, kollektivin üzvü Elxan Qədimlinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmasını rayonun dövlət qulluqçuları üçün qürurverici hadisə kimi qiymətləndirərək bunun dövlət qulluğuna verilən yüksək dəyərin ifadəsi olduğunu bildirib.
Tədbirdə çıxış edənlər dövlət qulluğu sistemində son illər həyata keçirilən islahatlardan, idarəetmədə müasir yanaşmaların tətbiqindən və dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və fəaliyyətinin stimullaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup dövlət qulluqçusu Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Bayram tədbiri Şamaxı Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Kamera Orkestrinin təqdim etdiyi "Musiqi irsimizə səyahət" adlı konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib. Zəngin musiqi proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbirə bayram ovqatı bəxş edib.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф