booked.net

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxış edib


Çıxışında Zəfərə aparan yola qısa ekskurs edən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, bunun üçün biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması- bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. 
Böyük Zəfər qazanmaq üçün 44 gün çox qısadır. Bəlkə də fantastik, inanılmaz bir müddətdir. Bu qısa zaman kəsiyində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yarmaq möcüzə kimi görünür. Amma Azərbaycanın qəhrəman övladları, hərbçiləri bunu bacardılar və bütün dünyaya xalqımızın əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərdilər. Bu güc, bu iradə 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyən düşməni “Qarabağ Azərbaycandır” deməyə məcbur etdi. .
Dövlət başçısı çıxışında Ermənistanın Qərb havadarlarına ciddi mesajlar verərək deyib ki, onlar Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. 
Prezident İlham Əliyev düşmənin 44 günlük müharibə dövründə də vəhşiliklərindən əl çəkmədiyini, qətliamlar, hərbi cinayətlər törətməkdə davam etdiklərini bir daha xatırladıb: "...“İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın."
Azərbaycanı heç kəs dayandıra bilmədi. Xalq "öldü var, döndü yoxdur" dedi. Sona qədər vuruşduq. Ədaləti, beynəlxalq hüququ bərpa etdik. 
2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı müharibənin taleyini həll etdi. Cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 
Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti döyüş meydanında qələbənin qazanılmasında başlıca rol oynadı: "Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi- ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar". 
2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı separatçılığın kökünü kəsdi. 
"Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır"- deyən dövlət başçısı çıxışında xüsusi vurğulayıb ki, biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. 
Prezident İlham Əlyevin çıxışında ən diqqətçəkən məqamlardan biri də budur ki, bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələri, bəzi Qərb paytaxtlarında oturan islamofobları, azərbaycanofobları Ermənistanı yeni müharibəyə təhrik edənləri sərt şəkildə xəbərdarlıq edib. Rəsmi İrəvana xatıladıb ki, bu fitnəyə getsələr, onları acı sonluq gözləyir.   
Qərbdə Azərbaycana qarşı aparılan geniş, çirkin kampaniya heç bir səmərə verməyəcək. Onların niyyətlərini Azərbaycan xalqı bilir və Ermənistan xalqı da bunu bilməlidir ki, onların düşməni arxasında duran və sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. 
Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində açılan Zəfər parkı göz oxşayır. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. 
Prezident İlham Əliyev bildirib ki, gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф