booked.net

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq"

Aprelin 22-də Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev   BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş tədbirdə iştirakla  bağlı dəvətə görə təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Hydər Əliyev xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndirilir. “Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Rusiya Prezidenti Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur Magistralının tarixində müstəsna, böyük rol oynayıb"
“BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.
Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.
Bilirəm ki, bizim görüşümüzdə Heydər Əlirza oğlu ilə birlikdə çalışanlar da iştirak edirlər. Sizdən xahiş edərdim ki, mütləq xatirələrinizi bölüşəsiniz, Heydər Əlirza oğlunun həyatınızda oynadığı roldan danışasınız.
Onu da əlavə edim ki, Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər,- deyə Rusiya Prezidenti bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bam-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib”
Prezident İlham Əliyev görüş zamanı çıxış edərək vurğulayıb ki, BAM-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib.
Dövlət başçısı bildirib ki, bu, həqiqətən də belədir, onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil. Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, iki dəmir yolu stansiyasını inşa ediblər.
Prezident İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. Ölkə rəhbəri deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.
Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi”.
Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndərin adının verilməsini xatırladıb. “BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.
Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar.
Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirmək istərdim. Ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk”, -deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev bildirdi ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir.
Perspektiv əməkdaşlıq istiqamətindən söz açan ölkə rəhbəri söylədi ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək”.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. 
Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. 
İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.
Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.
Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir.
Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.
Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. 
Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. 
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.




Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф