Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə təşkil olunan bu tədbirin əsas məqsədi regionlarda fəaliyyət göstərən gənc tibb işçilərinin peşəkar inkişafının stimullaşdırılması, onların hüquqi savadlılığının artırılması, psixoloji rifahının qorunması və karyera planlaması bacarıqlarının formalaşdırılmasıdır. Bununla yanaşı, konfrans regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından gənc kadrların potensialından səmərəli istifadə edilməsi, eləcə də gənc mütəxəssislərin regionlara cəlb olunmasının təşviqi baxımından mühüm platforma rolunu oynamışdır.
Tədbirdə Dağlıq Şirvan İqtisadi rayonu üzrə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin gənc tibb işçiləri iştirak etmişdir. Müxtəlif regionlardan olan iştirakçıların bir araya gəlməsi təcrübə mübadiləsinin genişlənməsinə, regional səhiyyə sistemlərində mövcud problemlərin müqayisəli təhlilinə və ümumi həll yollarının müzakirəsinə şərait yaratmışdır.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlamışdır. Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ASİHİRK-nın sədri Elnara Muradova, Milli Məclisin deputatı Tamam Cəfərova, eləcə də dövlət və ictimai qurumların nümayəndələri çıxış etmişlər. Çıxışlarda gənclərin ölkənin sosial-iqtisadi inkişafında aparıcı qüvvə olduğu, səhiyyə sahəsində gənc kadrların innovativ düşüncə və müasir yanaşmalar baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilmişdir. Eyni zamanda, gənc tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək hüquqlarının qorunması və peşə fəaliyyətində davamlılığın təmin edilməsinin dövlət və ictimai institutlar üçün prioritet istiqamətlərdən biri olduğu vurğulanmışdır.
Konfrans çərçivəsində təşkil olunan panel müzakirələr gənc tibb işçilərinin qarşılaşdıqları aktual problemlərin elmi-praktik müstəvidə müzakirəsinə həsr olunmuşdur. Panel sessiyalarında gənc mütəxəssislərin karyera inkişaf strategiyaları, peşə fəaliyyəti zamanı psixoloji yüklənmənin idarə olunması, tibbi fəaliyyətlə bağlı hüquqi risklər və məsuliyyət məsələləri, region xəstəxanalarında maddi-texniki təminat və kadr çatışmazlığı kimi problemlər, eləcə də davamlı məşğulluq mexanizmləri geniş şəkildə təhlil edilmişdir. Müzakirələr zamanı tibb müəssisələrinin rəhbərləri, hüquqşünaslar, həkimlər və həmkarlar ittifaqı nümayəndələri mövcud problemlərin həlli istiqamətində praktiki təklif və tövsiyələr irəli sürmüşlər.
Tədbirin sonunda gənc tibb işçiləri arasında intellektual yarış təşkil olunmuşdur. Yarış iştirakçıların analitik düşünmə qabiliyyətini, klinik situasiyalara yanaşma bacarığını, etik qərarvermə və komanda işi üzrə biliklərini nümayiş etdirmələrinə imkan yaratmışdır. Bu mərhələ gənc mütəxəssislərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların birgə əməkdaşlıq və sağlam rəqabət mühitində inkişafına töhfə vermişdir. Yarışın nəticələrinə əsasən qalib komandaya kubok və hədiyyələr təqdim edilmiş, bütün iştirakçılara isə sertifikatlar verilmişdir.
Ümumilikdə, “Gənc Tibb İşçilərinin Konfransı” regionlarda çalışan gənc səhiyyə mütəxəssislərinin peşəkar potensialının üzə çıxarılması, onların institusional dəstək mexanizmləri ilə tanışlığı və səhiyyə sistemində aktiv iştirakının təşviqi baxımından mühüm elmi-praktik əhəmiyyətə malik olmuşdur.










