booked.net

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür


“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” – Ulu Öndər Heydər Əliyev “Azərbaycan” qəzeti, 30 mart 2003 il.

31 MART SOYQIRIMI XÜSUSİ QƏDDARLIĞI İLƏ DİQQƏTİ CƏLB EDİR

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir.
Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Tanınmış türkiyəli tarixçi İsmail Özçelik “Karabağ tarihi ve Karabağda ermeni olayları” əsərində ermənilər tərəfindən Şuşada 16–20 avqust tarixində qanlı toqquşmaların davam etdiyini, rus kazaklarının və rus piyada birliyinin erməni daşnakları ilə birlikdə azərbaycanlı evlərinə basqın etdiklərini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olduqlarını yazır. Ümumiyyətlə, ermənilərin qanlı qırğınları təkcə Yuxarı Qarabağda deyil, 6–9 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan quberniyasında, 25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə öldürülməsi ilə baş vermişdir. 
1918-ci il martın 18-də Şamaxının müsəlmanlar yaşayan hissəsinə də hücum ediblər. Şamaxı şəhərində 13 məscidi, o cümlədən  Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini yandırıblar. Yeri gəlmişkən qeyd edək ki, bolşevik-daşnak qüvvələri ən böyük qırğını da Cümə məscidində törədiblər. Belə ki, şamaxılıların Allah evi kimi məscidə sığındıqlarını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı diri-diri yandırıblar. Şübhəsiz, Şamaxıya hücum, dinc azərbaycanlı əhaliyə- qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı olan milli düşmənçilik hissindən irəli gəlirdi.
Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.
Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Bakı, Şamaxı ilə yanaşı, Quba şəhərinin əhalisinə qarşı da amansız divan tutulmuşdur. Belə ki, Ərzurum ermənisi olan və Türkiyədə saysız-hesabsız türkün qanına əli bulaşmış başkəsən Hamazasp Quba qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı arxiv materiallarında öz təsdiqini tapıb. 
Şaumyan və Korqanovun təşkilatçılığı ilə daşnak Hamazasp dəstələri Quba şəhərində və qəzanın 122 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə yetirmişdilər.
Daşnaklar Azərbaycanın şimal-qərb regionları ilə yanaşı, qərb hissəsini də hədəf götürmüş və etnik təmizləmə siyasətini orada da xüsusi amansızlıqla həyata keçirirdi. Türk ordusunun zərbələrindən qaçan ermənilər, başda generalları- quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar aktlar törətmişdilər. Zəngəzur qəzasında baş verən qırğınlar mart soyqırımlarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq talan edildiyi, əhalinin xeyli hissəsinin qətlə yetirildiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. 1918-ci ildə baş verən mart hadisələri nəticəsində təqribən 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, talançılıq nəticəsində yerli müsəlman əhaliyə dəyəri milyadrlarla ölçülən ziyan dəymişdir.
Beləliklə, hadisələrlə bağlı faktların incələnməsindən görünür ki, heç də Ermənistanın Azərbaycan torpaqlarında yaranması və möhkəmlənməsi birdən-birə başa gəlməyib. Bunun üçün onlar Azərbaycan türklərini, yerli müsəlmanları dəhşətli soyqırımına, talana, terrora məruz qoymuş, yüzminlərlə insan öz ata-baba torpaqlarından qaçqın düşmüş və əhalinin kifayət qədər əhəmiyyətli hissəsi hücumlar nəticəsində öldürülmüşdür.
Azərbaycan ərazilərində erməni dövlətini yaratmaq və “dənizdən-dənizə böyük Ermənistan” qurmaq planları onların terrora haqq qazandıran ideoloqlarının uzun illərdən bəri hazırlaşdıqları plan idi. Bunun üçün etnik təmizləmə vacib idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dövlət xadimlərimizin fəaliyyəti, Osmanlı ordusunun Nuru paşanın başçılığı altında xalqımıza etdikləri qardaş köməyi erməniləri soyqırımı siyasətinin tam həyata keçirməsinin qarşısını aldı.

31 MART SOYQIRIMINA SİYASİ VƏ HÜQUQİ QİYMƏT VERİLMƏSİ ERMƏNİ VƏHŞİLİKLƏRİ HAQQINDA HƏQİQƏTLƏRİN DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASI BAXIMINDAN BÖYÜK ÖNƏM DAŞIYIR

..1918-ci il  soyqırımlarının, ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra mümkün olub. Belə ki,  80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ninyaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” 
 Dövlətimizin başçısı İlham Əliyev 18 yanvar 2018-ci il tarixində  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı ilə dünya ictimaiyyətinin diqqətini bir daha erməni vəhşiliklərinə yönəltdi.   Sənəddə qeyd olunur ki,  erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.
Sərəncamda tariximizin bu səhifələrinə bir daha diqqət yönəldilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.

VƏTƏN MÜHARİBƏSİNDƏ ŞANLI QƏLƏBƏ QAZANAN AZƏRBAYCAN ERMƏNİ VANDALLARINI LAYİQLİ ŞƏKİLDƏ CƏZALANDIRDI

Son 30 ildə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib. Məkrli düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə bir vaxtlar çiçəklənən şəhər və kəndlərimizi, çoxsaylı mədəniyyət abidələrimizi dağıdaraq yerlə-yeksan edib. Ümumiyyətlə, artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanın hərbi birləşmələri heç vaxt Silahlı Qüvvələrimizlə açıq döyüşlərdə hər hansı bir uğura imza atmayıblar. Mənfur düşmən öz niyyətinə çatmaq üçün daim təxribatlara əl atıb, şəhər və kəndləri atəşə tutub, dinc insanları qətlə yetirib. Üstündən 29 il ötən Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. 44 günlük müharibə zamanı isə Ermənistanın hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Biləsuvar kimi yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutub və nəticədə 100-dək dinc sakin həyatını itirib, mülki obyektlərə ciddi ziyan dəyib.
44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrimiz düşmənə öz cavabını bilavasitə döyüş meydanında verirdi. Müharibədə işğalçı dövlətin hərbi birləşmələri tamamilə tar-mar edildi. Düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və bu sənədlə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz geri qaytardı. Beləliklə, Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan erməni vandallarını layiqli şəkildə cəzalandırdı və özünün ərazi bütövlüyünü təmin etdi.


Share
Digər Xəbərlər
Shirvanqazeti.az © 2o1o-2o17 - Все права защищены.
- Создан Турал Расулофф