Dekabrın 5-də Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Elm və Təhsil Nazirliliyinin (ETN) İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi çərçivəsində sahibkarların iştirakı ilə biznes forum keçirilib.
Şamaxıda keçirilən tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli Şamaxı Rayon İcra Hakimiyyətinin sifarişi ilə 2024-cü ildə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsinin yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, tədqiqatın məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanmasıdır. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud durum təhlil edilib. Bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib. Yerli sahibkarlar arasında sorğular keçirilib. Mövcud resurslardan istifadə səviyyəsi və rayonun investisiya potensialı qiymətləndirilib. Özəl investisiyaların cəlb edilməsi üçün müvafiq təşviq və dəstək mexanizmləri təklif olunub.
Daha sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov sahibkarların iştirakı ilə keçirilən biznes forumun əhəmiyyəti, rayona cəlb edilən investisiyalar və yerli biznesin, xüsusən də arqar sektorun və turizmin inkişafı meyilləri, rayonda biznes üçün imkanlar və perspektivli sahələr barədə danışıb. İqtisadiyyat İnstitutunun tədqiqatçılarının prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə Şamaxı ilə bağlı apardıqları tədqiqatları yüksək qiymətləndirib. Tədqiqatın rəsmi statistika, yerli qurumların məlumatları və keçirilən sorğuların nəticələri əsasında aparıldığını diqqətə çatdırıb. Layihənin effektivliyini təmin etmək üçün rayon icra hakimiyyətinin nümayəndələri ilə, yerli sahibkarlarla işgüzar görüşlər keçirildiyini, geniş müzakirələr aparıldığını bildirib. Layihə çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyəti, dövlət orqanları, ölkənin aparıcı akademik qurumları, ekspertləri, sahibkarlar, eləcə də KOBİA kimi qurumlarla əməkdaşlıq edildiyi vurğulanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA tərəfindən sahibkarlığın inkişafına dəstək layihələri və həyata keçirilən tədbirlər, ölkəmizin biznes və investisiya qoyuluşu imkanları, iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib.
İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Marsol Group-un rəhbəri Tural Mustafayev regionlarda sahibkarlar şəbəkəsinin formalaşdırılması və biznesin inkişafı imkanları barədə danışıb.
Sonra "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsinin ekspertləri, ETN İqtisadiyyat İnstitutunun əməkdaşları – professor Tərbiz Əliyev, dosent Famil Rüstəmov, dosent Mahir Zeynalov və elmi işçi Minarə Ağayeva “Biznes və investisiya imkanları: Niyə Şamaxı?” mövzusunda geniş təqdimatla çıxış ediblər. Təqdimat maraqla qarşılanıb, sahibkarların sualları cavablandırılıb. Habelə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyinin və sahibkarların iştirakı ilə Şamaxıda yerli iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların cəlb olunması imkanları geniş müzakirə edilib.
Qeyd edək ki, layihənin koordinatoru professor Tərbiz Əliyevdir. Tədqiqatın icrası üçün ETN İqtisadiyyat İnstitutunda 10 mütəxəssisdən ibarət tədqiqat qrupu formalaşdırılıb.
Tədqiqatın məntiqi nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanmış, rayonda sahibkarlığın inkişafının mövcud vəziyyəti və sahibkarlar arasında keçirilən anket sorğularının nəticələri təhlil edilmiş, Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılmasının məqsədəuyğunluğu əsaslandırılmış və onun təşkilati strukturu işlənilmişdir. Bunlarla yanaşı, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarların şəbəkəsinin genişləndirilməsi, sənaye və xidmət məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə əsaslandırılmış elmi-praktiki əhəmiyyətli təkliflər verilib.
Tədqiqatın nəticə və tövsiyələri ilk növbədə Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionları sosial-iqtisadi inkişafı üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlərının açılmasında, istehsalın və gəlirlərin artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər.